Dərdlə “Dolu”
ürəklər boşalanda
Yadımdadır, sovet dövrü məktəblərində sinif uşaqlarımızın dilindən
düşməyən “bizimkilər” sözü.
Xüsusilə Böyük Vətən
müharibəsi mövzulu filmləri seyr edərkən bu söz dilimizdən düşməzdi.
Əslində bu çox
adi və həm də ideoloji
çəkisi olan bir
söz idi. O vaxt müharibə filmlərinə
kim baxırdısa, “bizimkilər”in rəşadətindən
adrenalin alırdı. Hətta
küçədə oynayan uşaqlar bellərində oyuncaq
tüfənglər “pağ, pağ, bizimkilər nemesdərin hamsını
qırdı” - deyə
çığırışa-çığırışa
oyunlarını kinolaşdırırdılar. Bəli, o vaxtın sovet kinosunda müharibə mövzusunda
film çəkmək bugünkü
qədər də çətin deyildi; kino “bizimkilər”
adlı qalib obrazını sovet adamının şüurunda
elə yerləşdirmişdi ki, bəzən
savadsız adam baxdığı filmdə
düşmən tərəfin qalib gəldiyini
görüb (özüm
şahidi olmuşam) “bunlar bizimkilərdir hə?” - deyə
yanındakı tamaşaçıdan soruşardı.
Bu, sovet kinosunun, o cümlədən
də sovet Azərbaycanı kinosunun keçmişidir.
Bəs bu gün? Bu gün mən müharibə
mövzusunda özümüzünkülərin
yeni çəkdiyi ekran
əsəri, rejissor Elxan
Cəfərovun “Dolu” filmindən
danışmaq istəyirəm. Burda da xalqın böyük rəğbət
bəslədiyi bizimkilər var. Ancaq onlar döyüşdəki
qaliblər yox, əzab və işgəncəyə
məruz qalan, naləsi qulaq
ardına vurulan bizimkilərdir. Bu mənada “Dolu” faciəvi
lirika janrında (Aqil
Abbasın “Dolu” romanının poetik dili, ruhu
da belə deməyə əsas verir) çəkilmiş bir
filmdir. Filmin rejissoru onu müasir
“boyevik”lərə xas qanlı vuruş səhnələri ilə zənginləşdirməyə
çalışsa belə, məni duyğulandıran onlar olmayıb. Niyə lirika?
Filmin ilk kadrları çox poetik bir epizodla başlayır.
Göydən brilyant
işıltılı şəffaf dolu
yağır və ətrafda hər şey
təbiətin bu gərdişinə cing-cing cingildəyən avazla
əks-səda yaradır.
Filmə bu giriş
(şüşə sınması yozumuna
görə) həm də ümid rəmzidir;
sonra şahidi
olacağımız hadisələrə proloqdur.
Bu proloqla sondakı epiloq bir vəhdət təşkil edərək “Dolu”nun ideyasına tam aydınlıq gətirir; Azərbaycan
xalqı məğlub olmayıb, çünki
o, müharibə aparmır, əgər aparsa onun Drakon
(Rza Rzayev), Pələng
(Elvin Əhmədov) və digərləri
kimi igidləri vardır. Drakon və Pələng “Dolu”nun Azərbaycan kino
obrazları qalereyasına yeni əlavəsidir.
Belə ki, bu günə
kimi Qarabağ
müharibəsi mövzusunda filmlərimizdə
qəhrəman obrazları olsa da, onların döyüş
meydanındakı şücaətlərini geniş
canlandıran kadrlar olmayıb. “Fəryad”dakı
İsmayılı yataqda görən kino tamaşaçıları, vaxtilə buna görə filmi çox tənqid etmişdilər. Halbuki, bu obrazın da film qəhrəmanımız
adlanmaq haqqı var; bu, yaralı qəhrəman, fəryadımızın
qəhrəmanıdır.
“Dolu”da isə
müəlliflər döyüş
meydanındakı qəhrəmanlara yer
ayırmağa cəhd göstərmişlər. Bu isə həm alınıb, həm də
alınmayıb. Belə ki,
qəhrəman Drakon döyüş
meydanında bir növ
Qaraca Çoban, Koroğlu, Babək və xəyalımızda
olan digər cüssəli pəhləvan
qəhrəmanlarımıza nə qədər çox bənzəyirsə, Pələng o dərəcə də bizim
həyatda üz-üzə gələ biləcəyimiz
sadə və qəlbiyumşaq, səmimi, pafosdan
uzaq real qəhrəmanımızdır.
