Tariximizin əfsanəsi - Hacı Zeynalabdin
Tağıyev
Şərqin ilk
mesenatı, Azərbaycan milli
burjuaziyasının ən parlaq
simalarından biri, böyük
xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin ölümündən 88 il
keçir.
1917-ci ilin
axırlarında Hacı Zeynalabdin Tağıyevin
şəxsi kapitalı 30 milyon manata çatırdı. Uzun
illərdən sonra bir
sual insanları düşündürürdü:
adi bir bənna köməkçisi,
təhsilsiz və kasıb bir insan bütün bunlara necə sahib olmuşdur? Onlar bir həqiqəti unudurdu:
Tanrı səhv etmir. O, Zeynalabdin adlı bəndəsini seçmişdi və seçim
bir xalqın taleyində mühüm
rol oynayacaqdı. Buna baxmayaraq dünənki palçıq
daşıyan həyatın hər üzünü
görməli, müxtəlif sınaqlardan keçməli, sonradan ağıllı kapitalist
kimi Şərqin böyük
mesenatı olmalı idi...
“Millətin atası”
... O, 1872-ci ildə neftçıxarma
işinə sərmayə qoymuş və
sahibkarlıq fəaliyyətinə başlamışdı. Əvvəllər
payçı olmuş, 1886-cı ildə
isə firmanın vahid sahibkarına çevrilmişdi. 1897-ci ildə Bakıda
“Tağıyev H.Z. lifli maddələrin
emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti”ni,
1900-cü ildə toxuculuq fabrikini,
1911-ci ildə “Xəzər Manufaktura
Cəmiyyəti”ni, 1916-cı ildə “Tağıyev Balıq Sənayesi
Cəmiyyəti”ni təşkil etmişdi.
Bundan əlavə,
Tağıyevin Azərbaycanda və Dağıstanda balıq
emalı, çəllək zavodları, vətəgələri,
ticarət gəmiləri, müəssisələri vardı.
O, yerli sahibkarlarla
1914-cü ildə Bakı Ticarət Bankını
yaratmış və Bank
Şurasının ilk sədri seçilmişdi.
Bütün bunlar öz
yerində. Tağıyevin sərvəti artdıqca bir əlinə gələn varı o biri əlindən
paylanırdı. Milyonçu Hacı Zeynalabdin hər əl açana
pul verib yola salmırdı, imkansız
soydaşlarına iş təklif edib ömürlük
çörək verirdi. Hələ sağlığında haqqında əfsanələr
dolaşan milyoner millətin
nicatını təhsildə görürdü.
Məhz buna görə də Azərbaycanda
müxtəlif təmayüllü məktəblər (həmçinin
Bakıda müsəlman qızlar üçün
ilk gimnaziya)
açdırmış, gəncləri öz
vəsaiti hesabına təhsilə cəlb etmiş, xaricə oxumağa
göndərmiş, ilk milli
teatrın binasını tikdirmiş, “Kaspi”, “Həyat”, “Füyuzat”
kimi qəzet və jurnalların nəşrinə,
mədəni-maarif cəmiyyətlərinə, milli
kadrların hazırlanmasına xeyli vəsait
sərf etmişdi. Bütün
bu əməllərinə görə
“millətin atası” kimi ad
qazanmış, şöhrətlənmişdi.
O, neft maqnatı kimi
ad çıxarsa da,
digər sahələrdə də böyük
işlərə imza atmış, Bakı
şəhərində əvəzolunmaz arxitekturalara
və dizayna malik binalar inşa etdirmişdir. Onlardan bir neçəsinə nəzər salaq.
111 yaşlı Tağıyev
sarayı
Tarixin yaddaşında Tağıyev
sarayı kimi əbədiləşən
və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi
binanın 111 yaşı var. Saray 1895-1901-ci illərdə inşa
olunub. Bakının baş
memarı İosif Qoslavskinin
layihəsi əsasında tikilən Tağıyev sarayı dövrünün ən gözəl
binalarından biri idi.
Sarayın inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışıb.
Sarayın daxilindəki bütün
avadanlıq Rusiyadan, Fransadan,
Amerikadan, Almaniyadan gətirilib.
Məlumata görə, təkcə binanın tikintisinə 1,2
milyon rubl vəsait xərclənib.
