Vəfasız
illər
Tamaşaçı ilk gündən
Vəfanı, Vəfa da ilk gündən səhnəni
sevmişdi. Odur ki, ölümündən 25 il keçsə
belə, tamaşaçı sirli təbəssümlü
aktrisanı hələ də unuda bilmir. Çünki Vəfa
Fətullayeva Azərbaycan səhnəsinə, Azərbaycan
teatrına elə bir təbiilik gətirmişdi ki, süni
bütlər çat verib yerlə - yeksan olmuşdu, teatr cana
gəlmişdi, Vəfa aktrisa kimi bunu bacarmışdı...
Ancaq ölümlə bacara bilmədi.
Cəmi 42 il yaşadı. 25 ildir ki, həyatdan və çox
sevdiyi səhnədən ayrılıb. Ancaq Azərbaycan
tamaşaçısı hələ də səhnədə
və ekranda gördüyü, sevdiyi çılğın, ərköyün,
sadə, utancaq, kədərli, güləyən Vəfa Fətullayevanı
unuda bilmir. Çünki Vəfa səhnədə özü
idi. Obrazı üstünə biçmirdi, obrazı
içindən keçirirdi. İri, qara, mənalı
gözləri heç vaxt tamaşaçını aldatmırdı.
Vəfa gördüyü həyatı
olduğu kimi səhnəyə gətirmək, səhnə ilə
tamaşaçı arasındakı şəffaf pərdəni
bir az da şəffaflaşdırmaq, hərəkətləri,
yerişi, duruşu, ürəkdən gələn qəhqəhələri
ilə dünyanı tamaşaçıya unutdurmaq istəyirdi.
Bəlkə ona görə ki, Vəfa səhnəyə
şöhrət üçün gəlməmişdi.
Gözünü açandan anasının başında
şöhrət çələngi görmüşdü,
atasının fırçasında bütün rəngləri
çalarına qədər sezmişdi. Vəfa
üçün maraqlı olan sənət və sənətin
cazibəsi idi. Sənətin içində özgələrinin
həyatını yaşayanda Vəfa özü də
yaşayırdı.
O, sənətkar ailəsində
dünyaya gəlmişdi. Atası Azərbaycanın Xalq rəssamı
Nüsrət Fətullayev, anası SSRİ-nin Xalq artisti
Hökumə Qurbanova idi. Ancaq o özü olmaq istəyirdi.
Rejissorluq fakültəsində oxusa da, fakültəsini dəyişib
teatrşünas olmaq qərarına gəldi. Amma
teatrşünas da olmadı. Günlərin birində
özünü böyük teatrın səhnəsində
tapdı. Rejissor Tofiq Kazımov Vəfanı
yazıçı-dramaturq İlyas Əfəndiyevin “Məhv
olmuş gündəliklər” əsərinin tamaşasında
Fəridə roluna dəvət etdi. Bu rolu oynamaq onun
üçün çətin idi. Çünki
tamaşaçılar arasında onun ən həssas
tamaşaçısı - anası Hökumə Qurbanova
vardı. Amma Fəridə rolunu o qədər özünəməxsusluqla,
təbii oynadı ki, tamaşaçı Vəfanı, Vəfa
da səhnəni sevdi. “Məhv olmuş gündəliklər”
ona uğur gətirdi.
Bundan sonra Vəfa bir-birinin
ardınca tamaşalarda gözəl, yaddaqalan obrazlar
yaratdı. İ.Əfəndiyevin “Mahnı dağlarda
qaldı” əsərində Gülgəz, N.Hikmətin “Məhəbbət
əfsanəsi”ndə Şirin, N.Xəzrinin “Sən
yanmasan”ında Tənzilə, M.F.Axundzadənin “Müsyö
Jordan və dərviş Məstəli şah”ında Şərəfnisə,
M.İbrahimovun “Kəndçi qızı”nda Bənövşə
rollarını böyük ustalıqla yaratdı.
“Göz həkimi”, “Alov”, “Atayevlər
ailəsi” televiziya tamaşalarındakı rolları isə Vəfa
Fətullayevanı milyonlarla tamaşaçıya sevdirdi.
Televiziya tamaşalarında Vəfanın bir sənətkar
kimi görünməyən tərəfləri üzə
çıxdı, Vəfa baş rolların ən
yaxşı ifaçısı kimi şöhrət
qazandı.
Sənətdə
tapdığı xoşbəxtliyi, görəsən, həyatda
necə, tapa bildimi? Bu suala cavab vermək çətindir, ancaq
həqiqət budur ki, Vəfa, sənəti sevdiyi kimi, həyatı
da, insanları da sevirdi. Nə yazıq ki, 42 yaşında
ölüm səhnəsini oynayası oldu. Səhnədə
yox, həyatda. Bu, Vəfanın sonuncu rolu idi...
Yaşasaydı, avqustun 25-də 67
yaşı tamam olacaqdı. Ancaq heç kim onu bu yaşda təsəvvür
edə bilməyəcək. Vəfa səhnəmizin həmişəcavan
aktrisası kimi qəlblərdə, yaddaşlarda, xatirələrdə
yaşayacaq...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 15.