Əsrin yaşıdı binalar
Bakı milyonçularının paytaxt memarlığında izləri
Bu gün
Bakıya ilk dəfə gələn hər
kəsi şəhərdəki qədimlik və müasirliyi birləşdirən memarlıq
ansamblı özünə cəlb edir.
Paytaxtımızın tarixi və yeni memarlıq nümunələri heyranlıqla
qarşılanır. Bakının mərkəzində
vaxtilə milyonçular tərəfindən
tikdirilən möhtəşəm binalar
illər keçməsinə baxmayaraq, hələ
də öz cazibədarlığını,
gözəlliyini qoruyub saxlaya
bilib. Əgər belə olmasaydı,
yaşı yüzü ötmüş
bu tikililər illərin
sınağından üzü
ağçıxa bilməzdi.
Bu tikililərə nəzər yetirərkən
belə bir qənaətə gəlmək
olar ki, vaxtilə bir-biri ilə rəqabətə girən
Bakı milyonçuları gözəlliyin yaradılması
naminə sərf etdikləri xərclərə heç bir məhdudiyyət
qoymayıblar. Nəticədə XIX əsrin sonu
XX əsrin əvvəllərində Bakı dünyanın ən
nadir memarlıq üslublarına xas möhtəşəm binalarla
bəzənib. Elə bir memarlıq inciləri
ki, onlar həm Şərq,
həm də Qərb elementlərini özündə əks etdirirdi. Bu gün
də həmin tikililər öz möhtəşəmliyini
saxlamaqdadır.
18 illik ömrün əbədi xatirəsi
Bakının müxtəlif yerlərində ötən
əsrdən qalmış qədim və cazibədar binalara rast gəlmək mümkündür. Yeddi ilə tikintisi
başa çatan, sahibinin içində ürəkdolusu
yaşayıb və ömür sürə
bilmədiyi üçmərtəbəli bir
bina var şəhərin
mərkəzində. Bu binanın
bünövrəsi 1895-ci ildə Bakının ən məşhur
milyonçusu və xeyriyyəçisi
Hacı Zeynalabdin Tağıyev tərəfindən
qoyulub. Bina şəhərdə
ən gözəl interyerə malik idi. Ailəsi, özü
və yaxın qohumları tikilən möhtəşəm binada 18 il xoşbəxt yaşaya bilib. 1920-ci ildə
bolşevik hökumətinin gəlişi
ilə kasıbların pənah yeri olan Hacı Zeynalabdin
Tağıyev böyük vəsait xərclədiyi
və yüksək zövqlə, min arzularla inşa etdirdiyi evindən Mərdəkandakı
bağına köçməyə məcbur oldu
və ömrünün son
illərini orada yaşadı. Hazırda bu binada Milli
Azərbaycan Tarixi Muzeyi
yerləşir.
Sevginin
yadigarı
Paytaxtımızda yaşı yüzü
ötmüş tikililərin
sırasında tarixi memarlıq nümunəsi
kimi Akademik Opera və Balet
Teatrının binasını da göstərmək
olar. Cəmi bir il ərzində ucaldılmış bu möhtəşəm tikilinin
tarixi çox
maraqlıdır. Paytaxtdakı bir çox əzəmətli binalar
kimi, onun da inşasında Bakı
milyonçularının böyük əməyi
olub. Mənbələrdə binanın
1910-cu ildə tikildiyi göstərilir.
Deyilənlərə görə, hər şey
həmin il Rusiyanın məşhur
xanım opera müğənnisinin
Bakıya qastrola gəlməsi ilə
başlayıb. Möhtəşəm konsert
proqramı ilə çıxış etdikdən sonra şəhər milyonçuları
müğənninin şərəfinə böyük
ziyafət təşkil ediblər. Ziyafətdə ondan növbəti dəfə Bakıya nə zaman səfər edəcəyini soruşublar. O isə cavabında Bakıda opera ifası üçün
binanın olmamasından gileylənib. Onun
sözləri bakılı milyonçulara,
xüsusilə də Mailov
qardaşlarına pis təsir göstərib.
Həmin vaxt şəhərdə belə
şayiələr dolaşırmış ki,
milyonçu qardaşlardan
biri həmin xanıma bərk vurulub. Onun müğənniyə
hədiyyə etdiyi brilyantların,
bahalı libasların sayı-hesabı bilinmirmiş.