1920-ci ilin aprelində
Azərbaycanda hakimiyyəti ələ keçirmiş
bolşeviklər Tağıyev sarayını müsadirə etmiş və bir qədər
sonra da onun bir hissəsində
Dövlət Tarix Muzeyi
fəaliyyətə başlamışdı. 1941-ci ildə Tarix Muzeyi Şirvanşahlar
sarayına köçürülmüş,
Tağıyev sarayında isə Azərbaycan SSR Xalq Komissarları Soveti
yerləşdirilmişdi. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarıldı.
Nəhayət, 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan
Tarixi Muzeyinin
ixtiyarına verildi. Tağıyev
sarayı bir neçə dəfə rekonstruksiya olunub. 2007-ci
ildə Prezident İlham
Əliyevin sərəncamı ilə əsaslı təmir-bərpa
olunaraq yenidən ziyarətçilərin
üzünə açılan bina
möhtəşəmliyi ilə diqqət çəkir.
Bu gün burada Tağıyevin ev-muzeyi
də fəaliyyət göstərir. Azərbaycan və İtaliya mütəxəssisləri
Tağıyevin ailə fotoalbomu əsasında
otaqların əvvəlki görkəmini bərpa edə biliblər.
Ev-muzeyi 9 otaqdan ibarətdir:
Tağıyevin iş kabineti,
Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat
otağı, Sona xanım
Tağıyevanın bəzək otağı (buduar),
yataq otağı və təmizlik
otağı.
Muzeydə Tağıyevin portreti
də var. Bu portret Bakıda orta texniki məktəbin binasının tikilməsində
göstərdiyi xidmətlərə,
maddi yardıma görə Bakı Şəhər Dumasının
sifarişi ilə
1912-ci ildə görkəmli
rəssam İ.Brodski tərəfindən çəkilib. Şərq zalı gözəlliyi
və möhtəşəmliyi
ilə seçilir.
Zalın
tavanına qızıl
işləmələrlə Quran ayələri yazılıb.
Tağıyev teatrı
Bakı milyonçusu
Hacı Zeynalabdin Tağıyev bu binanı (hazırda Musiqili Komediya Teatrının yerləşdiyi
bina) 1883-cü ildə
özünün taxıl
anbarının özülü
üzərində tikdirib.
Tikintiyə mühəndis-memar Lemkul başçılıq
edib. Bina bir neçə
dəfə yanıb.
Akademik Milli Dram Teatrı 1922-ci il
yanvar ayının
17-dən 1960-cı ilin avqustuna
qədər bu binada fəaliyyət göstərib. 1960-cı ildən teatr indiki binasına (Füzuli meydanına) köçüb. Tağıyev teatrı binası isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilib. 1980-ci illərin sonunda uçmaq təhlükəsi
olduğuna görə,
həmin bina söküldü. Fasad görkəmi
ilkin şəkildə
saxlanılmaqla Tağıyev
teatrı yenidən, müasir memarlıq üslubunda yenidən tikildi.
Tağıyev teatrı bir müddət qəzet məlumatlarında, afişa
elanlarında, tamaşaların
məramnamələrində “Şəhər teatrı”
kimi də yazılıb. El arasında da “Şəhər teatrı”
ifadəsi işlənib.
Bu teatr tarixi
rolunu oynayır, ancaq həyat heç də ədalətli olmur. Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra 1922-ci ildə bu teatra
Dadaş Bünyadzadənin
adı verilir və açılış
mərasiminə 84 yaşlı
Hacı Zeynalabdin Tağıyev də dəvət edilir. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün
zal ayağa qalxır, yeni hökumət nümayəndələri
belə, o dövrün
təbirincə desək,
milli burjuaziyanın təmsilçisini sürəkli
alqışlarla qarşılamaqdan
çəkinmirlər. Bu münasibətdən son dərəcə
mütəəssir olan
Hacı göz yaşlarını saxlaya bilmir...
Tağıyevin 1898-ci ildə tikdirdiyi, ikimərtəbəli nəhəng
bina isə Tağıyev pasajı kimi məşhurlaşıb
və əsasən məktəblilər üçün
dərs ləvazimatı
və geyim satılan binada kiçik tamaşa salonu da olub.
