Qarabağın ilk qadın
şairi
Qarabağın Azərbaycan poeziyasına
bəxş etdiyi istedadlı el şairlərindən
olan Aşıq Pəri 1811-ci ildə (bəzi mənbələrdə
1810 da göstərilir)
Cəbrayıl bölgəsinin
Maralyan kəndində
anadan olub. Lap gənc yaşlarından
aşıq şeiri ilə maraqlanmağa başlayıb. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna kimi burada yaşayıb.
İlk təhsilini doğulduğu Cəbrayıl
bölgəsində alan Aşıq Pəri gözəl, ağıllı, istedadlı
bir xanım olub.
Onun yaradıcılığını
araşdıranlar - həm
Azərbaycan, həm də Avropa şərqşünasları - Aşıq Pərini işvəli bir nazənin kimi təqdim edərək bədahətən şeirlər
deyən, azad ruhlu, həyatsevər bir qadın olduğunu yazıblar.
Deyilənə görə,
Aşıq Pəri nakam ömür sürmüş, çox
böyük ustalıqla
dövrünün kişi şairləri
ilə deyişmişdir.
O, dərin düşüncəsinə,
rəvan təbli və hazırcavablığına
görə müasirləri
arasında izzət sahibi idi. Aşıq
Pərinin Mirzəcan bəy Mədətov, Cəfərqulu xan Nəva, Mirzə Həsən, Məhəmməd
bəy Aşiq, Abdulla
Canızadə və başqaları ilə deyişmələri ədəbiyyat
aləminə məlumdur.
Bu deyişmələrin hamısında da qalib özü olardı.
Firidun bəy Köçərlinin
tədqiqatlarından aydın
olur ki, Pəri 25 yaşında Məhəmməd adlı
bir mollaya ərə gedib, lakin xoşbəxtlik ona nəsib olmayıb. Şeir yazması, poeziya
məclislərində iştirakı
Molla Məhəmmədin
xoşuna gəlmədiyindən
danlağa məruz qalıb. Çəkdiyi
əzablardan xiffətlənən,
dərdini ancaq şeirlərlə söyləyən
Aşıq Pəri qoşmalarının birində
deyirdi:
Molla qoymur qələm alım dəstimə,
Ərzi-halım bəyan edim,
neyləyim?
Qadağa və xoş
olmayan münasibət
içində çırpınan
Aşıq Pəri qeyri-adi istedadına görə dövrünün
tanınmış aşıq
və şairləri arasında böyük nüfuz qazanıb. Onun haqqında hələ XIX əsrdə Rusiyada və Avropada çap edilən məcmuələrdə məlumat
verilirdi. Deyirlər ki,
Aşıq Pəri eyni zamanda cəsarətli,
yeri gəldikdə kəskin danışmağı
bacaran, o cümlədən
yumşaq yumora malik, çox həssas qadın olub. Ondan yadigar qalan şeirləri
oxuduqda bu bədii irsin bütün notlarında Aşıq Pərinin obrazı boylanır:
Mən Pəriyəm, eşqə
zarəm, neyləyim?
Dərdi-dildən xəbərdaram, neyləyim?
Bu «neyləyim»
sualının cavabını
ömrü boyu axtaran Aşıq Pəri qoşmalarının
birində çəkdiklərindən
zinhara gələrək
şəxsi həyatındakı
təzadlardan şikayət
edib:
Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı.
Gülüm qonçasında yandı,
Bülbüllər əfqan eylədi.
Çəkdiyi əzablar onun
könlünü viran
etmişdi. Böyük ürəkli,
şair duyğulu, sənət eşqli bir insanın, xüsusilə də zərif qadının ailədə başa düşülməməsi faciə
idi. Bu ağır
həyatın sahibi olan Aşıq Pəri zahirən deyib-gülsə də, içində şam kimi əriyirdi. Müasirləri xətrini çox
istəyirdi. Şeir məclislərində
yeri başda idi. Evdə isə dığdığ,
danlaq, töhmət onu zara gətirirdi.
Pəri isə bütün bu dərdləri şeirlərində
dilə gətirərək
yaralı qəlbinə
məlhəm çəkirdi:
Bir Pəri dil aramında
qan ağlar,
Çəkilib
sinəmə dügünlü
dağlar,
Ölübdür
bülbülüm, lal
olub bağlar,
Saralıb-sovulub güllər, ağlaram.
Firidun bəy Köçərli
böyük ehtiram və məhəbbətlə
Qarabağın bu ilk şair xanımını
belə təqdim edirdi: «Zəmanə ki onun namu-şöhrəti
artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pərinin Maralyandan köçüb Şuşa şəhərində
yaşaması burada onun hörmət və izzətini əyani-dövlət arasında
daha da çoxaltdı.
Hər bir əhli-təb onun şənində gözəl şeirlər
yazıb izhari-məhəbbət
etdilər». Firidun bəy
Köçərlinin söylədiyinə
görə, Aşıq
Pəri zahirən də, daxilən də çox gözəl, mənəviyyatca
zəngin, geniş dünyagörüşlü bir
xanım olub. Onun hüsnü-camalını tərif
edən qoşmalar, gəraylılar yazılıb.
XIX əsrin tanınmış
şairlərindən olan
Əsəd bəy Vəzirov bu istedadlı xanıma ünvanladığı poetik
tərifində gözəlliyini
tərənnüm edirdi:
Arizindir günəş, camalındır
ay,
Heç nazənin ola
bilməz sənə tay.
