Ölkəmiz
Moldovada kitab sərgisində
təmsil olunur
Azərbaycan Moldovanın
paytaxtı Kişineuda keçirilən
XXI Beynəlxalq Kitab Salonu
ənənəvi beynəlxalq kitab sərgisində
təmsil olunur. Moldova
Milli Kitabxanasında təşkil edilən
sərgi avqustun 31-dən sentyabrın 4-dək
davam edəcək.
Bu barədə avqustun 30-da
Kişineuda keçirdiyi
mətbuat konfransında Moldova Milli Kitabxanasının direktoru
Aleksey Reu məlumat verib. Onun sözlərinə
görə, sərgidə 18 ölkədən 5 mindən çox adda kitab nümayiş etdiriləcək.
Bu il tədbir Milli Kitabxananın yaradılmasının 180
illiyinə və İon və Doyna Aldya-Teodoroviçlər İlinə həsr
olunub.
XXI Beynəlxalq Kitab
Salonu II Milli kitab və qiraət festivalı çərçivəsində
keçirilir. Festival
Moldovanın kitabxanalar olan
bütün yaşayış məntəqələrini
əhatə edir.
Moldovadakı kitab bayramında ölkəmizi təmsil edən
nümayəndə heyətinə M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasının beynəlxalq əlaqələr
üzrə direktor müavini
Mələkxanım Hacıyeva, mədəni-kütləvi
işlər şöbəsinin redaktoru
Şəhla Həmidova, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat,
reklamın təşkili və informasiya
şöbəsinin məsləhətçisi Faiq
Xudanlı daxildir.
Bu barədə Milli
Kitabxanadan verilən məlumatda bildirilir. Qeyd olunur ki, nümayəndə heyəti
beynəlxalq sərgi ilə yanaşı,
Moldova Milli Kitabxanasının
180 illik yubileyində də iştirak edəcək.
Azərbaycan Milli Kitabxanası
beynəlxalq əlaqələrin
inkişafına, genişləndirilməsinə
xüsusi önəm verir.
Kitabxanadan bildiriblər
ki, sentyabrın 5-dən 8-dək direktor Kərim Tahirov Avrasiya Kitabxanaçılar
Assambleyasının XIV ümumi iclasında
və Belarus Milli
Kitabxanasının 90 illik yubileyində iştirak etmək məqsədilə Minsk şəhərində səfərdə olacaq.
Mədəniyyət.- 2012.- 31 avqust.- S.
4.