Muğam ifaçısı hər zaman öyrənməlidir
Gənc
xanəndə Ramiq Bayramovun ən böyük arzusu muğam
müsabiqəsinə qatılmaqdır
Onun ifasına təsadüfən
qulaq asdım, Azərbaycan Radiosunun «Əsgər istəyi»
verilişində. Muğam müsabiqələrini mütəmadi
izlədiyimə görə bu gəncin musiqi
yarışmalarının iştirakçısı
olmadığını bilirdim. Ona görə də insanı
riqqətə gətirən səsin sahibini - Ramiq Bayramovla həmsöhbət
olmaq qərarına gəldim. Bu istedadlı gəncin Azərbaycan
Milli Konservatoriyasında xalq artistləri, sevimli xanəndələr
Mənsum İbrahimov və Aygün Bayramovanın tələbəsi
olduğunu öyrəndim.
Redaksiyamıza dəvətimizi
məmnuniyyətlə qəbul etdi. İlk sualımız isə sənətə
gəlişi ilə bağlı oldu.
Dediyinə görə, hələ uşaqlıqdan xalq mahnılarına, muğama
böyük marağı olub.
Onu harada axtarsalar, radionun qarşısında muğamata
qulaq asan yerdə tapırmışlar. Görkəmli xanəndələr Mütəllim
Mütəllimovun, Yaqub
Məmmədovun, Arif Babayevin və digər sənətkarlarımızın
ifalarını dinləməkdən
yorulmurmuş. Valideynləri
Ramiqin musiqiyə marağının ötəri
hiss olduğunu düşünərək,
ona o qədər də əhəmiyyət verməyiblər: «Muğamata,
xalq musiqisinə, oxumağa olan marağımı məktəbdə
müəllimlərim daha
yaxşı başa düşürdülər. Bizə ədəbiyyat
dərsi deyən Təvəkkül müəllimin
sözə-sənətə çox bağlı insan idi. Onun bir qəzəli var, «Axtar Qarabağda,
gəz Qarabağda» adlı. Bu qəzəli
hazırda xanəndələr
çox ifa edirlər. Təvəkkül
müəllim valideynlərimin
yanına gəldi və onlara dedi ki, bu
uşağın səsi
var, bu səs
Allah vergisidir. Ona dəstək
olun, gedib oxusun. Müəyyən vaxt keçdi
və səsim bir qədər də dəyişib püxtələşdi. Məktəbimizin müxtəlif tədbirlərində,
rayonda keçirilən
konsert proqramlarında
çıxış etməyə
başladım. Bir gün
israrlı xahişlərimdən
sonra anam məni qonşu kənddəki musiqi məktəbinə apardı.
Orada səs şöbəsi olmadığına
görə bir qədər sonra atamla Ağcabədi rayon mərkəzində fəaliyyət
göstərən Üzeyir
Hacıbəyli adına uşaq incəsənət məktəbinə
gəldik».
İstedad, səs Tanrı
vergisi olsa da, istedad sahibinin
tanınması üçün
mütləq dəstək
olmalıdır. Tale bu
baxımdan Ramiqin üzünə gülür
və musiqi məktəbində onun səsinə qulaq asdıqdan sonra məktəbin müəllimi,
rayonun tanınan xanəndə Fazil Heydərov atasına deyir ki, sən
bu uşağı ver bizə, qalanı ilə işin yoxdur. Həmin gündən sonra isə Ramiqin həyatında hər şey dəyişir: «Artıq arzularım çin olmağa başlamışdı.
Muğam
sənətinin sirlərini
öyrənməyə başladım”.
Uğurlar bir-birini əvəz edir...
2005-ci ildə Ramiq İsmayıllı rayonunda
keçirilən «Vətənimiz,
dilimiz, mədəniyyətimiz,
qabiliyyətimiz» adlı
ümumrespublika bədii
qiraət və xalq mahnıları ifaçılarının müsabiqəsində
münsiflər heyətinə
rəhbərlik edən
Xalq artisti Canəli Əkbərovun xeyir-duası ilə uğur qazanır. 2006-cı ildə Astarada keçirilən
3-cü uşaq muğam
festivalında diploma layiq
görülür. Burada ilk dəfə
tanınmış xanəndə
Mənsum İbrahimovla
görüşür.
