İsmayıllı - qalalar
diyarı
Böyük Qafqazın cənub
ətəklərində yerləşən
İsmayıllı rayonu
ərazisində tariximizin
qədim dövrlərinin
izləri qalmaqdadır.
Burada yurd yerlərindən tapılan daş çapacaqlar, bıçaqlar,
nizə və ox ucluqları, məişət
əşyaları ərazidə
hələ daş dövründə insanların
yaşadığını sübut edir. İsmayıllı rayonunda qalalar
da çoxdur. Təsadüfi deyil ki, bölgəni qalalar diyarı da adlandırırlar.
Cavanşir qalası
Qədim Azərbaycan dövləti
olan Qafqaz Albaniyasının hökmdarı,
məşhur sərkərdə
Cavanşirin (642-681) adı
ilə bağlı olan qala rayonun
Talıstan kəndindən
4 km şimalda, Ağçayın
sağ sahilində yerləşir. Tikili əsas
hissə və İçqaladan ibarətdir.
Əsas hissənin cənub divarlarının qalınlığı
2, hündürlüyü isə
10 metrdən çoxdur.
İçqala dağın ən
hündür yerində
tikilib. İlk orta əsrlərə
aid möhtəşəm müdafiə
sistemidir. Buradan 7 km məsafədə
yerləşən Qız
qalasınadək gizli
yeraltı tunel yol olub. Zaman keçdikcə tunel uçub dağılsa da, bəzi hissələr
indiyədək durur.
Qala ərazisindəki şəlalə
də turistlər üçün cəlbedici
yerdir.
On əsrlik Qız qalası
XI-XII əsrlərə
aid edilən Qız qalası rayonun Xanagah kəndi yaxınlığında, Axox
çayının sahilində,
İsmayıllı Dövlət
Yasaqlığının ərazisində
yerləşir. Axox çayının
sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş
dağın üstündə
tikilmiş müdafiə
istehkamıdır. Sahəsi
1,5 hektardır. Qalaya giriş yolunun üstündəki dərənin boğazında
uzunluğu 26,6, eni 1,3, hündürlüyü
isə 7,7 metr olan sədd var. Divarları daşdandır.
Bəzi yerləri kərpiclə üzlənib.
Qalaya gedən yolun
üstündə “Qız
qalası” istirahət
mərkəzi yerləşir.
Mərkəzədək yolu avtomobillə
qət etmək olar. Oradan qalaya qədər
təxminən 1 kilometr
məsafəni isə
piyada qalxmaq lazımdır.
Fit qalası
Qalanın adı hündürlüyü
dəniz səviyyəsindən
1810 metr yüksəklikdə
yerləşən Fit dağının
adından götürülüb.
Hərbi,
strateji əhəmiyyətə
malik qala Şirvan hökmdarlarının
iqamətgahı olub.
Şamaxı xanı Mustafa işğalçı
rus sərkərdəsi
Sisianova qarşı mübarizədə Fit qalasından
sığınacaq kimi
istifadə edib.
Qalaya getmək üçün
Sulut kəndi yaxınlığındakı Haramçayın
yatağından piyada
və ya atla dik qalxmaq
lazımdır. Qala yaxınlığında
daşdan müdafiə
səddi çəkilib.
Ətrafda orta əsrlərə
aid tikili qalıqları,
hamam yeri, meydançalar var. Qalanın
XVIII əsrdə tikildiyi
güman edilir. Hazırda Fit dağının
şərq yamacında,
Haramçaydan 250-300 metr
yüksəklikdə iri
daşlardan tikilmiş
sədd qalmaqdadır.
Girdiman, Niyal - tarixin izləri
VII əsrə
aid edilən Girdiman qalası Qafqaz Albaniyasının ən möhkəm istehkamlarından
biri olub. Rayon mərkəzindən 37 kilometr şərqdə, Girdiman çayının
sol sahilində yerləşir.
Niyal qalasının da Qafqaz Albaniyası dövründə tikildiyi
mənbələrdə qeyd
olunur. Uzun bir dövr ərzində yaşayış
yeri kimi istifadə olunan qalanın xarabalıqları
indi də varlığını qoruyur.
Niyal dağı dəvə belinə oxşar 9 yaldan ibarətdir. Bu yal silsiləsi
dəvə karvanını
xatırladır. Yeri gəlmişkən,
yaxınlıqdakı Lahıc
qəsəbəsinin simvollarından
biri Niyal dağıdır. Qəsəbə ətrafında çay dərələri boyu atla gəzinti zamanı bir çox tarixi abidələrlə qarşılaşmaq
olar.
Qalalara ekskursiyalar təşkil olunur
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Azər Abbasov deyir ki, ərazidə
olan qalalar bölgənin qədim tarixindən xəbər verir. İlin müəyyən günlərində
qalalara ekskursiya və yürüşlər
təşkil edilir: “İlin müxtəlif günləri İsmayıllıda
qalalar günü kimi qeyd olunur.
Əlamətdar günlərdə, məsələn, mayın
10-da - ümummilli liderin
doğum günündə,
26 iyun - Silahlı Qüvvələr Günündə
qalalardan birinə ekskursiyalar təşkil edirik. Ekskursiyalar zamanı müxtəlif
əyləncəli proqramlar
təşkil olunur.
Gənclər isə qalaların
zirvəsinə yürüş
edirlər”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 8.