* * *
Bakı nefti
kimi, bakılı milyonçunun şöhrəti
də sərhədləri
aşıb çox-çox
uzaqlara yayılmışdı.
İti ağlı, dərin düşüncəsi və
ən əsası nəfsini özünə
qul etməsi Hacını həmişə
yüksək mərtəbədə
saxlamışdı.
İnsanlardan fərqli olaraq, tarix heç nəyi unutmur. Hindistandan İngiltərəyə gedən
bir ingilis zadəganı Bakıda olarkən, Tağıyevlə
görüşür. Onun görünməmiş xeyriyyəçiliyinə,
yüksək mədəniyyətinə,
insanlığına valeh
olan bu sərraf
Hacının şəklini
özü ilə Vətəninə aparır.
Öz pulu ilə Edinburq
şəhərində Hacı
Zeynalabdin Tağıyevin
heykəlini ucaldır.
Yeri gəlmişkən, bu, Qərbdə ucaldılan
ilk azərbaycanlının heykəli olur.
Marağayi
"İbrahim bəyin
səyahətnaməsi" kitabında yazır: “...Zeynalabdin Tağıyev öz dindarlığı
və səxavəti ilə hamının hörmətini qazanmışdır.
Allah belə müsəlmanları
bizə çox görməsin".
...Bəli,
Zeynalabdin də Tanrının adi qullarından biri idi. Həyatın şirinini də,
acısını da hamı kimi dadırdı. Ucala biləcəyi
mərtəbəyə kimi
bütün pillələri
qalxmışdı. Belə günlərin
birində var-dövləti
dünyaya sığmayan
Hacı xətrini çox istədiyi və böyük hörmət bəslədiyi
Axund Mirzə Əbu Turabla söhbət edirmiş.
Söhbət əsnasında Əbu
Turab deyir ki, bütün bu var-dövləti Allah verdiyi kimi günlərin
birində geri də ala bilər. Onun bu sözləri Hacını təəccübləndirir.
Fikirləşir ki, bu boyda neft buruqları,
balıq vətəgələri,
fabrikləri, zavodları,
saya gəlməyən
var-dövləti necə
əldən çıxa
bilər? Ağlına gələnləri dilinə
də gətirir.
Bir Allah şahiddir ki, Əbu Turab
o an hansı hisləri keçirir...
Hacının son vəsiyyəti
...Zaman
öz axarında idi. Əbu Turab
Hacıdan 14 il
əvvəl, 1910-cu il
sentyabrın 1-də dünyasını
dəyişir. Bir müddət
sonra çar Nikolay taxtdan salınır, soyuq şimal küləyi kommunist dalğalarını
cənuba tərəf
gətirir. Hacının səltənəti get-gedə
laxlayır, var-dövləti
əldən çıxır.
Ömrünün son günlərində dünyagörmüş Hacı
tez-tez Əbu Turabın dediyi kəlmələri xatırlayırdı.
Həyatın müxtəlif məqamlarında
insanlara örnək olan Hacı vəfatından öncə
Əbu Turabın ayağı altında dəfn olunmasını vəsiyyət edir.
1924-cü il sentyabrın
1-də zəmanəsinin ən
qüdrətli şəxsiyyətlərindən
biri sayılan Hacı Zeynalabdin Tağıyev dünyasını
dəyişir. Onun vəsiyyətinə
əməl olunur.
Hacı Mərdəkandakı qəbiristanlıqda
Əbu Turabın məzarının ayaq tərəfində dəfn
olunur.
...Şura hökuməti Hacının səltənətini
yerlə-yeksan etdi.
Millət atası xalq
düşməni kimi
təqib olundu. Milyonlara çörək verən
Hacının doğma
övladları çörəksiz
günlər yaşadı.
Ailəsi, nəvə-nəticəsi uzun illər Vətəndən didərgin
salındı. Qırmızı imperiya Hacının milyonlarını yerlə-yeksan
etsə də, onun gördüyü işlərin üzərinə
kölgə sala bilmədi. O, yenə
millətinin fəxr edilən oğlu, dünənimizin əfsanəsi
və tariximizin bir parçası olaraq yaşamaqdadır.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 31 avqust.- S. 15.