O hər bahar
“Bənövşələr üşüyəndə”
xatırlanacaq
Mirvarid Dilbazi - 100
Avqustun 19-da Azərbaycan
poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 ili
tamam oldu
Mirvarid Dilbazi uzun bir
ömür yaşadı.
Ağlı-qaralı, enişli-yoxuşlu,
daşlı-kəsəkli... Ancaq ömrünün bir gününü də ümidsiz, arzusuz, işıqsız yaşamadı. Bu işıq
indi şeirlərindən
oxucuların qəlbinə
süzülür, könülləri
sevindirir, ruhları oxşayır, onu unudulmağa, bizdən uzaqlaşmağa qoymur.
Dilbazilər soyadının tarixi
Dilbazilər soyadı Nadir
şahla bağlıdır.
Bu söz Molla Alıya deyilib: “Əcəb dilbaz əst”. Mənası:
"əcəb ürəkli
adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa
"Şair" təxəllüsü
ilə ədəbiyyat
tariximizdə iz qoyub. F.Köçərlinin
"Azərbaycan ədəbiyyatı"
kitabında Əbdürrəhman
ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın
ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə
alınıb.
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr
üstə göz yaşları" xatirələr
kitabında yazır:
"XIX yüzilliyin axırına
qədər nəslimizi
ziyalı-mülkədar nəsli
təmsil etmişdir. Ziyalı nəsli təmsil edənlərin ölümündən sonra
nəsildə bir boşluq əmələ gəlib. Hacı Rəhim ağa Vəhidinin oğlanları,
qızı bu boşluğu doldursalar da, yenə də
azlıq edib.
Nəslimizdə müdrik,
xalq hörməti qazanmış, Tiflisdə,
Gəncədə mötəbər
sayılan, çoxsaylı
ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim
ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum
adlı-sanlı, səxavətli,
xeyirxah yaşlı nəsli təmsil edən insanlar yetişmişdi. Cavan atam da əmizadələrinin
xeyirxah duyğuları
ilə tərbiyələnib,
inkişafa can atırdı.
Sinfi mənsubiyyətlərinə
görə, rast gəldikləri məhrumiyyətlərə,
maneələrə baxmayaraq,
nəslimizdən üçkənd
təsərrüfatı elmləri
namizədi - Hacı Dilbazi, Xanım Dilbazi (millət vəkili Arif Rəhimzadənin anası),
Rəşid Dilbazi, tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir Xalq Aktrisası
- Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət qocalmır",
"Ağ yasəmənlər"
povestlərinin müəllifi
Yaqut Dilbazi çıxmışdır".
Mirvarid Dilbazi 1912-ci il avqust ayının
19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.
Atasını erkən yaşlarından itirən
Mirvarid Daş Salahlıda babası
Mustafa ağanın mülkündə,
Damcılının, Göyəzənin
ətəklərində, Qazaxın
ulu yurd yerləri olan Dilican yaylaqlarında böyüyür. Böyüdüyü
mühit onun bütöv və tutumlu bir şəxsiyyət
kimi formalaşmasında
mühüm rol oynayır.
O, ilk təhsilini Daş Salahlıdakı Heydər
əfəndinin ibtidai
məktəbində alır.
1920-ci ildə isə Mədinə xanım Qiyasbəyli onu başqa yeniyetmə qızlarla bərabər Bakıya - darülmüəllimata
gətirir.
"Bizim müəllimlərimiz"
Mirvarid Dilbazi seminariya ilə bağlı xatirələrində
G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə,
A.Musaxanlı kimi tanınmış müəllimlərlə
bağlı "Bizim
müəllimlərimiz" yazısında yazır: “Müəllimlərimiz namuslu,
vüqarlı, qeyrət
məktəbi bitirmiş
ziyalı vətənpərvərlər
idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü.
Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi.
Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə
gəlirdi. Hamımız
onların başına
toplaşırdıq. Doktor
bizə şeir əzbərlədirdi, nəğmə
oxutdururdu, dərslərimizi
yoxlayırdı. Hər
dəfə bizə keçmişdən, gələcəkdən
maraqlı söhbətlər
edirdi. Xüsusilə gələcək haqqında
elə şirin danışırdı ki,
biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq
istəyirdik. Nərimanov
özü də buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir,
ona sığınırdıq.
Məktəbimizdən gedəndə
isə yaman darıxırdıq. Doktor
Nərimanov bizim üçün dünyanın
ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi.
Bir axşam yenə məktəbin çıraqları yandı,
böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq.
O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış.
1925-ci ildə Nərimanovun
ölüm xəbərini
eşitdik...”
“İlk bahar”
Mirvarid Dilbazi qızlar seminariyasını
bitirəndən sonra Biləcəridəki onillik
dəmiryol məktəbində
çalışaraq bacarıqlı
müəllim kimi tanınır. 1928-ci ildə
şəhərə - Zavokzalnı
küçəsindəki rus
məktəbinə dəyişilsə
də, ali təhsil almaq arzusu ilə yaşayır. İllər
sonra "Bənövşələr
üstündə göz
yaşları" kitabında
şairə belə yazacaqdı: “1929-cu ildə
Ali Pedaqoji İnstitutun
ədəbiyyat-ictimaiyyat fakültəsinə
daxil oldum. S.Rəhman, C.Xəndan, M.Rahim də burada oxuyurdular. Müəllimlərdən Ə.Nazim,
Ə.Sultanlı, B.Çobanzadə
yadımdadır. Əli
Sultanlının Qərb,
Əli Nazimin proletar ədəbiyyatından
dərs dedikləri yadımdadır”.
