“Azərbaycan
bizim doğma
diyarımızdır”
Azərbaycanın polietnik mənzərəsinə
xüsusi rəng qatan, respublikamızın ictimai-siyasi və mədəni
həyatında fəal rol oynayan icmalardan biri də Ahıska
türkləridir. Ötən əsrin 40-cı illərində
indiki Gürcüstan ərazisindəki tarixi yurdlarından didərgin
salınan, sovet diktatoru Stalinin əmri ilə Orta Asiyaya
sürgün edilən Ahıska türkləri üzləşdikləri
məşəqqətlərə, dözülməz həyat
şəraitinə rəğmən milli özəlliklərini,
mədəni irs və etnoqrafik xüsusiyyətlərini, adət-ənənələrini
qoruyub saxlamışlar.
Diktatorun ölümündən sonra deportasiya taleyi yaşamış bir çox xalqlar doğma torpaqlarına dönmək imkanı qazansalar da, Ahıska türklərinin Gürcüstana - ata vətən Türkiyə ilə sərhəddəki yurd yerlərinə qayıtması mümkün olmadı. O zaman onların bir qismi qardaş xalqa və ölkəyə - Azərbaycana üz tutdu. 50-ci illərin sonu - 60-cı illərin əvvəlində respublikamızda Ahıska türklərinin icması təşəkkül tapdı. 80-ci illərin sonunda sovet imperiyasının süqutunu nümayiş etdirən etnik toqquşmalar, lokal münaqişələr Mərkəzi Asiyanı - Ahıska türklərinin kompakt yaşadıqları Özbəkistan (Fərqanə) və Qırğızıstanda (Oş vilayəti) da baş qaldıranda yenə ilk pənah gətiriləsi yer Azərbaycan oldu. Həmin olaylarda 50 minə yaxın Ahıska türkü respublikamıza gəldi.
Bu gün Azərbaycanda yaşayan Ahıska türklərinin sayı 70 minə yaxındır. Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna və digər respublikalarda Ahıska türklərinin icması var. Ahıskalıların yaşadıqları bütün ölkələrdə «Vətən» cəmiyyətləri fəaliyyət göstərir. Respublikamızda geniş icma şəklində təşəkkül tapan qardaş xalq özünə doğma bildikləri ölkədə mehribanlıq şəraitində yaşamaqla yanaşı, mədəni təsisatlarını, musiqi qruplarını, teatrlarını formalaşdırmış, zəngin folkloru, aşıq sənəti, mətbəxləri ilə Azərbaycanın mədəni mənzərəsini daha da rövnəqləndirmişdir.
Deportasiyadan sonra
Azərbaycandakı Ahıska türklərinin «Vətən» cəmiyyəti qeyri-rəsmi şəkildə 50-ci illərin sonunda yaranıb. 1993-cü ildə isə təşkilat rəsmi şəkildə dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Qurumun yeni sədri İbrahim Məmmədov 2012-ci ilin martında ictimai birliyin 8-ci qurultayında bu vəzifəyə seçilib.
Bizimlə söhbət əsnasında Ahıska türklərinin Azərbaycanda məskunlaşması tarixindən söz açan həmsöhbətim bu ölkəni heç vaxt özlərinə yad məmləkət saymadıqlarını vurğuladı. Məhz buna görə də deportasiya zülmü zəifləyəndən sonra onlar dil, din, mədəni bağları müştərək tarixə malik olduqları, həmçinin doğma yurd yerlərinə yaxınlıqda yerləşən Azərbaycanda məskunlaşmaq qərarına gəliblər: “1944-cü ildə sovet diktatoru, türk xalqlarının düşməni Stalinin əmri ilə Krım türkləri, balkarlar, qaraçaylar kimi Ahıska türkləri də öz vətənlərindən, Gürcüstanın Ahıska mahalından didərgin salınaraq, Orta Asiyaya sürgün edildilər. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Ahıska türkü həlak oldu, xalqımız bütün siyasi hüquqlardan məhrum edildi. Bütün bunlar azmış kimi Ahıska türklərinin həyatında ikinci bir faciə 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində baş verdi. Ahıska türkləri yenidən dünyanın müxtəlif yerlərinə səpələndilər. Ən böyük axın Azərbaycana oldu. Azərbaycan hələ Stalinin ölümündən az sonra, 1950-ci illərin sonlarında öz qucağını doğma soydaşlarına açmış, onları bərəkətli torpağı olan Saatlıda, Sabirabadda, Beyləqanda, Xaçmazda, Qubada, Qazaxda, Şamaxıda və digər bölgələrdə yerləşdirmişdi”.
