Nizami Gəncəvinin 870 illik
yubileyinə hazırlıq müzakirə olunub
Gəncədə “Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamından
irəli gələn vəzifələrin yerinə yetirilməsi
ilə bağlı şəhər ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə geniş toplantı keçirilib.
Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev sentyabrın
axırında keçiriləcək yubiley tədbirlərinə
hazırlıqla bağlı görülən işləri və
qarşıda duran vəzifələri bir daha diqqətə
çatdırıb. Sonra yubiley komissiyasının sədri,
professor Fuad Əliyevin görülən işlərə dair
hesabatı dinlənilib. Yubileyin tədbirlər planına
uyğun olaraq nizamişünas alim, professor Xəlil Yusifli tərəfindən
“Leyli və Məcnun” poeması əruz vəznində tərcümə
edilib, Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi
ilə Samir Pişnamazzadənin “Nizami Gəncəvi
yaradıcılığında əxilik ideologiyasının
təsiri” adlı monoqrafiyası, Peterburq şərqşünaslığının
tanınmış alimi Əfrasiyab Vəkilovun “Blokadada olan
Leninqradda Nizami yubileyi” kitabı rus dilindən Azərbaycan
dilinə tərcümə olunub, professor Mübariz Yusifovun
“Nizamidə azərbaycançılıq” və Nizami Gəncəvinin
870 illik yubileyi münasibətilə 31 alimin iştirakı ilə
“Gəncə şəhərinin tarixi” adlı kitabları
çap edilib.
Bundan başqa, Avstriya milli
kitabxanasında, Böyük Britaniya kitabxanasında, Saltikov
Şedrin adına Rusiya milli kitabxanasında qorunan “Xəmsə”
əlyazmalarının nüsxələri kitab şəklində
nəşrə hazırlanıb. “Dahi Azərbaycan şairi və
mütəfəkkiri-Nizami Gəncəvi” adlı kitabın və
şairin sözlərinə bəstələnmiş musiqilərdən
ibarət kompakt diskin hazırlanması başa
çatdırılıb.
Bildirilib ki, yaxın vaxtlarda təşkil
olunacaq Nizami Gəncəvi beynəlxalq mərkəzinin nəzdində
nizamişünaslığın əlaqələndirilməsi
məqsədilə dünyanın böyük dövlət və
elm xadimlərinin təmsil olunacaqları himayədarlar
şurası yaradılacaq. Nəzərdə tutulub ki, hər
il Gəncədə şuranın toplantısı
keçirilsin. Yubileyə hazırlıqla bağlı
ayrı-ayrı idarə və təşkilat rəhbərlərinin
də hesabatları dinlənilib.
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 2.