1932-ci ildə ali məktəbi
bitirən Mirvarid Dilbazi Qubaya göndərilir. İki il Quba Partiya
Məktəbində çalışdıqdan
sonra Bakıya qayıdır. "Şərq
qadını" jurnalında
ədəbi işçi
kimi fəaliyyət göstərir. Bundan sonra 4 il (1934-1938) Dövlət Muzeyində baş elmi işçi
və şöbə
müdiri işləyir.
Bir neçə ay Moskvada ədəbi kurslarda olması onun sənət, dünya ədəbiyyatı
haqqında məlumatını
genişləndirir. Nəhayət,
muzeydəki işdən
çıxıb bədii
yaradıcılıqla məşğul
olur.
Mirvarid Dilbazinin "Qadınların hüriyyəti"
adlı ilk şeiri
1927-ci ildə "Oktyabr
alovları" adlı
məcmuədə dərc
edilir. Bu dərgidə
şairənin 20-ci illərinin
axırlarında yazdığı,
Azərbaycan qadınlarının
yeni həyat yollarını tərənnüm
edən "Zəhra",
"Qurtuluş", "Qadın"
kimi şeirləri də dərc olunur.
Mirvarid Dilbazinin müharibəyə qədər
iki kitabı -
1934-cü ildə “Bizim
səsimiz” və
1937-ci ildə “İlk
bahar” kitabları işıq üzü görür.
“Bənövşələr
üşüyəndə”
Böyük Vətən müharibəsi (1941-1945) illərində,
bir çox sənətkarlarımız kimi,
M.Dilbazi yaradıcılığında
da vətəni müdafiə mövzusu əsas yer tutur.
Bu illərdə şairənin
yeddi kitabı- “Döyüş mahnıları”,
“Kamal”, “Ağarzayev”,
“Neft”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladlarına”, “Xatirələr”
kitabları işıq
üzü görür.
Bu kitabların altısı
Vətən müharibəsinə
həsr edilib.
Həyatda olduğu kimi, şeirlərində də sadə, səmimi olan Mirvarid Dilbazi bütün könlünü
sözə vermişdi.
O, qələmi ilə
həyatın lövhələrini
yaradırdı:
Süfrəmi sadə görsən,
Utanma nemətlərin
Azlığı-çoxluğundan.
Sənin nə xəbərin var,
Qələm sahiblərinin
Mənəvi toxluğundan.
Mirvarid Dilbazi 1945-ci ildə "Məhsəti",
1961-ci ildə "Əlcəzairli
qız", 1972-ci ildə
"Partizan Aliyə"
poemalarını qələmə
alır.
“Sənətkarın xəyalı”,
"Seçilmiş şerlər"
, “Məhəbbət bizimlə
qoşa doğulur”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr
üşüyəndə”, “Ana qanadı” (şeirlər, poemalar və hekayələr),”Yasəmən
fəsli”, “Dağ çiçəyi”, “Seçilmiş
əsərləri” (üç
cilddə), “Qar çiçəkləri” (şeirlər,
poemalar, pyeslər), “Durnalar ötüşəndə”,
“Çiçəkdən-çiçəyə”
kitabları isə sonrakı illərdə işıq üzü görür.
Dörd divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə sıxıntı,
Kədər.
Sabahı gözləyən
ümidlər...
Sabahım da bu günümə bənzəsə əgər?..
Mirvarid Dilbazi yaradıcılığında uşaqları da unutmayıb. Onun qələmə aldığı
“Nağıllar”, “Şeirlər”,
“Kiçik dostlarıma”,
“Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları” uşaq dünyasını əks
etdirən qiymətli kitablardandır.
Bəstəkarlardan Fikrət
Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Şəfiqə
Axundova, Ağabacı
Rzayeva və başqaları Mirvarid Dilbazinin sözlərinə
bir çox mahnı, romans və oratoriyalar bəstələmişlər. Şairin
əsərləri xarici
dillərə tərcümə
olunub. Öz növbəsində Mirvarid
xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini,
Evripidin "İppolit"
faciəsini dilimizə
çevirib.
Sovet dövründə “Şərəf nişanı”,
“Qırmızı əmək
bayrağı” ordenləri,
müstəqil Azərbaycanın
“İstiqlal” ordeni, medallarla təltif olunan şairə 2001-ci il iyulun 12-də vəfat edib.
Ağrılı-acılı həyat
yolu keçmiş Xalq şairi bütün varlığı
ilə Vətənə,
elə, obaya bağlı idi. Vaxtilə Ağdamın Gülablı obasında dincəlmiş Mirvarid xanıma sonralar qızlar bahar ərməğanı kimi
bənövşə göndərir.
Bu bənövşələr onu xeyli təsirləndirir,
xatirələrində bu
barədə belə yazırdı: “Bənövşələr
üstə ilk göz
yaşlarım altı
yaşımda, bu göz yaşlarım isə 80 yaşımda töküldü..."
Təranə Vahid
Mədəniyyət.- 2012.- 29
avqust.- S. 6.