Həmsöhbətimin sözlərinə görə, hazırda Azərbaycanın 32 rayonunda Ahıska türkləri yaşayır. Amma onlar kompakt şəkildə Saatlı, Sabirabad, Quba, Xaçmaz, Beyləqan, Gəncədə məskunlaşıblar. Bu əməksevər, mərd, doğru-dürüst, səmimi xalq türk kimliyini qoruyub saxlaya bilmiş, yaşadıqları bölgələri gülüstana çevirmişlər.
“Özümüzü doğma torpaqda hiss edirik”
«Vətən»
cəmiyyətinin fəaliyyətindən
danışan İ.Məmmədov
bildirdi ki, əvvəllər qurum Mesxeti türklərinin «Vətən» cəmiyyəti
adı altında fəaliyyət göstərirdi.
Lakin sonra cəmiyyətin adı dəyişdirilərək Ahıska
türklərinin “Vətən”
İctimai Birliyi adlandırıldı: “Çünki
bizi Mesxeti (Gürcüstanın Mesxeti
bölgəsinin adı
ilə - red.) türkü, yəni gürcüdən dönmə
müsəlmanlar kimi qələmə verirdilər.
Amma biz heç vaxt bunu qəbul etməmişik».
Azərbaycan xalqı ilə çoxdan qaynayıb-qarışdıqlarını
da deyən icma rəhbəri, özlərini vətənlərində,
öz evlərindəki
kimi hiss etdiklərini vurğulamaqla yanaşı,
buna nümunələr
də göstərdi:
“Burada özümüzü
doğma torpaqda hiss edirik. Məskunlaşdığımız kəndlərdə azərbaycanlılarla çox
mehriban yaşayırıq.
Artıq
bir-birimizə qaynayıb-qarışmışıq.
Azərbaycanlılarla qız verib,
qız alır, qohum oluruq. Bu üzdən istər
Bakıda, istərsə
də rayonlarda çoxlu qarışıq
ailələr yaşayır.
Bizim sürgündən ötən
68 ildə ən böyük arzumuz doğma yurd yerlərinə qayıtmaq
olub. Buna görə də təşkilatımız “Vətən”
adlanır. Amma bu o
demək deyil ki, Azərbaycanı özümüzə doğma
saymırıq. Azərbaycan bizim
doğma diyarımızdır.
Amma buna baxmayaraq, vətən vətəndir.
Ona görə də istəyirik ki, öz torpağımıza
qayıdaq».
Onu da qeyd edək ki, Gürcüstanın
Avropa Şurası qarşısında götürdüyü
öhdəliklərdən biri
də Ahıska türklərinin tarixi yurd yerlərinə qayıdışını təmin
etməklə bağlıdır.
Lakin hələlik bu proses çox
ləng gedir. Əsas səbəb isə budur ki, Ahıska
türklərinin deportasiyasından
sonra onların yurd yerlərində (əsas etibarilə Axalsix, Adıgen rayonları) ermənilər
məskunlaşıblar. Gürcüstan hökuməti geri
qayıdan türkləri
respublikanın başqa
yerlərində yerləşdirmək
fikrindədir, lakin onlar öz tarixi
yurd yerlərinə qayıtmaq istəyirlər.
Ahıska türklərinin adət-ənənələrinin
yerli xalqla eyni olduğunu deyən həmsöhbətim
bu ənənələri
hətta sovet dövründə də qoruduqlarını bildirir:
“Xüsusilə toy adətlərini
olduğu kimi saxlamışıq. Bizdə toyda gəlini bəy evinə atın üzərində
başı örtülü
gətirərdilər. Bu adətə bu
gündə əməl
edilir. Bizdə gəlinlər xüsusi
gəlinlik geyimində
deyil, milli geyimdə olurlar. Bayramlarımıza gəlincə,
bir qədər hazırlanan yeməklərdə
fərq ola
bilər. Məsələn, bizdə xəmirdən
«Qətmər» adlanan yemək hazırlanır.
Onu qat-qat yayıb yağlayır, sonra sacda bişirirlər.
