Yazıçı
təxəyyülünün hüdudsuzluğu
XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli simalarından biri də Məmməd Səid
Ordubadidir (1872-1950). O, gözəl nasir, istedadlı dramaturq,
mahir jurnalist, publisist, şair və tərcüməçi
olmaqla bərabər, həm də ədəbiyyatımızda
tarixi roman janrının banisi kimi tanınıb...
Ədəbiyyata yeniyetmə
çağlarından maraq göstərir, ilk şeirlərini
“Səid Ordubadi”, yəni “xoşbəxt ordubadlı” təxəllüsü
ilə qələmə alır. Bu imza ilə də dövri mətbuatda
tanınır. 1906-cı ildə “Molla Nəsrəddin”
jurnalının nəşrə başlaması Ordubadi
yaradıcılığında yeni səhifələr
açır. O, jurnalın əsas müəlliflərindən
biri olur, felyetonları ilə geniş şöhrət
qazanır. O, həmçinin “Tərəqqi”, “İrşad”,
“Səda”, “Sədayi-həqq”, “İttihad”, “Tazə həyat” qəzetlərində,
“Tuti”, “Babayi-Əmir” jurnallarında da çıxışlar
edir. 1906-cı ildə “Qəflət”, “Vətən və
hürriyyət” (1907) adlı şeirlər kitabı, “İki
cocuğun Avropa səyahəti “(1908), “Bağı-şah, yaxud
Tehran faciəsi” (1906), “Əndəlisin son günləri, yaxud
Qrenadanın təslimi” (1914) dramları, “Qanlı sənələr”
(1908), “Nisvani islam” (1911) adlı publisistik kitabları
işıq üzü görür.
Sovet dövrü ədəbiyyatımızın
ilk illərində o, siyasi-ictimai mövzularda ən çox
yazan, hadisələrə aydın-açıq münasibət
bildirən ədib, yeni quruluşun fəal təbliğatçısı
kimi tanınıb. Hər gün dövri mətbuat səhifələrində
məqalə və şeirlərlə çıxış
edib. Onun bu dövr yaradıcılığında dram əsərləri
də xüsusi yer tutur. “İşsizlər” pyesi “Tənqid-təbliğ”
teatrının birinci açılış gecəsində
oynanılıb.
1941-ci ili iyunun 22-də faşist
Almaniyası ilə müharibənin başlanması
yazıçılar qarşısında yeni vəzifələr
qoyur. Bu dövrdə Ordubadinin yaradıcılığı
öz müasirliyi və aktuallığı ilə
seçilir. Müharibə mövzusunda yazdığı “Cəbhədən
məktub“ (1941) adlı ilk şeirində savaşa gedən əsgərin
döyüşkən əhval-ruhiyyəsini təsvir edir.
Tarixi mövzudan vətənpərvərlik
məqsədilə istifadə edən yazıçı bir
çox əsərlərini bu ideyaya həsr edir. “Maral” mənzum
dramı bu baxımdan gözəl nümunə hesab olunur...
Onun “Qara Məlik” (1941), “Camal” (1941), “Tarix və qələbə”
(1942) və s. kimi oçerk-portretlərində
xalqımızın tarixində ad çıxarmış qəhrəmanların
vətənpərvərliyindən söz açılır.
Yazıçının zəngin ədəbi
irsi içərisində dünya ədəbiyyatından
etdiyi tərcümələr də xüsusi yer tutur.
Puşkinin “Baxçasaray fontanı”, “Boris Qodunov”,
Bomarşenin “Sevilya bərbəri” və s. əsərlərin
tərcüməsini buna misal göstərmək ola.
Ordubadi ədəbi janrların, demək
olar ki, hamısında yazıb-yaradıb. Amma o, romanları ilə
daha çox tanınıb. Tarixi romanın banisi kimi yüksək
sənətkarlıq bacarığını “Dumanlı Təbriz”,
“Gizli Bakı”, “Döyüşən şəhər" və
ömrünün son illərində qələmə
aldığı "Qılınc və qələm"
romanı ilə nümayiş etdirib.