Nəhayət, 2008-ci ildə Ramiqin
böyük arzusu həyata keçir.
O, Azərbaycan Milli Konservatoriyasının muğam
şöbəsinə qəbul
olunur və Mənsum İbrahimovun sinfində təhsil almağa başlayır. Üç il
ustad xanəndənin sinfində muğam dərsi alan Ramiq sonuncu kursu
Xalq artisti Aygün Bayramovanın sinfində bitirir. Bundan əlavə, görkəmli
xanəndələrimiz Arif
Babayev, Əlibaba Məmmədov, Qəzənfər
Abbasov və başqa müəllimlərdən
də dərs alır.
Bütün bu çalışmalar
öz nəticəsini
verir. 2011-ci ildə Ramiq Bayramov Tehran şəhərində
keçirilən konsert
proqramında çıxış
edir. Bundan sonra mütəmadi
olaraq müxtəlif tədbirlərə, şənliklərə
dəvət alır, hərbi hissələrdə
konsertlərdə tez-tez
konsertlər verir.
Ötən il onun üçün bir uğurla da yadda qalıb. Ramiq Bayramov müstəqilliyimizin
20 illiyi ilə bağlı Üzeyir Hacıbəylinin ev-muzeyində
solo-konsert verib.
Bu il
isə Böyük Britaniyanın OXFAM humanitar
təşkilatının nümayəndəsi
Azərbaycan Milli Konservatoriyasında gənc
xanəndələr arasında
seçim edərkən
Ramiqin ifası onun diqqətini cəlb edir. O, ANS TV-nin səsyazma studiyasında gənc xanəndənin səsini yazdırır və onun «Eurovision»un
reklam çarxında
iştirakını təmin
edir. Buna görə
Ramiqə OXFAM təşkilatının
sertifikatı verilib.
Həmsöhbətimiz
bu il
iyunun 14-dən 25-dək Türkiyənin
Qəbzə şəhərində
keçirilən beynəlxalq
mədəniyyət və
folklor festivalında Azərbaycanı təmsil
edib.
Ramiqin ən böyük
arzusu isə ölkəmizdə keçirilən
muğam müsabiqəsində
iştirak etməkdir.
Müsabiqəyə ciddi hazırlaşdığını
deyən Ramiq bunun üçün öz müəllimi Mənsum İbrahimova müraciət edəcək.
Bundan başqa, digər ustad sənətkarların
dərslərində də
iştirak edəcək.
Deyir ki, muğam ifaçısı
hər zaman öyrənməlidir: “Xalq
tərəfindən sevilən
xanəndə olmaq üçün görkəmli
sənətkarlardan hələ
çox şey öyrənməyəm. İndiyədək həyatda əldə edə bildiklərinə və hələ bundan sonra qazanacaqlarına
görə müəllimlərinə
borcluyam”.
Müəllimi onun gələcəyinə inanır
Ramiq Bayramov haqqında
müəllimi, görkəmli
xanəndəmiz Mənsum
İbrahimovun fikirlərini
də öyrəndik.
Xalq artisti Ramiqlə bağlı böyük ümidlərinin
olduğunu dedi: “Onun səsi muğama çox yatır. Özü də çox
çalışqan və
zəhmətkeşdir. Mən inanıram ki, bu templə getsə, Ramiq muğam sənətində
böyük uğurlar
əldə edəcək.
Mən ona çox ümid bəsləyirəm.
Bir müəllim kimi də hər zaman yanındayam. Bu gün Azərbaycan
dövləti muğamın
inkişafına, gənclərin
bu sahədə özlərini tanıtmasına
gözəl şərait
yaradıb. Ramiqin xanəndə
olmaq imkanları böyükdür. Muğam müsabiqəsinə
qoşulacağı təqdirdə
isə onun uğur qazanacağına inanıram”.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2012.-
17 avqust.- S. 11.