Ölkəmiz ABŞ-da türk mədəniyyət və incəsənət festivalında təmsil olunub

 

   Avqustun 25-26-da Kaliforniyanın Monterey şəhərində Türk Mədəniyyət və İncəsənət Festivalı keçirilib. Festivalda Azərbaycan da təmsil olunub. Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, konsulluğun dəstəyi ilə quraşdırılmış stenddə Azərbaycana dair müxtəlif məlumat kitabçaları, turist xəritələri, suvenirlər və kiçik xalçalar təqdim edilib.

   Mahir kamança ifaçısı İmamyar Həsənovun təqdim etdiyi Azərbaycan musiqi nümunələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

   Üç il Azərbaycanda yaşamış, hazırda Montereydə təhsil alan amerikalı tələbə Mayka Land çıxış edərək Azərbaycanın nailiyyətləri, zəngin tarixi və mədəniyyəti, azərbaycanlıların yüksək qonaqpərvərlik və tolerantlıq ənənələri barədə iştirakçılara ətraflı məlumat verib.

   Azərbaycan stendində qonaqlara nar şirəsi təqdim olunub. Azərbaycandan idxal edilən Kaliforniyanın yüzlərlə dükanında da satışı uğurla həyata keçirilən nar şirəsi festival iştirakçıları tərəfindən çox bəyənilib.

 

 

   Mədəniyyət.- 2012.- 29 avqust.- S. 3.