Başmaqçılıq və çəkməçilik

  

   Azərbaycanın sənətkarlıq tarixini vərəqləyərkən görürük ki, əsrlər boyu müxtəlif sənət sahələrinin inkişafı əsasən böyük şəhərlərdə cəmləşib. Bu ilk növbədə iri şəhərlərdəki iqtisadi-ticarət əlaqələri ilə bağlı olub.

   Ölkəmizdə başmaqçılıq, yaxud çəkməçilik sənəti də qədim tarixə malikdir. Başmaq milli geyim kompleksinin başlıca ünsürü olub. Şəhər əhalisinin böyük əksəriyyəti, kənd əhalisinin isə müəyyən qismi başmaq geyinərmiş. Hələ ilk dövrlərdən çəkməçilik sənət daxilində ixtisaslaşma nəticəsində müxtəlif sahələr üzrə inkişaf etməyə başlayıb. Başmaqçılıq, çustçuluq, pinəçiliyi buna misal çəkə bilərik. Aşılanmış dəri məmulatları arasında ayaqqabı istehsalı başlıca mövqe tutub. Başmaq dükanlarına sənət və ticarət mərkəzlərinin hamısında rast gəlmək olardı. Şamaxı və Nuxa şəhərləri bu sahədə xüsusilə fərqlənirdilər. Xırda başmaq dükanları isə hər zaman əmtəə istehsalı səciyyəsi daşıyırdı. Dükanlar əsasən şəhərin gur ticarət gedən mərkəz hissələrində yerləşərdi. Dükanlarda kişi və qadın başmaqları ilə yanaşı, şəhər əhalisi arasında dəbdə olan dübəndi və nəleyin ayaqqabı növləri də satılardı.

   Dövrə uyğun olaraq qadın və kişi başmaqları ölçü və rənglərinə görə bir-birindən fərqlənirdi. Ən çox istifadə edilən rəng isə qara rəng olub. İstehsalda sağrı, gön, müşkü, müşənbədən istifadə edilirdi. XX əsrin əvvəllərindən çəkməçilikdə, yəni başmaqçılıqda padoş, xrom kimi sənaye məmulatlarından istifadə edilməyə başlandı. Vaxtı ilə sağrı və müşküdən hazırlanmış başmaq növləri daha çox dəbdə imiş. Sağrı başmağın istehsal mərkəzi isə Şuşa şəhəri olub. Bu səbəbdən də ətraf ərazilərdə sağrı başmaq növüQala başmağı” adı ilə tanınarmış.

   Başmağın istehsal ləvazimatları sırasına əndazə, qəlib, mixət, kərki, ipliks. daxil idi. Çox da hündür olmayan alçaq başmaqçı mizi isə “dəzgə” adlanırdı. Başmaq istehsalında dekorativ məqsəd daşıyan tikiş növləri də tətbiq edilirdi. Təlbə, qoşasırıq, kökləmə bu tikiş növlərinə aid edilir. Başmaqların daban hissəsinə çox vaxt nal vurulurdu. Nəleyinlərin dabanı isə alçaq və nalsız olurdu. Çust, çarıq və məstlər ən ucuz başa gələn ayaq geyimi olduqları üçün kənd əhalisi əsasən bu növlərdən istifadə edərdi. Bu ayaqqabıları xüsusi ustalar hazırlayardı. Çustun altı göndən, üstü isə müşkütumacdan tikilirdi. Bir qayda olaraq toybayramlar üçün tikilən başmaqlar bəzəkli olardı.

   Zaman keçdikcə başmaqçılığın yeni növü - çəkməçilik inkişaf etməyə başladı. Bu sahə də növlərə bölünərək inkişaf edirdi. Belə ki, uzunboğaz çəkməni əsasən varlılar geyinərdilər. Zəngin ailələrdən xanımlar da çox zaman uzunboğaz çəkmədən istifadə edərdilər. Beləliklə də, müəyyən inkişaf yolu keçən çəkməçilik sənəti müxtəlif mərhələlərlə bu günümüzə gəlib çatıb.

 

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 31 avqust.- S. 13.