“Həyanım
yollardı, bir də ki
sazım”
XIX-XX əsr ozan-aşıq sənətimizin
xeyli görkəmli qadın nümayəndələri olub. Taleyi
nağıllara, dastanlara çevrilən, ömrünün
ağ günləri barmaqla sayılan, nakam taleli sənətkarlarımızdan
biri də Aşıq Bəstidir.
O, XIX əsrin 30-cu illərində
Kəlbəcər rayonunun Löh kəndində yoxsul ailədə
dünyaya göz açır. Erkən yaşlarından bir
çox fərdi keyfiyyətləri ilə
tay-tuşlarından fərqlənir. Ancaq dövrün məlum
qadağaları elə ilk addımda bu gənc qızın
yolunda maneyə çevrilir. Atası Kərbəlayi
Bayramalı ona təhsil almağı qadağan edir. Lakin o,
savadsız qalsa da, ağıllı-dərrakəli bir gənc
kimi saz-söz sənətkarlarının məclislərində
yaxından iştirak edir. El ədəbiyyatını dərindən
mənimsəyir. Bədahətən şeirlər deyir. Saz
çalmağı öyrənir. 17-18 yaşında ikən
bir çobanı sevir. Ancaq ilk məhəbbəti faciəyə
dönür. Sevdiyi oğlan gözləri qarşısında
bir bəy tərəfindən vəhşicəsinə qətlə
yetirilir. Bəsti qarşılaşdığı mənzərədən
sarsılır. Ancaq əli heç bir yerə çatmır.
Şeirlərində Xançoban adlandırdığı nakam
sevgilisinin intiqamını onu qətlə yetirən bəyləri
ifşa edən, lənətləyən şeirləri ilə
alır:
A bəy, nə gəzirsən hallı-havalı,
Süleyman mülkünün yiyəsi kimi?
Nədəndir
yaxşının başın
kəsməyə
Hazırsan xəncərin tiyəsi
kimi?!
O, dərdini təkcə bayatılarında,
qoşma və gəraylılarında deyil,
həm də telli sazın havacatlarında dilə gətirib. Aşıq Bəstinin əlinə
saz götürüb aşıqlıq etməsi
o dövr üçün
sanki ədəbi hadisə və inqilab olub. Doğrudan da, feodal-patriarxal adət-ənənələrin və dini qadağaların
hökm sürdüyü
bir cəmiyyətdə
qadının aşıqlıq
etməsi o zaman cəsarət tələb
edib. Aşıq Bəstinin şeirləri
onun azad cəmiyyət arzularının
ifadəsi, Azərbaycan
qadınının öz
hüquqları uğrunda
mübarizliyinin, mövcud
qadağalara etirazının
bədii təcəssümü
idi.
O, mükəmməl
təhsil və savad ala bilməsə də, fitri istedad sahibi olub. Məhz buna görə
də fikrini kamil sənətkar və saz-söz xiridarı kimi ifadə edə bilib.
Aşıq Bəsti dövrün
məşhur “Qurban bulağı” ədəbi
məclisinin fəal üzvü kimi tanınıb. Məhz buna
görə də Ağdabanlı Qurbanın
diqqətini çəkib.
O, qoşmalarının birində
Aşıq Bəstinin
el-obada tanınmasını
dilə gətirib:
Bağça
bülbülüsən güllər
eşqinə,
Nəğməlisən
- şirin dillər eşqinə.
Sənətkar
olubsan ellər eşqinə,
Şöhrətin
yayılıb hər yana, Bəsti.
Aşıq Bəsti, o dövrün bəy-xanlarının əmək
adamlarına verdiyi əzab-əziyyəti kəskin
tənqid etməkdən
çəkinmir və
mübarizəsini cəsarətlə
davam etdirirdi. Təsadüfi deyil ki, ozan-aşıq sənətimizin
korifeyi Aşıq Ələsgər Bəstini
“nəğməkar bülbül”
adlandırıb, onun sənətinə yüksək
qiymət verib. Bəlkə də Aşıq Ələsgər və Ağdabanlı Qurbanın
bu şairə xanıma olan hörmətləri onun düşmənlərini başqa
fitnə-fəsadlara əl
atmaqdan çəkindirib.
