Bölgələrdə
arxeoloji qazıntılar davam
edir
Bu il Azərbaycan ərazisində
arxeoloji qazıntılar əksər bölgələri əhatə
edir. Bu barədə məlumat verən AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf
Müseyiblinin sözlərinə görə, aprel ayından
başlayaraq davam edən qazıntılar zamanı onlarla
maraqlı maddi-mədəniyyət nümunələri
aşkar olunub ki, bu da müxtəlif tarixi dövrlərin ətraflı
tədqiqinə imkan verir. Builki tədqiqatlara oktyabrın
sonu-noyabrın əvvəllərində yekun vurulacaq. Son
günlərdə isə daha bir neçə bölgədə
yeni maddi-mədəniyyət nümunələri
aşkarlanıb.
* * *
AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tarix
elmləri üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi
ilə Şamaxıda Gülüstan qalasında tədqiqat
işlərini davam etdirir. Son tədqiqatlar zamanı qalaya gələn
su xətti aşkar edilib, saray hamamının qalıqları
üzə çıxarılıb. Bundan başqa, çoxlu
sayda Şamaxı, Gülüstan, Qəbələ, Şabran,
Gəncə və Təbrizdə zərb edilmiş
gümüş və mis sikkələr, Azərbaycan,
Çin, Mərkəzi Asiya, İran və Avropada istehsal
edilmiş saxsı məmulatı, bəzək əşyaları
tapılıb.
* * *
Naxçıvan Muxtar
Respublikasının Kəngərli rayonunun Şahtaxtı qədim
yaşayış yerində aparılan tədqiqatlar zamanı
eneolit (mis-daş dövrü) dövrünə aid yeni
arxeoloji nümunələr aşkarlanıb. Bu barədə məlumat
verən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji
ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev son
qazıntılar zamanı ərazidə 41 sm
hündürlüyü olan eneolit dövrü təbəqəsinin
tapıldığını bildirib. Lakin ərazidə qrunt
suyu çıxdığından keramika qırıqları və
tikinti qalıqlarından ibarət yeni eneolit dövrü təbəqəsini
sonadək tədqiq etmək mümkün olmayıb. Ərazidə
arxeoloji qazıntılar davam etdirilir.
* * *
Ağdam rayonunun işğal
altında olmayan ərazisində, Mirəşelli kəndi
yaxınlığındakı “Palıdlı” nekropolunda
aparılan qazıntı zamanı yeni tarixi arxeoloji nümunələr
aşkarlanıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət
Cəfərovun rəhbərliyi ilə aparılan
qazıntılar zamanı ərazidə e.ə. XII-XI əsrlərə
aid daha beş torpaq qəbir tapılıb. Qəbirlərdən
30-a qədər saxsı qab, küp, sərnic, bardaq, cam, nehrə,
qadın skeletlərinin üzərindən bəzək əşyaları
(qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq,
şüşə və tuncdan muncuqlar) aşkar edilib.
Arxeoloji tədqiqatlar Qarabağ tarixinin öyrənilməsi
baxımından çox əhəmiyyətlidir.
* * *
Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının
Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat
işləri zamanı orta əsrlərə aid qədim tarixi
abidələr və qədim şəhərin
qalıqları aşkar edilib. İnstitutun şöbə
müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov
bildirib ki, qazıntılar zamanı Çöl Ağdam
qalası, İçəri Ağdam qalası, orta əsrlər
Şəhriyar şəhərinin qalıqları, rayonun
İsmətli və Səmədabad kəndlərində orta əsr
yaşayış yerləri və kurqan aşkarlanıb.
İndiyədək Şəhriyar
şəhəri haqqında məlumatlar olsa da, bununla
bağlı arxeoloji qazıntılar aparılmayıb. Qədim
şəhər və tarixi abidələrlə bağlı
yeni tapıntılar Biləsuvar Tarix-Diyarşünaslıq
Muzeyinə təhvil verilib.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 8.