Müğənnini Bakıda yenidən görmək naminə Mailov ona bir
il ərzində Bakıda möhtəşəm
opera binası tikdirəcəyinə söz verib. Binanın
layihəsini hazırlamaq memar N.Bayevə həvalə
edilir. Bakının mərkəzində, indiki Nizami küçəsində
inşaat işləri başlayır.
1911-ci il fevralın 28-də opera teatrının binası təhvil verilir. Tikilinin memarlıq üslubu onu görənləri
heyrətə gətirir. Burada əsrin əvvəllərinə
aid barokko, rokoko elementlərinin öz
əksini tapır. Binanın dörd tərəfində
yerləşdirilmiş afişa
sütunları, fənərlər ona xüsusi görkəm verirmiş.
Teatrın salonundakı akustika isə bu gün də buraya gələn əcnəbiləri təəccübləndirməkdə
davam edir.
Səadətin ünvanı
Bu gün Bakının mərkəzində
memarlıq ansamblına məxsusi rəng qatan
qotik üslublu məşhur
binanı milyonçu Murtuza
Muxtarov həyat yoldaşı Lizanın
şərəfinə tikdirmişdi. Venetsiyada səfəri zamanı oradakı
binaların arxitekturasına valeh olan milyonçu onlara oxşar sarayı
Bakıda bir il ərzində
(1911-1912) tikdirir. Sarayın -
sütunları, tağları, buta və
gülləri, pəncərə və qapıları, bəzəkləri
təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Sarayı məşhur polyak
arxitektoru Yozef Ploşko fransız qotik üslubunda layihələşdirib. Hazırda
həmin binada Səadət sarayı yerləşir.
Milyonçu Murtuza Muxtarovun taleyi isə
acı sonluqla bitib.
1920-ci ildə bolşeviklərin onun
möhtəşəm binasını zəbt etdiklərini
eşidən kimi bağ
evində özünü güllələyir.
İşıq dolu
xatirə
XX əsrin əvvəllərində tikilən və bu gün də arxitektura baxımından Bakıya xüsusi gözəllik verən abidələr
sırasında «İsmailiyyə» binası özünəməxsus
yer tutur. Tikildiyi dövrdən bu
günə qədər xalqımızın tarixində zaman-zaman baş vermiş bir çox tarixi hadisələri
özündə yaşadan bu bina həm də tariximizin yaddaşıdır desək,
yanılmarıq. Ona görə ki, Azərbaycanın müstəqillik
ideyaları ilk dəfə məhz bu binada səslənib.
Binanın əsası neft milyonçusu
Ağamusa Nağıyev tərəfindən
1907-ci ildə qoyulub. Onu
da qeyd etmək yerinə
düşər ki, vaxtilə Azərbaycan
milyonçuları arasında «xəsis» kimi
ad çıxarmasına baxmayaraq,
Nağıyev bizlərə nə az, nə
çox - 98 bina yadigar qoyub.
Memarlıq üslubu baxımından
isə olduqca heyrətamiz tikili
olan «İsmailiyyə»ni milyonçu
dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Binanın maraqlı tarixçəsi var. Bir gün
Ağamusanın oğlu İsmayıl vərəm
xəstəliyinə tutulur. Ailə həkimi
gənci müayinə etdikdən sonra
Nağıyevə deyir ki,
oğlunun vəziyyəti çox
ağırdır. Əgər tez tədbir
görülməsə, ölə bilər. Amma
50 min manata qədər
xərci var. Hətta həkim milyonçuya təklif edir
ki, oğlunu özü İsveçrəyə aparıb 1
il ərzində müalicə etdirib gətirəcək. Musa
Nağıyev deyir ki,
yalnız 10 min manat
verə bilər. Söhbət bununla da bitir. Lakin
İsmayılın halının günü-gündən pisləşdiyini
görən milyonçu son
anda onun müalicəsi
üçün 50 min
manat verməyə razı olur.
Lakin artıq gec idi, oğlu
dünyasını dəyişir. Ona oğlunun xatirəsinə bina
tikdirmək təklifi isə Hacı Zeynalabdin
Tağıyevdən gəlir.
Bu binanı da
polşalı arxitektor Ploşko
layihələşdirib. Memarın etirafına
görə, onun ən böyük
arzularından biri Bakının mərkəzində
Azərbaycanın milli ornamentləri ilə
bəzədilmiş əzəmətli binanın layihəsini
işləmək imiş. Nəhayət,
“İsmailiyyə” binası ilə bu arzusuna çatır. Binanın
divarlarına həkk olunmuş
naxışlar bu gün
də hər kəsi valeh edir.
Mehparə
Mədəniyyət.-
2012.- 31 avqust.- S. 12.