Drakon və Pələng. İki qəhrəman
obrazı. Onlardan biri
təxəyyülümüzə, digəri isə qəlbimizə
yaxındılar. Çünki biri reallaşdıra bilmədiyimiz gücümüz, digəri isə real olan qəlbiyumşaqlığımızdır.
Əslində, “Dolu”dakı bu iki obraz arasında mövcud konflikt (həyatımızdan bizə çox
tanış olan didişmələr)
motivlərinə daha çox
yer ayrılsaydı yaxşı olardı,
yəni film Drakon və
Pələng qarşıdurması haqda
olardı. Bu halda kinomuzda yeni söz deyilərdi “Dolu” filmi isə bu
orijinallığa sadəcə bir
addım atmağa cəhd göstərə
bilib. Romanın müəllifi olaraq Aqil Abbas
deyir ki, onun əsərində heç
kəs heç nə axtarmasın, bu, yazıçı təxəyyülündən
başqa bir şey deyildir. Bu mənada mən də razıyam müəlliflə
(təbii ki, ssenari də
əsərin motivləri əsasındadır). Belə ki, Drakon təxəyyül,
Pələng isə realdır. Çünki
onun anasının obrazını hər birimiz reallıqda çox
yaxşı tanıyırıq. O, şəhid
balalarının qanına qanlı göz
yaşlarını qovuşduran doğma analarımızın obrazıdır.
Əməkdar artistimiz Gülzar
Qurbanovanın ifasında o həm də
müqəddəslik rəmzi kimi canlana bilib. Faciəvi
lirikanın qaydalarına uyğun olaraq, lirika daha çox aktrisanın
incə qamətində, zərif davranışında (məni
bu filmi lirik faciəyə aid etməkdə
qınayanlara deyim ki, bu obraz dərdli kənd
qadınından daha çox
Füzuli lirikasının obrazlarına bənzəyir)
həzin nitqində öz əksini tapsa da, sifət və
gözlərinin ifadəsində tamaşaçıya faciəni
diktə edir.
Filmdəki digər obrazlar
haqda da danışmaq olar. Ancaq onların heç
birinin ölümü
Drakon və Pələngin ölümü
qədər təsir etmir. İcra başçısı (Xalq artisti Fuad
Poladov) özünü
güllələyəndə, pəncərəyə sıçrayan
qan belə qəlbi ağrıtmır.
Çünki yazıçının qeyd etdiyi kimi,
belə obrazlar ancaq və ancaq
yazıçı təxəyyülünün
məhsuludur. O, müəllifin
arzuladığı hakimiyyət
nümayəndəsidir, realını
isə xalq yaxşı tanıyır.
Ümumiyyətlə, “Dolu” tamaşaçıya
reallıqla təxəyyül
arasında mövcud olan tapmacaları öz daxili süzgəcindən keçirərək
cavablandırmağa imkan
yaradan bir ekran əsəri kimi çox dəyərlidir. Filmin digər
bir obrazının - Komandirin (Əməkdar
artist Məmməd Səfa)
fəryadı, tamaşaçını
öz daxilinin real bir fəryadı kimi diksindirir. Filmin son kadrlarında doğma torpaqlarının sahibi kimi film qəhrəmanlarının
sərhədi aşması
isə təxəyyüldür;
illər boyu reallaşmasını arzuladığımız
təxəyyül. Belə kadrlarla
“Dolu” məhz reallıqla təxəyyül
arasındakı boşluğu
xalqın-tamaşaçının tərəzi gözü ilə doldura bilib.
Deyilənə görə, müəlliflər
filmi dünya ekranlarına çıxarmaq
niyyətindədirlər. Şəxsən mən bunu mümkün sayıram; filmin yaradıcıları
bu imkanı yaratmağa qadirdirlər.
Film Azərbaycan haqda bir sıra həqiqətləri
dünya ictimaiyyətinə
çatdırmaq üçün
kifayət qədər
materiala malikdir. Bunu filmin musiqisinə (bəstəkar, Xalq artisti Polad Bülbüloğlu)
də ümumən şamil etmək olar. Ekranda Azərbaycanımız da çox gözəl
və möhtəşəmdir.
Operator (Nadir Mehdiyev) təbiəti çox müxtəlif rakurslardan elə ustalıqla canlandıra bilib ki, tək elə
mənzərələr səf-səf
düzülmüş ağaclarla
möhtəşəm orduya
bənzəyir. Operator
“şiş ucları buludlarla döyüşən”
diyarı canlandıra
bilib.
