Hindistanın
böyük azərbaycanlı şairi: Mirzə Əsədulla
xan Qalib
Mədəniyyət tariximizdə elə
sənətkarlar olub ki, onların
yaradıcılığı bir neçə mədəniyyəti,
ənənəni, dili özündə birləşdirib. Belə
görkəmli sənətkarlardan biri də Hindistanda
yaşayıb-yaratmış azərbaycanlı şair Mirzə
Əsədulla xan Qalib olub. Jurnalist-etnoqraf Ənvər
Çingizoğlu şairin həyat və
yaradıcılığı barədə dəyərli tədqiqatlar
aparıb. Bu barədə onunla söhbət etdik.
Həmsöhbətim
bildirdi ki, Mirzə Əsədulla xan Qalib 1797-ci ildə Hindistanın
Əkbərabad (Aqra) şəhərində Qalamahal məhəlləsində
anadan olub. Abdulla xan və əmisi Nəsrulla xan Aləm
şahın (1759-1806) hakimiyyəti dövründə Təbrizdən
Hindistana köçüblər. Hərbi əyan silkinə mənsub
olduqlarından hərbi xidmətə qəbul ediliblər.
1806-cı ildə atası Abdulla xan döyüşlərin
birində həlak olur. Mirzə Əsədullanı əmisi
saxlayır, təlim-tərbiyəsi ilə ciddi məşğul
olur. O, mükəmməl mədrəsə təhsili alır.
Erkən yaşlarında poeziyaya maraq göstərir. Bundan əmisinin
də xoşu gəlir. Ona bir çox işlərdə mənəvi
dəstək olur. Gənc şair tez bir zamanda tanınır.
Şeirləri nəinki müsəlmanlar, eləcə də
hindlilər arasında geniş yayılır. Məhz bu səbəbdən
Mirzə Əsədulla türk əsilli olsa da, hind şairi,
daha doğrusu, Hindistanın sonuncu klassik şairi hesab edilib.
Mirzə Əsədulla
Hindistanda geniş şöhrət qazansa da, Azərbaycanda
çox-çox sonralar tanınıb. Əvvəllər
adına bir-iki təzkirədə rast gəlinib. Təzkirəçi
Mirzə Məhəmmədəli Tərbiyət onu gözəl
təbli və şirin ləhcəli şair kimi səciyyələndirərək
bir məsnəvisini də təqdim edir:
Bax bu sözümə
zahid, gəl sən də xərəbata,
Qaldır qədəhi,
baxma danlaqla xürafata.
Əvvəlcə sən
et tövbə nəfsinə itaətdən,
Olmaz səməri yoxsa
heç zaman nədamətdən.
Tədqiqatçı
həmkarımızın sözlərinə görə, Mirzə
Əsədulla xan Qalib kəşməkəşli ömür
yaşayıb. Bir müddət əmisi Nəsrulla xana görə
dövlətdən təqaüd alır. O da müəyyən
vaxtdan sonra kəsilir. Ağrılı-acılı həyatında
maddi və mənəvi sıxıntı keçirir. 1828-ci
ildə Kəlküttəyə gedir. Fikirləşir ki, bəlkə
ingilis general-qubernatoru (Hindistan o zaman ingilis müstəmləkəsi
idi) ona yardım edər. Ancaq bu ümidi boşa
çıxır. İmkansızlıq onu bəd əməllərə
də yönəldir. Qumar oynadığına görə,
1847-ci ildə həbs edilir. Bir neçə ay zindanda
yatır.
Nəhayət, 1850-ci
ildə tale yenidən onun üzünə gülür. Mirzə
Əsədulla xan Qalib bir tarixçi kimi II Bahadur şahın
(1775-1862) sarayına dəvət edilir. Sonra müxtəlif vəzifələrə
təyinat alır. 1854-cü ildə vəzir vəzifəsinə
yüksəlir.
Ancaq onun saray həyatı
da uzun sürmür. 1857-ci ildə Dehlidə ingilislərə
qarşı qiyam baş verir. Qiyam yatırılandan sonra şəhərin
müsəlman elitasına divan tutulur. Digər saray adamları
ilə yanaşı, Mirzə Əsədulla xan Qalibin də
bütün əmlakı əlindən alınır. Şəhərdə
müsəlmanlara aid, xüsusilə tarixi-memarlıq abidələri
tamam məhv edilir. Şair həmin talan və
dağıntını belə təsvir edib: “Mən Dehlinin
bir-birinin ardınca dağıdılan binalarını
gördüm. Məşhur bazarlar gözümün
önündə məhv edildi, məhəllə və
küçələr tamam dağıdıldı".
