Xalq şairinin yubileyi qeyd olunub
Xalq şairi Mirvarid Dilbazinin anadan
olmasının 100 illik yubileyinin qeyd olunması ilə
bağlı Prezident İlham Əliyevin 2012-ci il 16 may tarixli sərəncamına
uyğun olaraq bölgələrdə müxtəlif tədbirlər
keçirilir.
Yevlax Şəhər Mərkəzi
Kitabxanasında keçirilən tədbirdə həssas qəlbli
şairin həyat və yaradıcılığından
geniş bəhs edilib. Şairin
yaradıcılığında Vətən sevgisi, uşaq aləmi,
gəncliyin mənəvi dünyası, ana və övlad məhəbbəti
ilə bağlı mövzuların geniş yer
aldığı vurğulanıb. Bildirilib ki, M.Dilbazinin
yaradıcılığı XX əsr Azərbaycan
poeziyasının ən parlaq səhifələrindən birini
təşkil edir. Onun ədəbiyyatımıza bəxş
etdiyi poeziya nümunələri heç zaman öz təravətini
itirməyəcək. Sonda məktəblilər şairin
şeirlərini səsləndiriblər.
* * *
Bərdə Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemində “Vətənpərvər şair” adlı
kitab sərgisi keçirilib, “Mirvarid Dilbazi-100” kartotekası,
“Vətənpərvər və mübariz ruhlu şair”
adlı biblioqrafik icmal tərtib edilib.
Uşaq kitabxanasında M.Dilbazinin əsərlərindən
ibarət sərgi və şeirlərinin qiraəti, filial
kitabxanalarda kitab sərgiləri, “Məhsəti ruhlu şair”,
“Xalq məhəbbəti qazanmış şair”, “Mirvarid
Dilbazi-100” və sair ədəbi-bədii gecələr təşkil
olunub.
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 6.