“Dolu”da hamı müdafiə olunmaq üçün döyüşə
qalxır. Bu mənada filmdə qəhrəman obrazları
yetərincədir. Konkret bir
qəhrəman yoxdur, Pələng də qəhrəmandır, Drakon
da, Komandir də, müəllim də, milis rəisi də, ana da. Ancaq onlardan ən millisi, loru xalq ifadəsi
ilə, nakam ömrün adını dəqiq ifadə edə bilən “mən qız görmədim” deyib gözlərini əbədilik
yuman Pələngdir.
Aktyor da özünün gözəgəlimliliyi, yaratdığı
obrazı özününkü
edə bilmək bacarığı ilə Pələngi tamaşaçıya
özününkü, doğması
elətdirə bilmişdir.
Filmdəki digər qəhrəmanlar
faciəmizi zahirən
göstərə bilsələr
də, Pələngin
ölümü epizodu,
işlətdiyi tək
o bir kəlmə faciəmizin, sözün əsl mənasında, qəlbini açıb, bu dünyadan nakam gedənlərimizin ağısını oxuya
bilib.
Qeyd edim
ki, filmə iki dəfə baxmışam. Avqustun 2-si - Kino Günündəki təqdimatından
sonra film ikinci gün nümayiş etdiriləndə tamaşaçıların
əksəriyyəti “Dolu”nu
yenidən görmək
istəyənlər idi.
Tamaşa dolu zala baxırdım, görüm,
mənə təsir edən kadrlar əksəriyyət tərəfindən
necə qavranılır.
Yanımda bir balaca oğlan oturmuşdu atasıyla. Pələnglə
Drakonun dalaşdığı
epizodda uşaq atasından soruşdu:
“Papa, onlar niyə dalaşırlar?” Diqqəti
ekranda olan ata: “Bizimkilərdir, oğlum, bizimkilər”, - deyə dərindən bir ah çəkərək
cavab verdi.
Ancaq filmin son kadrında qəhrəmanlar
“sərhədi” adlayıb
irəliləyəndə də
uşaq “Papa, onlar hara gedir?”,
- deyə soruşanda,
atası yenə də “Bizimkilərdir, oğlum, bizimkilər, düşmənlərdən torpağımızı
almışıq”, - deyə
cavab verəndə, uşaq “Hə”-deyə sevincək yerindən sıçrayaraq,
elə bu andaca ayağa qalxıb alqışları
ilə kino zalında ekrandakı qələbənin əks-sədasını
yaradan tamaşaçılara
qoşuldu. Ata da əl çalırdı,
ancaq oğlundan fərqli olaraq onun gözləri yaşarmışdı. Mən də
ağlayırdım, çünki
ssenari müəllifinin
geniş təxəyyülü
filmin dar ekranında reallaşmışdı.
Əlahəzrət Kino isə “bizimkilər”
adlı unudulmuş kino terminini özümüzünkü edə
bilmişdi.
Burada bir
daha keçmişdən
sitat gətirmək istərdim. Azərbaycanın
görkəmli kino ustası Muxtar Dadaşov 1943-cü ilin yazında hələ gənc operator ikən faşistlərin Qafqazda müvəqqəti ağalıq
etdikləri dövrdə
törətdikləri vəhşiliklərin
nişanələrini çəkərkən,
o vaxt faşistlərin
vəhşiliyinin təhqiqi
ilə məşğul
olan komissiyanın başçısı, rus
yazıçısı Aleksey Tolstoy ona belə demişdi:
“Çək, oğul,
çək, vaxt keçəcək sənin
səssiz kadrların dilə gələcək və faşizmə qarşı ittihama çevriləcəkdir”. Sonralar Nürenberq
prosesində həmin kadrlar nümayiş etdirilmişdi. Bu mənada,
bu gün müharibə vəziyyətində
olan Azərbaycandakı
həmin müharibəyə
münasibətdə, bir
daha qeyd edirəm ki, yazıçının qeyd
etdiyi təxəyyül
məhsulu olan “Dolu” romanının motivləri əsasında
çəkilən “Dolu”
filmində sözsüz
kadrların olması çox vacib idi; Bizimkiləri daxildən görmək üçün, öz məhkəməmizdə faktları
ayırd etmək üçün.
…
P.S. Bu yazını hissə
qapılaraq yazdığım üçün
“Dolu”nun digər
yaradıcılarının (doğma oğlum da bu
sıradadır) əməyini xüsusi qeyd edə bilmədimsə, üzrlü
saysınlar. Bununla belə,
“haqqınızı kinomuza halal edin” - deyərək bu böyük zəhmətlərinin
dəyərləndiriləcəyinə əmin olduğumu bildirir və “Siz də bizimkilərsiz, Azərbaycan kinosunun cəngavərləri” - deyə onlara alqışlarımı
çatdırıram.
Sədaqət Kamal
Mədəniyyət.-
2012.- 31 avqust.- S. 10.