“Özümü
Azərbaycanda xarici diplomat kimi hiss etmirəm”
Müsahibimiz Ukraynanın ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Aleksandr Mişenkodur
- Cənab səfir, Azərbaycanla
Ukrayna arasında münasibətlər tarixi köklərə
malikdir. Münasibətlərimizin bugünkü
səviyyəsini necə dəyərləndirərdiniz?
- Azərbaycanla
Ukrayna arasında hələ sovet dövründə sıx
dostluq münasibətləri, çoxşaxəli əlaqələr
mövcud olub. Müstəqillik illərində
bu münasibətlər geniş inkişaf yolu keçib.
Bu gün Ukrayna ilə Azərbaycanı strateji tərəfdaşlıq
telləri bağlayır, ölkələrimiz regional və
beynəlxalq müstəvidə qarşılıqlı səmərəli
əməkdaşlıq edir. Ölkələrimiz
arasında heç bir zaman hər hansı problem olmayıb.
Odur ki, biz daima irəli baxır, gələcək
əlaqələri necə inkişaf etdirmək haqqında
düşünürük. Siyasi
baxımdan əlaqələrimiz çox gözəldir,
prezidentlərimiz arasında dostluq münasibətləri
mövcuddur. Əgər ölkələr
arasında siyasi münasibətlərin səviyyəsi
yaxşıdırsa, bu, humanitar, mədəni əlaqələrin
inkişafına, yaradıcı kollektivlərin mübadiləsinə
də zəmin yaradır.
- Yeri gəlmişkən, ölkələrimiz
arasında mədəniyyət və incəsənət sahələrində
əməkdaşlıq barədə nə deyə bilərsiniz?
- Bu yaxınlarda Ukraynada Azərbaycan
Mədəniyyəti Günləri keçirildi. Paytaxt Kiyevdə və Odessada təşkil olunan
geniş proqramlı tədbirlər mədəni əlaqələrimizin
bugünkü inkişaf səviyyəsinə bariz nümunədir.
Azərbaycanı incəsənət nümayəndələrindən
ibarət böyük heyət təmsil edirdi. Onsuz da Ukraynada Azərbaycan ədəbi əsərlərini
tanıyırlar. Bu tədbir isə Azərbaycan
mədəniyyətini tanımaq üçün əlavə
imkan oldu. Gələn il isə Azərbaycanda
Ukrayna Mədəniyyəti Günləri keçiriləcək.
Bu kontekstdə hazırda Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi ilə iş aparırıq. Musiqi
sahəsində əlaqələrimiz uğurla inkişaf edir.
Bu yaxınlarda Ukrayna Bəstəkarlar
İttifaqından böyük bir qrup Azərbaycana gəldi.
Onların arasında Ukraynanın
tanınmış incəsənət xadimləri var idi.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə və
ittifaqın üzvləri ilə maraqlı görüşlər
keçirildi. Azərbaycan Simfonik Orkestrinin
ifasında Ukrayna və Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət kompozisiya təqdim olundu.
Bundan başqa, Azərbaycan Bəstəkarlar
İttifaqı ilə birlikdə Ukrayna Bəstəkarlar
İttifaqının «Bravo» simfonik kvartetinin konsertini keçirmişik.
Bu tədbir Ukraynanın müstəqillik əldə
etməsinin 20 illiyi proqramı çərçivəsində
ötən ilin sentyabrında gerçəkləşdi.
Ölkələrimiz
arasında təhsil sahəsində tələbə
mübadiləsi proqramı da mövcuddur. Məsələn,
Bakı Slavyan Universitetində ukrainistika üzrə iki
fakültə fəaliyyət göstərir. 40-dan çox tələbə Ukrayna dilini öyrənir.
Bizim üçün xoşdur ki, ölkənizdə
Ukrayna dilinin tədrisi səviyyəsi çox yüksəkdir.
Bakı Slavyan Universitetində Ukrayna
İnformasiya Mədəniyyət Mərkəzi fəaliyyət
göstərir. Eyni zamanda sevindirici
haldır ki, Ukraynada, Poltava İqtisadiyyat Universitetində də
Azərbaycan Mədəniyyət Mərkəzi mövcuddur.