Zavallı aşıq-şairə el arasında həm də "Kor Bəsti" kimi də tanınıb.
Bu onun yaradıcılığında
da öz əksini tapıb. Nakam məhəbbətini sözlə
ifadə edə bilməyən Bəsti doğma kəndindən ayrılır. Göyçə ellərini və obalarını oymaq-oymaq gəzir, aşıqlıq
edir. Qəlbini didib-parçalayan nakam məhəbbəti qəmli nəğmə kimi dillərə düşür. Sevgilisinin nakam
taleyinə əbədi
yas saxlayır. Ağlamaqdan gözlərinin nurunu itirir. Vaxtsız qocalır. Ancaq qəlbinin,
duyğularının işığında
uzun bir ömür yaşayır.
Aşıq Bəsti şeirlərini
oxuyarkən inana bilmirsən ki, onun heç bir təhsili olmayıb. Ancaq ilhamının və fəhminin gücü ilə bu səviyyəyə
yüksələ bilib:
Bəsti deyər: gözdə qaldı murazım,
Həyanım yollardı, bir
də ki, sazım.
Hələ ki, ellərdən gəlir avazım,
Deyirlər, yaşayır, sağ,
yavaş-yavaş.
Şairə hələ sağ
ikən onun yaşadığı faciəli
sevgi hekayətini əks etdirən “Bəsti və Xançoban” dastanı yaranır. Tez bir zamanda dastanın
qəlb göynədən
qoşmaları qəmli
nəğmə kimi dillərə düşür:
Bu dağlarda neçə Leyli ağlamış,
Bəsti kimi dağı,
daşı dağlamış.
Yaradan bizə nə nişanə saxlamış,
Nə taparam torpağından,
Ərgünəş?
Onun yaradıcılığı ötən əsrin
50-60-cı illərindən ədəbi tədqiqatın
obyektinə çevrilir.
Aşığın ədəbi irsinin
ilk araşdırıcılarından biri filologiya elmləri doktoru, folklorşünas alim Sədnik Paşa Pirsultanlı olub.
1964-cü ildə akademik
Həmid Araslının
nəşr etdirdiyi
"Azərbaycan aşıq
yaradıcılığı"nda, yazıçı Əzizə
Cəfərzadənin "Azərbaycanın
aşıq və şair qadınları"
kitabında, "Kəlbəcər
dünyası: yüz
şairin bir kitabı"nda (tərtib
edənlər A.Cəmil,
M.Nərimanoğlu) və
filologiya elmləri üzrə fəlsəfə
doktoru İlham Məmmədlinin "XX əsr
Kəlbəcər ədəbi
mühiti" monoqrafiyasında
bu barədə geniş məlumatlar verilib. Bütün bunlara baxmayaraq,
Aşıq Bəsti yaradıcılığı hələ
tam tədqiq olunmayıb.
Əldə edilən ədəbi
nümunələr isə
xalqın yaddaşında,
hafizəsində qalanlardır.
Aşıq Bəsti Kəlbəcərdən
gedəndən sonra Göyçə mahalının
Basarkeçər rayonunda
məskunlaşır. Bir müddət orada yaşayır. Yaşlaşdıqca qəlbi doğma yerlər üçün
darıxır. Məhz o, buna
görə də yenidən Kəlbəcərə
dönür. Daşkəsən, Gədəbəy və Samux rayonlarına səfərlər edir.
El məclislərinə, şənliklərinə dəvət
olunur. Dastan danışır, məclislər
yola verir...
Ömrünün ixtiyar çağlarında
bir daha ata yurdunda bardaş
qurub oturur. 1936-cı ildə, təxminən 100 yaşında
dünyasını dəyişir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 17 avqust.- S. 15.