“Vətən oğulsuz olmasın”

 

   Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi münasibətilə şeir gecəsi   

 

   Qazax rayon Mərkəzi Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illik yubileyi münasibətilə “Vətən oğulsuz olmasın” adlı şeir gecəsi keçirilib.   

    Tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı açaraq sevimli şairənin yaradıcılığından danışıb, onun əsərlərində Vətən mövzusu nun daim əsas yer tutduğunu vurğulayıb. Qeyd olunub ki, ədibin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Xalq şairi fəxri adları, iki dəfə “Şərəf nişanı” ordeni, “Qırmızı əmək bayrağı”, müstəqil Azərbaycanın “İstiqlal” ordeni və medallarla təltif edilib.

   Sonra Mərkəzi kitabxananın kitabxanaçısı Xəyalə Əliyevanın şairənin həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib. Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Pəri Məmmədova, rayon mədəniyyət evinin müdiri Zahidə Həsənova tədbirdə çıxış ediblər.

   Çıxışlarda vurğulanıb ki, M.Dilbazinin şeirləri həmişə geniş oxucu kütləsinin rəğbətini qazanıb və onu xalqımızın mahir söz ustaları sırasına çıxarıb. Ədibin sözlərinə mahnı, romans və oratoriyalar bəstələnib.

   Tədbirdə fəal oxuculardan Nigar Hüseynova şairənin “Vətən oğulsuz olmasın”, Fidan İmamquluyeva “Təklənmiş millətim”, Məhəmməd Hacıyev “Dağlarda izim qaldı”, Nicat Hacıyev “Azərbaycan”, Aytac Vəlizadə “Azərbaycan qızıyam”, Günel Həsənova “Məni fikirli görsən” şeirlərini ifa ediblər.

 

 

   Mədəniyyət.- 2012.- 29 avqust.- S. 13.