Kiyevdə daha bir Azərbaycan Mədəniyyət
Mərkəzinin açılması nəzərdə tutulub.
Ukrayna Təhsil Nazirliyi tərəfindən Azərbaycan
mədəniyyətinə böyük diqqət
ayrılır. Tələbələr Azərbaycan
dili ilə yanaşı, onun tarixini, mədəniyyətini və
adət-ənənələrini də öyrənirlər.
Bu eynilə Azərbaycanda da belədir. Mən BSU-da Ukrayna dilini öyrənən tələbələr
qarşısında çıxış edəndə deyirəm
ki, ölkələrimiz arasında mövcud olan çox
möhkəm siyasi və iqtisadi əlaqələr həm də
humanitar və mədəni sahədə münasibətlərin
inkişafına təkan verir.
- Mədəniyyətin hansı sahələrində
əməkdaşlıq üçün böyük imkanlar
görürsünüz?
- Mədəniyyətə daha
geniş aspektdən yanaşaq, qeyd etdiyim kimi, musiqi sahəsində,
sərgilərin təşkilində bir çox tədbirləri
qeyd edə bilərəm. Məsələn,
ötən ilin avqust-sentyabr aylarında Ukraynanın məşhur
fotoqraf-rəssamı Yevgeni Kavtanyuk Bakıda böyük fotosərgi
keçirdi. Azərbaycan rəssamları
da tez-tez Ukraynada belə tədbirlər keçirirlər.
Azərbaycanın Ukraynadakı səfirliyi də
bu mənada çox aktivdir. Ədəbiyyat
sahəsində əlaqələri qeyd edə bilərəm.
Azərbaycan ədiblərinin
əsərləri Ukrayna, ukraynalı müəlliflərin əsərləri
Azərbaycan dilində nəşr edilir. Məsələn,
ötən il Bakı Slavyan Universitetinin dəstəyi
ilə Ukraynan klassik şairi Taras Şevçenkonun əsərləri
Azərbaycan dilində nəşr edildi. Belə
nümunələri çox göstərmək olar. Azərbaycanın Ukraynadakı səfirliyində mənim
həmkarlarım Ukrayna-Azərbaycan lüğəti, həmçinin
danışıq kitabçası hazırlayıblar.
Teatr sahəsində
yaxşı əməkdaşlıq münasibətləri
mövcuddur. Ötən il Bakıda
keçirilən Beynəlxalq Kukla Teatrları Festivalında
Ukraynanı Poltava Kukla Teatrı təmsil etdi. Bu
həm də uşaqların digər ölkə mədəniyyəti
ilə yaxından tanışlığı üçün
böyük fürsət idi. Məsələn,
mənim qızım Bakıda təhsil alır. O, yerli
milli rəqsləri ifa edir və hətta məktəbdə
«Leyli və Məcnun»la bağlı kiçik bir tamaşa da səhnələşdiriblər.
Mən görürəm ki, artıq 8
yaşlı qızım Azərbaycan mahnıları da
oxumağa başlayıb. Əlbəttə,
biz bunu çox gözəl qarşılayırıq. Deməli, əgər bu yaşda olan ukraynalı
uşaq Azərbaycan mədəniyyətinə, ənənələrinə
belə hörmət edirsə, o, siyasətçi, millət vəkili,
diplomat olduqda daha yüksək səviyyəyə çatacaq.
Ukraynada da azərbaycanlı uşaqlar bir
çox tədbirlərdə iştirak edirlər. Bizim ölkəmizdə çox böyük Azərbaycan
diasporu fəaliyyət göstərir. Buradakı
Ukrayna diasporu da fəaldır, onlar səfirliyin keçirdikləri
tədbirlərdə iştirak edirlər.
- Turizm sahəsindəki əlaqələrimizin
perspektivlərini necə görürsünüz? Ümumiyyətlə,
Azərbaycan turizmi haqqında fikirlərinizi eşitmək
maraqlı olardı...
