Yeniyetmə ifaçı beynəlxalq festivalda uğurla çıxış edib

 

   Bakı şəhəri G.Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbinin VII sinif şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov və müəllimi Siala Sinamdzqvarişvili Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 16-23 avqust tarixlərində Avstriyanın paytaxtı Vyanada pianoçuların XII Beynəlxalq müsabiqəsində iştirak ediblər.

   Vyana şəhəri rəhbərliyinin sponsorluğu və “Panmusica Austria” Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən müsabiqə çərçivəsində ustad dərsləri də keçirilib.

    Üç yaş qrupu və iki mərhələdə gerçəkləşən müsabiqədə Avstriya, Rusiya, Yaponiya, Koreya, Çin, Monqolustan, Slovakiya, Sloveniya, ABŞ, Ermənistan, Qazaxıstandan ifaçılar iştirak ediblər. A qrupunda (12 yaşadək) ölkəmizi Nəriman Əmiraslanov təmsil edib. Birinci mərhələdən öncə professor Chung Leedən ustad dərsləri alan yeniyetmə pianoçumuz V.A.Motsartın Do minor Sonatasının birinci hissəsini və Lya major Sonatasının üçüncü hissəsini - “Türk marşi”nı ifa edib. Bu mərhələdə uğurla çıxış edən Nəriman yeddi iştirakçı ilə birlikdə ikinci mərhələyə vəsiqə qazanıb. İkinci mərhələyədək daha bir ustad dərsində Nəriman artıq ikinci mərhələnin proqramını ( F.Şopen - Ekspromt lya bemol major, “Etud” lya bemol major, K.Debüssi - “Ay işığı”) təqdim edib.

   Müsabiqənin finalı avqustun 23-də List zalında keçirilib. Kipr, Yaponiya, Argentina Macarıstandan olan münsiflər heyətinin qərarı ilə A qrupunda ikinci mərhələdə çıxış edən yeddi iştirakçıdan - birinci yerə Çin, ikinci yerə Yaponiya nümayəndələri, üçüncü yerə isə Azərbaycanı təmsil edən Nəriman Əmiraslanov layiq görülüb. Qaliblər diplomlar xüsusi hədiyyələrlə təltif olunublar.

 

 

    Mədəniyyət.- 2012.- 29 avqust.- S. 3.