Qəmzən qatil, kirpiyin ox, qaşın yay,
Qamətindir sərvi-xuraman, Pəri.
Dünyanın
faniliyindən, ömür-gün
dostunun zalımlığından,
yaxın dostlarının
itkisindən təsirlənən
Aşıq Pəri qoşmalarının birində
yenə də öz hüznünü belə ifadə edib:
O fələkdir
dügün yeri dağlayan,
Əzəl şad eyləyib sonra ağlayan,
Sinəsindən
şerü-kitab bağlayan,
Sahibi-huş, gövhər kanı
neylədin?
Şuşanın tanınmış şairlərindən biri də İbrahim Xəlil xanın nəvəsi Cəfərqulu
xan olub. Nəva təxəllüsü ilə
şeirlər yazan bu şairin Aşıq Pəri ilə müntəzəm deyişməsi haqqında
məlumat çoxdur.
Dövrünün əksər şairlərinə
qalib gələn Cəfərqulu xan bu deyişmələrin heç birində Aşıq Pərini bağlaya bilməmişdi.
Allah Pəriyə elə bir istedad
və təb vermişdi ki, şeir onun sinəsindən su kimi axırdı. Məntiqi, ağlı, dərrakəsilə
hamını valeh edirdi. Maraqlıdır, ona uduzan rəqibləri də bu məğlubiyyətdən
qısqanclıq keçirmirdilər.
Onlar Pəri kimi bir sənətkarın ətrafında olmağı,
onunla şeirləşməyi
özlərinə fəxr
sanırdılar. Hətta
bu deyişmələrin
birində Cəfərqulu
xan səmimiyyətlə
etiraf edib:
Arifəm, bir yerdə yarı görəndə,
Mən nə deyim bu duxtəri görəndə?
Əql itirdim mən əğyari görəndə,
Neyçün göstəribsən etibar ona?
Pərinin cavabı daha maraqlıdır:
Dağam, gül yanında xarı görəndə,
Tərlan ovlağında sarı
görəndə.
Sən ki aşıq əhlini karı
görəndə,
Pəriyəm, duaçı aşikar
ona.
Mir Möhsün
Nəvvabın təzkirələrində
də Aşıq Pərinin adı məhəbbətlə çəkilib.
Onun hansı şairlərlə
deyişdiyi haqqında
ətraflı məlumatlar
verilib.
Deyilənlərə görə, dünyasını
dəyişdikdən sonra
(1847) Aşıq Pərinin
qardaşları Kərbəlayı
Fərzalı və
Mahmud bacılarını Şuşadan
apararaq doğulduğu
Maralyan kəndində
torpağa tapşırıblar.
Cəmi 35-36 il
ömür sürmüş
Aşıq Pəri çox güman ki, Molla Məhəmmədin
verdiyi mənəvi işgəncələrə davam
gətirə bilməyib.
Onun həyatına qənim kəsilən bu namərdin cahilliyini Aşıq Pəri qoşmalarının
birində çox incəliklə bildirib: «Canı dost yolunda eylədim fəda, Dad eylərəm, haray naşı əlindən».
Qoşmalarının birində
isə Aşıq Pəri ömrünü-gününü
göy əskiyə bükmüş bu qəlbduymazı belə təsvir edib:
Adam bildik biz də gəldik adına,
Adamlığı
qanmayıbsan hələ
sən!
Şeirlərinin birində isə
sanki müasirlərinə
xəbər göndərib
ki, «Əgər Məhəmməd tək sədhəsar»ınız olsa,
neylərsiniz?
Aşıq Pərinin yazdığı
əsərlərin az hissəsi bizə gəlib çatıb. Əlimizdə olanları da
diqqətlə nəzərdən
keçirdikdə Azərbaycan
poeziyasında öz yeri olan Aşıq
Pərinin bədii portreti aydın görünür. Bir məsələyə
qəti əminik ki, onun adı
həmişə yaşamaqdadır.
Azərbaycan qadınlarının aşıq sənətinə
meyl edənlərinin təşəbbüsü ilə
uzun illər respublikamızda «Aşıq
Pəri» məclisi fəaliyyət göstərirdi.
Məclis üzvləri «Aşıq
Pəri» ədəbi irsini ləyaqətlə qoruyaraq bu unudulmaz
xanımın adını
öz yaradıcılıqlarında
yaşatmağa və
tanıtmağa çalışırdılar.
Təəssüf ki, son illər
bu məclisin səs-sorağı eşidilmir.
İndi aşıq sənətini
elələri «təmsil»
edir ki, onların əslində nə aşıq sənətindən, nə
də onun belə mükəmməl
ifaçılarından xəbərləri
var. Aşıqlıq atılıb-düşmək,
şit-şit danışıb
məzələnmək deyil
ki?! Aşıqlıq
Dədə Qorquddan və sonra onun
davamçıları olan
Aşıq Nəcəfdən,
Aşıq Ələsgərdən,
Aşıq Alıdan,
Aşıq Hüseyn Bozalqanlıdan, Aşıq
Şəmşirdən və
nəhayət, Aşıq
Pəridən bizə
yadigardır. Yadigarları
isə öz adına və yaradıcılığına layiq
qoruyarlar.…
Flora Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.- 2012.-
29 avqust.- S. 13.