- Bu sahədə də əlaqələrimizin
inkişafına gözəl imkanlar var. Düşünürəm
ki, SSRİ dağıldıqdan sonra ölkələrimiz ikitərəfli
münasibətlərdə yaranmış problemləri müvəffəqiyyətlə
həll edə bildi. İqtisadiyyat, müəssisələr
arasında qırılmış əlaqələr bərpa
olundu. İqtisadiyyatın inkişafı isə
mədəniyyətlə yanaşı, turizmin
inkişafına, turist axınına təkan verir. Məsələn,
ötən il Ukraynanın turizm
potensialını təqdim etmək üçün Bakıda
iki tədbir keçirdik: İyulda Ukraynanın müalicəvi
turizm mərkəzlərinin, sanatoriyalarının
biznes-seminarı baş tutdu. Dekabrda isə
Krım Muxtar Vilayətinin baş naziri, ondan sonra isə
Krımın mədəniyyət və turizm naziri Bakıya gəldi.
Biz burada Krımın böyük təqdimatının
keçirdik. Krımın 30 hoteli azərbaycanlılara
öz xidmətini təklif etdi. Azərbaycan
Hava Yolları ilə əməkdaşlığı
genişləndirdik. Əgər əvvəllər
uçuş təkcə Bakı-Kiyev reysi ilə
keçirilirdisə, indi birbaşa Krıma da aviareyslər
var. Azərbaycandan insanlar Ukraynada müalicə turizminə
maraq göstərirlər. Biz də Ukrayna
turistlərinin Naftalana gəlmək imkanlarını aktiv
şəkildə öyrənirik. Mən
ailəmlə Naftalanda oldum və gördüm ki, mərkəz
sovet dövründən də gözəl olub. Oradakı «Qaşaltı» və «Çinar»
sanatoriyaları bütün beynəlxalq standartlara cavab verir və
çox xoşumuza gəldi. İndi biz Ukraynada elə
bir tərəfdaş axtarırıq ki, o ukraynalıların
Naftalanda müalicələrinin təşkili ilə məşğul
ola bilsin. Naftalan dünyada analoqu
olmayan nadir yerdir. İstərdik ki,
ukraynalılar bura gəlsinlər.
Nabran, Qəbələ
də turistlər üçün maraqlı yerlərdir.
Düşünürəm ki, Qəbələ
gələcəkdə böyük bazaya malik ciddi turizm mərkəzi
olacaq. Onun gözəl təbiəti, beynəlxalq
aeroportu, hotelləri turizmin inkişafından xəbər
verir. Gəncə, Şamaxı, Qusar, Qubanın da
turizmin inkişafı baxımından böyük perspektivi
var. Lakin məsələ ondadır ki, keçmiş sovet
ölkəsi olduğumuzdan insanlarda hələ də bir
kompleks var. Amma insanlar, məsələn, Krıma və ya Nabrana
gələndə görürlər ki, bütün çətinliklər
artıq çoxdan arxada qalıb. Bir sözlə, son 20 il ərzində iqtisadiyyatımızın
inkişafı turizmə də təkan verib. Turizm
iqtisadiyyatın və mədəniyyətin bir hissəsidir.
- Maraqlıdır, Azərbaycana gələnə
qədər ölkəmiz, onun tarixi haqqında nə bilirdiniz
və burada yaşadığınız müddətdə
sizdə hansı təəssürat formalaşıb?
- Azərbaycan mənim diplomat kimi
çalışdığım 5-ci ölkədir. Bəzən insanlar məndən soruşurlar - Azərbaycanda
özümü necə hiss edirəm, insanlara necə münasibət
bəsləyirəm? Cavabında deyirəm
ki, mən özümü Azərbaycanda xarici diplomat kimi hiss
etmirəm. Baxmayaraq ki, mən öz ölkəmi
burada səfir kimi təmsil edirəm, lakin azərbaycanlılar
haqqında «yad xalq» sözünü heç tələffüz
də etmək istəməzdim. Küçədə gəzəndə,
xüsusilə regionlara gedəndə mütləq ölkəmizlə
bağlı insanlara rast gəlirəm: kimisi Ukraynada orduda xidmət
edib, təhsil alıb, kiminsə qohumu Ukraynada yaşayır və
s. Məsələn, mənim atam hərbi xidmətə
Bakıda başlayıb. Kiyevdə də bir
çox ailələrdə Azərbaycanla bağlı nə
isə bir xatirə var.
