Maestronun yubileyi qeyd edildi

 

   Avqustun 22-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

   Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova maestronun mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, Prezident İlham Əliyevin “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli sərəncamına uyğun olaraq hazırlanmış tədbirlər planına əsasən muzey tərəfindən bir sıra işlər görülüb, maestroya həsr olunmuş tədbirlər keçirilib, Niyazi arxivinin illüstrasiyalı kataloqu hazırlanaraq çapa verilib. Həmçinin Niyazinin mənzil-muzeyinin bukleti Azərbaycan və rus, “Niyazi muzeyində təsviri sənət əsərləri” adlı açıqca dəsti isə üç dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlanaraq işıq üzü görüb.

   Muzeyin əməkdaşı Xanım Abdinova maestronun Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə verdiyi töhfələrdən söz açdı.

   Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlov, Xalq artisti Canəli Əkbərov və başqaları maestro ilə bağlı xatirələrini bölüşdülər.

   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Niyazinin əsərləri səsləndi. Bəstəkar, Əməkdar incəsənət xadimi Azər Dadaşov Niyazinin xatirəsinə həsr olunmuş kompozisiya təqdim etdi.

   Tədbirdə həmçinin Niyaziyə ithaf edilmiş şeirlər dinlənildi.

 

 

    Mədəniyyət.- 2012.- 29 avqust.- S. 4.