Qətmərin özəlliyi ondadır
ki, onu yalnız
Ahıska türkləri
hazırlayır. Bundan başqa,
biz «Mantı» adlı yemək hazırlayırıq,
xəngəli isə fərqli bişiririk.
70 ildir ki,
biz vətəndən kənarda,
sürgünlərdə ömür
sürürük. Türkdilli dövlətlərdən
savayı, Rusiyanın
Stavropol, Krasnodar, Rostov, Volqoqrad, Kabarda-Balkariya bölgələrində,
Ukraynada Ahıska türkləri yaşayır.
Hətta
Amerikada 13 minə yaxın ahıskalı
var. Lakin harada yaşamağımızdan asılı
olmayaraq, adət-ənənələrimizi
60-70 il bundan əvvəl olduğu kimi qoruyuruq”.
«Adıgün»
Ahıska türklərinin ölkəmizdə mədəniyyət
təsisatları arasında
«Adıgün» folklor kollektivinin xüsusi yeri var. Ansambl hələ sovet dövründə geniş
tanınıb. 1979-cu ildən fəaliyyət göstərən kollektiv
nəinki respublika daxilində, hətta respublikadan kənarda da konsert proqramları
ilə çıxış
edib. 1985-ci ildə Moskvada folklor kollektivlərinin baxış - müsabiqəsində
diplom qazanıb.
Ansambl Saatlı rayonunda
yaşayan Ahıska türklərindən ibarətdir.
Qrupun rəhbəri Yaşar Uluşanov 1995-ci ildə Mədəniyyət və
İncəsənət Universitetini
bitirib, Saatlı rayon Nəsimikənd kəndində
mədəniyyət evinin
direktoru işləyir.
Kollektiv
2003-cü ildə Şimali
Kipr Türk Cümhuriyyətində keçirilən
festivalda Azərbaycanı
uğurla təmsil edib.
İbrahim Məmmədovun sözlərinə
görə, kollektiv Azərbaycanda ənənəvi
olaraq keçirilən
Milli Azlıqların İncəsənəti Respublika
Festivalında iştirak
edir: “Belə bir festivalın təşkilinə görə
Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkür
edirik. İki ildən bir
keçirilən belə
tədbirlər milli azlıqların mədəni
inkişafına böyük
töhfədir. Bu o deməkdir ki, dövlət bizi unutmur və biz də onların inamını doğrultmaq
üçün əlimizdən
gələni edirik.
İstəyirik ki, Azərbaycan
mədəniyyətində az da olsa,
bizim də töhfəmiz olsun».
“Adıgün” türk folklor ansamblı 1993-cü ildə Xalq kollektivi adına layiq görülüb. Kollektivin rəqs müəllimi, metodisti, bədii rəhbəri, rejissoru var. Ansamblın repertuarında «Yallı», «Ahıskanın qızları», «Gəlinim» kimi rəqslər, «Xınayaxdı» gecəsini əks etdirən tamaşa-rəqs var: «Festival bizləri öz folklorumuzu, adət-ənənəmizi qorumağa həvəsləndirir, bizə böyük stimul verir»,- deyən birlik rəhbəri belə tədbirlərin bölgələrdə fəaliyyət göstərən kollektivlərin əməkdaşlığına da təkan verdiyini deyir: «Məsələn, bizim ansamblımız Astarada, Masallıda keçirilən festivallarda iştirak edir, onların da ansamblları Saatlıya gəlir. Arzu edərdik ki, belə festivallar daha çox keçirilsin». Söhbət əsnasında o da bəlli oldu ki, adıçəkilən kollektiv bu ilin iyunda Türkiyənin Qəbzə şəhərində keçirilən mədəniyyət, sənət və folklor qruplarının birinci festivalında Azərbaycanı «Adıgün» türk folklor kollektivi təmsil edib: «Türkiyədə belə bir qrup yaratdığımıza görə, mənə təşəkkür etdilər. Ümumiyyətlə, Ahıska türklərinin yaşadıqları hər bir kəndin özünün rəqs kollektivləri var. Bundan başqa, teatr qrupumuz da respublika səviyyəli tədbirlərdə iştirak edir. Bununla biz öz varlığımızı, mədəni irsimizi nümayiş etdirir və deyirik ki, biz də varıq”.
Mehparə
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 11.