1859-cu ildə yazdığı məktubunda bu barədə
bir daha qeyd edir: “Dehli qalası dağıdıldı, Cümə
məscidi, Çandri Çovk məscidi uçuruldu, hanı
bizim gördüyümüz Dehli..?"
Onun Dehli qiyamından
sonrakı həyatı daha çox silsilə məktublarında
öz əksini tapıb. Onun poetik məktublarından
görünür ki, ingilislər Dehlini səhraya çevirib,
sonra da yerində hərbi düşərgə salıblar.
1863-cü ildə yazdığı məktubunda sanki haray
çəkir: "O gələn Mir Mehdidir, Yusuf mirzədir,
Mirandır və Yusufəli xandır. Allah, Allah, mən minlərcəyə
göz yaşı axıdıram. Mən öləndə, kim
ki, mənə göz yaşı axıdacaq, onlar məhv olub
gedirlər".
Mirzə Əsədulla
xan Qalib "Dastanbu", "Kaviyanların
bayrağı", "Beşlik" adlı tarixi əsərlər
yazıb. 1859-cu ildə qələmə aldığı
"Şərhi-Qate" adlı bir tənqidi əsəri də
var. Bu, həmyerlisi Mövlanə Məhəmmədhüseyn Təbrizinin
yazdığı "Bürhani-Qate" əsəri
haqqındadır. O, standart lüğət kimi qiymətləndirilən
"Bürhane-Qate"dəki səhvləri göstərir...
Qalib bu əsərlə özünü cəncələ
salır. Çünki Hindistan, Orta Asiya və İranda Məhəmmədhüseyn
Təbrizinin ardıcılları, sevənləri çox
olur. Bunun cavabında onlar Qalib haqqında çox ağır
tənqidlər yazır, hətta onu kafir elan edirlər. Qalibin
Hali adlı bir şagirdi sonralar qeyd edib ki, ustadının
başı bu yazıdan çox bəlalar çəkdi. O hər
gördüyünə danışırdı ki, mən
Allahın təkliyinə inanıram...
Mirzə Əsədulla
xan Qalib 1810-cu ildə Lohar zadəganlarından (əslən
buxaralı) Nəvvab İlahibəxş xan Məərufun
qızı ilə ailə qurub. Yeddi övladı olsa da, onlar
kiçik ikən dünyalarını dəyişiblər. Bu
itki şairin yaradıcılığında da dərin izlər
qoyub.
Onu da qeyd edək ki,
şeirlərini əvvəl farsca yazıb, ancaq sonra urdu dilinə
üstünlük verib. Hər iki dildə də gözəl
şeir nümunələri yaradıb. Onun dövründə
hakimiyyətdə moğollar olub. Ancaq onlar fars dilində
danışıblar. Bu dil dövlətin rəsmi dili olub...
Bütün bunlara baxmayaraq, Qalib xalq şairi olur. Dehlidə
geniş xalq kütləsi urdu dilində
danışdığından o da, bu dildə yazmağa
üstünlük verib. 1850-ci ildən sonra fars dili, demək
olar ki, Hindistanda unudulur. Mənbələrdə Fətullah bəy
adlı bir ədib öz əsərində yazır:
"Qalibin müasirləri Zauq, Ələvi, Azurda, Nəyyar,
Aiş, Mömün, Şəfta, Cövhər, Səhbai,
Nazir Əkbərabadi və Tufla kimi ədəbi simalar urdu
dilini seçmişdilər. Onların bir çoxu Qalibin
şagirdləri idilər. Hətta Moğol imperatoru Bahadur
şah Zəfər təxəllüsü ilə hərdən
urdu dilində şeir yazır. O, bununla urdu dilinin
çiçəklənməsinə rəvac verdi. Ümumiyyətlə,
urdu dilinin dövlət dili səviyyəsinə yüksəlməsində
Qalibin əvəzsiz zəhməti olub”.
Mirzə əsədulla
xan Qalibin 1841-ci ildə urdu, 1845-ci ildə isə fars dilində
divanı çap olunub. Şair ömrünün müdrik
çağında, 1869-cu ildə Dehlidə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 31 avqust.- S. 13.