Əməkdar artistlə görüş
Astara məşhur sənətkarlar yurdu kimi də
tanınır. Qədirbilən rayon əhalisi
də öz məşhur həmyerlilərini
unutmur, dünyasını dəyişənlər
daim xatırlanır, sənət fəaliyyətini
davam etdirənlərlə tez-tez
görüşlər keçirilir. Avqustun 29-da Astarada
Tarix-Diyarşünaslıq Muzeyində rayonun
yetirməsi, Əməkdar artist, kinoaktyor Əliqulu Səmədovla görüş də bu qəbildən
idi.
Ziyalılar,
ağsaqqallar, ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi görüşü muzeyin direktoru Gülzar
İsmayılova açaraq rayonun görkəmli şəxslərinin
tanınmasında belə görüşlərin vacibliyini
diqqətə çatdırdı.
Muzeyin fond müdiri
Şahin Əliyev kinoaktyor Əliqulu Səmədovun həyatı
və sənət yolu barədə geniş məlumat verdi.
Bildirildi ki, Əliqulu Qüdrət oğlu Səmədov
1953-cü ildə Astara şəhərində ziyalı ailəsində
anadan olub. O, hələ uşaq vaxtlarında sənətə
böyük həvəs göstərir, rayonun mədəniyyət
evində təşkil edilən tədbirlərdə,
festivallarda iştirak edirdi. Astara şəhər M.Ə.Sabir
adına 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı
Rabitə Texnikumuna daxil olsa da, ürəyindəki arzusu onu tərk
etməmişdi. Günlərin bir günü “Azərbaycanfilm”
kinostudiyasında aktyor kursları
açıldığını eşidən Əliqulu oraya
yollanır və qapıda asılmış elan diqqətini
çəkir. Elanda yazılmışdı ki, Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunda azərbaycanlı tələbələrdən
ibarət aktyorluq kursu yaradılacaq. Rejissor Kamil Rüstəmbəyovun
köməkliyi ilə seçimə səylə
hazırlaşan Əliqulu müvəffəqiyyətlə
imtahan verib instituta daxil olur. SSRİ Xalq artisti Yevgeni Matveyevin
sinfində aktyorluq sənətinin bütün incəliklərinə
yiyələnir.
İnstitutu
müvəffəqiyyətlə bitirdikdən sonra
1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyorluq şöbəsinə qəbul olunur. Ötən illərdə “Nizami”, “Qara gölün cəngavəri”, “Atları yəhərləyin”,
“Yol əhvalatı”, “Bağlı qapı
arxasında”, “Papaq”, “Birisi
gün gecə yarısı”, “Bəyin
oğurlanması”, “Cavid ömrü”,
“İstanbul reysi”,
“Cavad xan” və başqa filmlərdə irili-xırdalı
müxtəlif rollara çəkilib. Baş rollardan birinə
çəkildiyi “Alfa layihəsi” filmi Ukraynanın Lenin Komsomolu mükafatına layiq
görülüb. O, həmçinin Ukrayna kinematoqrafçılarının
çəkdiyi “Sıçrayış” filmində, Rusiyada çəkilən “Dronqo”,
Türkiyədə istehsal olunan
“Onlar da insandır”,
“57 saylı qatar” teleseriallarında da rol alıb.
İstedadlı aktyorun sənət fəaliyyəti
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib,
Prezident İlham Əliyevin
28 iyun 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasının Əməkdar Artisti”
fəxri adına layiq görülüb.
Görüşdə rayon
ağsaqqallar şurasının sədri Hamlet Əliyev, şair İlham İlhami,
ziyalılar klubunun sədri Seyran Şiriyev, ziyalı
Rüfət Sadıxov, Əməkdar müəllim Heybət Hüseynov, mədəniyyət işçisi İlyas Məmmədov
və başqaları Ə.Səmədov haqqında ürək
sözlərini söylədilər, ona
yeni yaradıcılıq uğurları
arzuladılar.
Tədbir iştirakçıları Əməkdar
artist Ə.Səmədovun özünün
həyat və sənətkarlıq yolu
barədə muzeyin fonduna
təqdim etdiyi fotoşəkillərdən,
sənədlərdən, qəzet və jurnal
yazılarından hazırlanmış sərgi ilə də
tanış oldular.
Sakitağa Kərimov,
“Astara” qəzetinin redaktoru
Mədəniyyət
.- 2012.- 31 avqust.- S. 6.