Oğuz rayonunda
“Kitabxanaçı günü”
Kitabxanalar xalqın milli sərvətidir. Əsrlər boyu xalqımızın yaratdığı tarixi, mədəni və elmi-fəlsəfi irsimizin qorunub saxlanmasında, bu irsin nəsildən-nəslə çatdırılmasında, cəmiyyətimizin intellektual səviyyəsinin inkişafında kitabxanaların rolu əvəzsizdir. Hər bir kitabxana cəmiyyətin inkişaf göstəricisidir.
Noyabrın 23-də Oğuz Rayon Mərkəzi Kitabxanasında keçirilən “Kitabxanaçı günü” adlı tədbirdə də bu fikirlər vurğulandı.
Tədbirdə rayonun idarə və təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Çıxışlarda bildirildi ki, müasir dünyada informasiya texnologiyaları, elektron məlumat mənbələri nə qədər sürətlə inkişaf etsə də, kitabdan aldığımız mənəvi zövq həmişə əvəzsiz olaraq qalacaq. Kitab həmişə insanın mənəvi dünyasının, əxlaq və vərdişlərinin formalaşmasında müstəsna rolunu qoruyub saxlayacaq.
Xüsusilə gənc valideynlərə tövsiyə olundu ki, övladlarında kiçik yaşlarından kitaba, mütaliəyə maraq aşılasınlar. Tədbir kitabxananın uşaq ədəbiyyatı şöbəsinin şəhər 2 saylı məktəbinin şagirdləri ilə birgə hazırladığı “Türk dünyasının sönməz ulduzu Əhməd Cavad” mövzulu kompozisiya ilə yekunlaşdı. Elə böyük sənətkarlar var ki, yaradıcılıqları və həyatı bir ümmana bənzəyir. Əhməd Cavad da belə söz ustalarımızdandır. “Kitabxanaçı günü” münasibətilə 2 saylı məktəbin şagirdlərinə, fəal oxuculara, eləcə də Mərkəzləşmiş Kitabxana Sistemində çalışan bir qrup kitabxanaçıya Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edildi.
Qəsidə Hüseynova,
Oğuz
Mədəniyyət.-
2012.- 5 dekabr.- S. 15.