Əlbəttə, Azərbaycana
gələnə qədər mən Ukrayna Xarici İşlər
Nazirliyində çalışdığımdan ikitərəfli
əlaqələri kurasiya edirdim. O üzdən ölkənizlə
bağlı nəzəri şəkildə geniş məlumatım
var idi. Buraya gəldikdə isə gördüm
ki, Azərbaycanda Ukraynaya və ukraynalılara olduqca xoş
münasibət var. Ona görə mən və ailəm
özümüzü burada evimizdəki kimi hiss edirik.
- Azərbaycan mədəniyyəti,
incəsənəti haqqında şəxsi fikirlərinizi də
bilmək maraqlı olardı...
- Əgər bizim
dirijor Azərbaycan simfonik orkestri və eynilə azərbaycanlı
dirijor Ukrayna simfonik orkestri ilə çıxış edirsə,
artıq bu, əməkdaşlığımızın səviyyəsindən
xəbər verir. Mən böyük məmnuniyyətlə
Azərbaycan Dövlət Filarmoniyasında konsertlərə,
Opera və Balet Teatrında tamaşalara baxmağa gedirəm.
Üzeyir Hacıbəylinin, digər bəstəkarların əsərlərini
maraqla dinləyirəm. Əlbəttə, biz
hamımız Azərbaycanın dünya musiqisinə milli
töhfəsi olan Müslüm Maqomayevi də sevirik. Muğamı isə burada kəşf etdim. Azərbaycan mədəniyyətinin bir elementi olan
xalçalara böyük marağım var. Xalça sənəti
Azərbaycanda dərin ənənəyə malikdir.
Ümumiyyətlə,
adətlərimiz, mədəniyyətlərimiz arasında
böyük oxşarlıq var. Əgər mədəniyyətlərimiz
arasında ziddiyyət olsaydı, qarışıq ailələr
də olmazdı. Ukraynada təhsil alan
azərbaycanlıların bəziləri vətənə
ukraynalı həyat yoldaşı ilə qayıdırlar. Bir
qədər əvvəl yüksək vəzifəli şəxslə
Ukrayna haqqında söhbətim zamanı o mənə dedi ki,
sən niyə mənə Ukrayna haqqında
danışırsan, mənim gəlinim
ukraynalıdır. Ukrayna Xarici İşlər
Nazirliyində çalışan bir ukraynalının
xanımı azərbaycanlıdır. Bir qədər
əvvəl bir övladları da doğulub. Biz belə möhkəm qarışıq ailələrin
olmasına sevinirik. Bir sözlə,
xalqlarımız arasında o qədər yaxın və təbii
əlaqələr var ki, bu əlaqələrə xüsusi təkan
vermək də lazım deyil.
- Yuxarıda
regionlarımızın turizm imkanlarından bəhs etdiniz. Ümumiyyətlə, hansı regionlara, tarixi yerlərə
baş çəkə bilmisiniz?
- Hamıya bəllidir ki, Ukrayna kimi
Azərbaycanın da qədim tarixi var. Mən İçərişəhərdə,
Şamaxıda olduğum zaman bunun bir daha şahidi oldum. Hətta bu barədə çoxlu oxumuşam. Bilirəm ki, Azərbaycanda sənətkarlıq,
memarlıq hələ qədim dövrdən inkişaf edib.
Atəşgah məbədi də gözəl məkandır.
Naxçıvan haqqında çox
eşitmişəm, onu görmək üçün sentyabrın
əvvəlində bu şəhərə səfər edəcəyəm.
Orduda xidmət edərkən Culfadan azərbaycanlı
dostlarım var idi. Buraya gəldikdə 27
ildən sonra onların üçünü tapdım. Hələlik ölkənizin cənubunda
olmamışam. Naxçıvandan sonra
Şəki və Zaqatalaya, sonra da cənub bölgəsinə
getməyi planlaşdırıram. Düşünürəm
ki, Azərbaycanı gəzmək və öyrənmək
üçün hələ vaxtım var.
Mehparə
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 5.