“Ən epizodik
rola da ciddi
yanaşmağa çalışıram”
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının aparıcı aktyorlarından
olan Əjdər Zeynalov son vaxtlar kinorejissorların da diqqətini
cəlb etməyə başlayıb. Elxan Cəfərovun
quruluş verdiyi “Dolu” bədii filmində erməni zabiti Levon
obrazının öhdəsindən bacarıqla gələn
istedadlı aktyor bu günlərdə daha bir filmə dəvət
alıb. Onunla söhbətə isə teatrdakı
yaradıcılıq işlərindən başladıq.
- İrəvan Dövlət
Azərbaycan Dram Teatrının səhnəsində müxtəlif
rollar yaratmısınız. Rol dəftərlərini
saxlayırsınızmı?
- Təəssüf ki,
bu məsələdə o qədər də səliqəli
deyiləm. Düzdür, son illərdə oynadığım
rolların dəftərləri qalıb, amma teatra təzə
gələndə yazdığım dəftərləri
saxlamamışam.
- Ən qalın rol dəftəriniz
hansıdır?
- Abbasqulu bəy
Şadlınski obrazı mənə həvalə olunanda həmin
rolun sözlərini yazmaq üçün 24 səhifəlik dəftəri
doldurmuşdum. Bu yaxınlarda daha bir qalın dəftəri
doldurmalı oldum. Yazıçı-dramaturq Hidayətin “Burdan
min atlı keçdi” pyesinə teatrımızın baş
rejissoru Oruc Qurbanov quruluş verib. Həmin tamaşada Katib
rolunu oynayıram. Əsas obrazlardan biridir, demək olar ki,
bütün tamaşa boyu səhnədə oluram.
- Belə ciddi obrazlar
yaradan Əjdəri tamaşaçılar arada komik rollarda da
görürlər. Jan Batist Molyerin “Zorən təbib”
komediyası əsasında teatrınızda tamaşaya qoyulan
“Məcburən doktor”da Luka rolu ifanızda baxımlı
alınmışdı...
- Şəxsən mən
normal baxıram. Aktyor səhnədə və ya kinoda həm
dramatik, həm də komik rolları oynamağı
bacarmalıdır. Bu, aktyorun hərtərəfli
inkişafına yardım edən amillərdən biridir. Ona
görə də bu məsələdə heç bir
kompleksim yoxdur, rejissorların verdiyi istənilən rolu
oynamağa hazıram. Təki çalışmaq
üçün yaradıcılıq mühiti olsun. Ən
epizodik rola da ciddi yanaşıram. Elə olub ki, tədbirlərdə
Dədə Qorqud da oynamışam, Şaxta Baba da. Amma mənə
tapşırılan işə heç vaxt başdansovdu
yanaşmamışam.
- Didərginlik taleyi
yaşayan teatr ötən illərdə çox çətinliklərlə
üzləşib. Yaradıcı adam üçün belə
şəraitdə çalışmaq heç də asan
deyil. Belə vəziyyətdə insan daha rahat iş şəraitinə
malik kollektivlərdən gələn təklifləri dəyərləndirməli
olur...
- Mən də
zaman-zaman belə təkliflər almışam. Amma heç
vaxt İrəvan Dövlət Azərbaycan Dram Teatrını
tərk etmək barədə düşünməmişəm.
Çünki elə mənəvi bağlılıqlar var ki,
onlardan imtina etmək mümkün deyil. Mən bu kollektivin
yetirməsiyəm. Gözəl ziyalımız Hidayət
müəllim hələ teatrın direktoru vəzifəsində
çalışanda, mən də daxil olmaqla, 6 gənci ali təhsil
almaq üçün İrəvandan Bakıya göndərdi.
Nəsir Sadıqzadə, Böyükağa Kazımov kimi
görkəmli pedaqoqlardan dərs aldım. O zamankı İncəsənət
İnstitutunu bitirib doğma kollektivə qayıtmaq
üçün İrəvana getmək istəyirdim. Lakin
1988-ci ildə baş verən məlum hadisələr bu arzumu
ürəyimdə qoydu. Teatr Bakıya köçməyə
məcbur olandan sonra direktor Vidadi Əliyev məni işə dəvət
etdi. Çox ağır günlər keçirdik, amma
kollektivin fədakarlığı sayəsində teatr fəaliyyətini
davam etdirdi. Bayaq qeyd etdiyim mənəvi bağlılıqlar
üzündən truppadan ayrılmaq, daha rahat şəraiti
olan teatrlara getmək istəmədim.
Amma bir ara şəxsi
problemlərimlə bağlı Rusiyaya köçməyə
məcbur oldum. 2007-ci ildə Vətənə qayıtdım və
doğma kollektivdə işimi davam etdirdim. O zaman İftixar
Piriyev teatra direktor təyin olunmuşdu. Sağ olsun, məni
mehriban qarşıladı, yaradıcılıq prosesinə
qoşulmağım üçün hər cür şərait
yaratdı. Bu gün teatrın repertuarındakı əsərlərin,
demək olar ki, hamısında məşğulam. Maraqlı
tamaşalar hazırlayır, uğurlu qastrol səfərlərinə
gedirik.
- “Dolu” filmindəki
Levon obrazı sizin kinoda ən uğurlu işlərinizdən
sayıla bilər. Filmin premyerasından sonra sənət
adamlarının təbrikləri, ünvanınıza səslənən
xoş sözləri bu fikri təsdiq edir...
- Aktyor sənəti elədir
ki, hamı müsbət qəhrəmanları oynamaq, teatrda,
kinoda belə obrazlarla tanınmaq istəyir. Çünki mənfi
qəhrəmanı yaratmağın öz çətinlikləri
var. “Dolu”nun quruluşçu rejissoru Elxan Cəfərovun təklifini
qəbul edəndə bütün bunları nəzərə
almışdım. Elə ilk söhbətdəcə onun
obrazla bağlı fikirləri ürəyimdən oldu.
Anladım ki, rejissor qəddar ermənini karikatura kimi deyil,
canlı obraz kimi göstərmək istəyir. Levon qəddar,
azərbaycanlılara qarşı amansız olan bir ermənidir.
O, müharibədə heç kimə, hətta öz əsgərinə
də rəhm etmir. Mən də rejissorun bu yanaşmasından
çıxış etməyə çalışdım. Səmimi
deyirəm ki, “Dolu” son illər Azərbaycan kinosunun ən
uğurlu işlərindən biridir. Oynadığım rola
başqa bir həmkarım da çəkilsəydi və oyunu
uğurlu olsaydı, gedib onu təbrik edərdim.
Etibar Cəbrayıloğlu
Mədəniyyət.-
2012.- 31 avqust.- S. 11.