İlk tarixi romanı olan
“Dumanlı Təbriz” Azərbaycan nəsrinin ən
yaxşı nümunələrindən biri kimi ədibə
böyük şöhrət gətirir. O, bu əsəri 20-ci
illərin axırlarında yazmağa başlayır. Hissə-hissə
1933-1948-ci illərdə çap etdirir. Əsərin
mövzusu 1906-1911-ci illərin İran inqilabı, Səttarxan
hərəkatıdır. Ancaq buna baxmayaraq mövzunun
davamını 1917-ci ilə qədər izləyir. Oxucu əsərdə
yüzlərlə tarixi hadisə və qəhrəmanla
tanış olur. Xüsusilə Səttarxan hərəkatının
əsas mərhələləri, üsyançı kütlələrin
nümayəndələri onun gözləri
qarşısında canlanır. Ordubadi bu əsərində ta
qədim zamanlardan üsyankarlığı və qəhrəmanlığı
ilə tanınan Təbriz şəhərinin, Təbriz
oğullarının əzəmətli ədəbi heykəlini
yaradır.
Ordubadi zəngin
yaradıcılığı ilə xalqımızın tarixi
keçmişini, qəhrəmanlıq səhifələrini,
inkişaf və azadlıq mübarizələrini
ardıcıl olaraq tədqiq və təsvir edən sənətkar
olub. Sonuncu tarixi romanı olan “Qılınc və qələm”i
yazmağa hazırlaşarkən əsərin əsas qəhrəmanı
- dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və
yaradıcılığı ilə bağlı böyük
tədqiqat işləri aparır. Yazıçı hələ
20-30-cu illərdə dövri mətbuatda Nizami haqqında dəyərli
məqalələrlə çıxış etmişdi.
“Nizaminin dövrü və həyatı”
(1939), “Böyük şairin yaşadığı mühit”
(1947), “Nizami dövründə ədəbiyyat” (1947), “XII əsrdə
Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına
təsiri” (1943) və s. məqalələr bu qəbildəndir.
Bunlardan əlavə “Nizami” adlı
opera mətni (1939) yazmışdı.
“Qılınc və qələm”
romanı 1946 (I kitab) və 1948-ci illərdə (II kitab)
çapdan çıxır. Qısa müddətdə
oxucuların rəğbətini qazanır. Sonrakı illərdə
dəfələrə təkrar-təkrar çap olunur. 1965-ci
ildə əsər İ.Peçenevinin tərcüməsində
rus dilində çap olunur.
Ordubadi romanda Nizaminin həyat və
fəaliyyətini müxtəlif dövrlərə, xalq həyatı
və məişəti ilə sıx əlaqədə təsvir
edir. Əsər xalqın mənəvi və fiziki
gücünün rəmzi olaraq “Qılınc və qələm“
adlandırılıb. Romanda ən qədim zamanlardan Azərbaycan
xalqının azadlıq uğrunda mübarizələrdə
ad çıxarması, Azərbaycan qoşunlarının
bütün Şərqdə şöhrət qazanması
iftixar hissi ilə qeyd olunur. Xalq qəhrəmanı Fəxrəddinin
başçılığı ilə vətəni müdafiəyə
qalxan Azərbaycan oğulları dar gündə qonşu
xalqların köməyinə də gedir. Mübarizə,
müharibə və üsyan səhnələri hər yerdə
Fəxrəddinin adı ilə bağlansa da, onun əsas məsləhətçisi
Nizamidir. Böyük şairlə birlikdə şairə Məhsəti
Gəncəvinin surəti də əsərdə böyük
yer tutur.
Romanda zəngin surətlər qalereyası diqqəti cəlb edir. Azərbaycan
atabəyləri Atabəy
Məhəmməd, Qızıl
Arslan, Toğrul, Əbubəkir, Özbək
surətləri baş
qəhrəmanın siyasi-ictimai
görüşlərində dövrün təsvirinə
kömək edirsə,
Səba xanım, Hüsaməddin və başqaları süjet xəttinin davamını təmin edir. Romanın sonunda məlum olur ki, Xarəzmşah
Cəlaləddin Azərbaycanı
işğal etdikdən
sonra sonuncu Eldəniz hökmdarı Özbəyi Əlincə
qalasına saldırır.
Qalada iki qoca bir-birinə
öz başlarına
gələn sərgüzəştləri
danışır. Onlardan
biri Atabəy Məhəmmədin böyük
oğlu Qütlüğ
İnanc, digəri kiçik oğlu Özbəkdir... Tarixi hadisələrin çox maraqlı şəkildə
təsvir olunduğu “Qılınc və qələm“ Ordubadi
yaradıcılığına xas macəraçılıq
üslubunda yazılıb.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 15.