Salamat yat, salamat...
Bu dünyandan arxayın ol, o
dünyadan muğayat...
Çox yava-havalı səslənişdir, şair,
özüm də bunun fərqində. Amma bu səkkiz
illik sənsizlikdə də xalqın səni hər gün, hər
saat təbərrik kimi yad etməsilə ilgilidir bu ruhi
ismarıc. Bir az da sənin bu illərdən
öncəki “dildəndışarı” səslənişlərinə
güvənimdən yanadır. Sən “qədim tarix dərəsi”ndəkilərə
- “məndən ötdü” demişlərimizə demirdinmi
“Adınızı tarixlərdən oğrayaram, Ruhunuzu qiymə-qiymə
doğrayaram!”?..
Elə demirdinmi, belə
yazmırdınmı:
“Nazim qırx il,
düz qırx il dünyanın şeir-sənət limanlarına
Türkiyə yükü boşaltdı, Bəs ondan şairə
nə çatdı?!”
Bəs, sənin - düz əlli il dünyanın o çağkı və gələcək
qəlblərinə təkrarsız, - təkrar edirəm, - təkrarsız
poetik obrazlar bəxş etmişin ruhuna belə xitab etməyib,
necə səslənim, Məmməd Araz?! Səkkiz ildir sənsiz
düşülən “dəvə yal”larla, əllərdən
çıxan “ovsar cığır”larla, qayaların - körpə
cüyür balalarına “su saxlayan çalası”yla, “bir də
öpüm telindən” umacağın öncəsi xitab etdiyin
incədən incə, qəlblərə sözqönçə
təsiri bağışlayan “balam çiçək”lərlə,
“...arxamca sən də - boylan, salamat qal, bax, salamat qal” - deyə
vidalaşdığın, bütün real cazibədarlardan
daha canlı, dipdiri “ey qaragöz pəri”lərlə
müqayisədə bu yazının başlığında nə
“dəvədə buynuz”luq varmış ki?..
Hələ “Altı qızdan biri Pəri”!..
...Və
bu da mənim sənsizlik illərində yazdığım -
Səkkiz yazıdan biri...
O yazılarımın əksərində
Səndən var kimi danışmışam. Tək
elə ulu kimi yox, bu gün də olu kimi bəhs etmişəm.
Ötənilkində isə, sözümün
sapını qaçırıb, bir qədər anımanə,
ağısayağı söz açmışam. Öz
misralarını tutarğalayıb yazmışdım ki, bir
şair vardı, ömrü boyu tufan əydi, su yardı, Xətainin
qılıncını suvardı - Məmməd Araz
karandaşı göyərdi...
Ərz etmişdim ki,
bu şair o karandaşla bir xətt çəkdi - “Vətən
daşı olmayandan - olmaz ölkə vətəndaşı”
patriot-portreti yarandı. Can kətanına iki
cızıq atdı - “Vətən mənə oğul desə,
nə dərdim, Mamır olub qayasında bitərdim!”
avtoportreti donatdı. O karandaşın üçüncü
çaba-çəkimində - “Ey dəvə yal,
düşdüm daha belindən, Ovsar cığır,
çıxdın daha əlimdən, Balam çiçək,
bir də öpüm telindən...” peyzaj-triptixi boy atdı...
Sonra da
ataların “say
cızığı”ndan çıxmaq cəhdilə söz
havasını dəyişmişdim. Belə bir
hədəflə ki, o cızıqdan çıxar olmasam, bu
ümummilli, ümumədəb və əbədi karandaş
yiyəsinin ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki,
cisminə “Ürəyimsiz kəlmə yazan deyiləm, Nə qədər
ki, öz əlimdir yazanım!” dedirdilən çağlarda
“Azərbaycan!” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə
toxuna bilər” söyləyirdi. “İti
bazarında atından baha - Mən belə dünyanın nəyindən
küsüm?!” hayqırırdı. “Bir
ağılın budağından sallanıb, Neçə-neçə
ağlıdayaz yaşayır” rəsmləyirdi.
Elə yeri gəlmişkən
(daha doğrusu, üslub havasını dəyişmişkən),
o karandaşın yaratdığı yüzlərlə
tablodan dörd və beşxətlisini də sərgiləyim;
birini təbiətdən, birini cəmiyyətdən.
...Yox, o özü də təbiəti
“hakim”, cəmiyyəti “məhkum” saydığı
üçün, qoy hər ikisi “fağır”a yönəli
olsun. Öncə daha bir avtoportret qisimlisi:
Bu axşam...
Özümdə yoxam bu axşam,
Ağlı kəsilməmiş kəsilmiş
başam,
Elə bil özümdə dəfn
olunmuşam...
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə
qanadını gər...
Əl saxlayıb,
göz yumub düjün-düjün düşüncələrə
dalmayaqmı? Bu lövhədəki
“tragizm”də səslənən minor-major taktların fərqinə
varmayaqmı? Yəni, guya, heç nə yaza bilmədiyinə
acıyıb, ilham pərisini dadına yetişməyə
çağıran şairin bu dadlı-ləzzətli mənəvi
təamından qan təzyiqimizin göylərin “səkkizinci”
poeziya qatına qalxması ehtimalına da düşməyəkmi?
Əlbəttə, burada söhbət təkcə tibbi qandan
yox, nitqi məsdər-fel halından (qanmaq) da gedir...
Daha bir cəmiyyət
lövhəsi. Bu dəfə beş xətlə:
Bax donqar dəvənin səbət
yükünə,
Bənzəyir içiboş
şöhrət yükünə,
Ömür karvanının sənət
yükünə
Bir-iki qeyrətli söz yükləməsək
-
Sən kimə gərəksən,
mən kimə gərək?..
Bu, şairin elm və
ədəbi-mədəni-mənəvi təfəkkür
korifeylərimizdən biri, milli ziyalılıq meyarı kimi
qiymətləndirdiyi Xudu Məmmədova ithaf etdiyi üç
şeirinin birindən bir bənddir. Bu beşxətli beş bəndlik “tablo”da, bir çox milli-mənəvi
obrazlardan başqa, iki subyekt var, beş obyekt. Subyektlərdən
biri - həmin o “bir çox milli-mənəvi obrazları”
bütün ömrü uzunu canında-qanında bişirib bu
rəsmi çəkən Məmməd Arazdır, o biri elm ilə
ədəbiyyat-mədəniyyət-mənəviyyatı
qoşa qanad hesab edib, öz peşə borcunu yerinə yetirməkdən
əlavə, xalqının irfan-intellekt təsərrüfatına
vətəndaşlıq toxumları əkən Xudu Məmmədov.
Obyektlər isə - üç olsa da - eynidir: Vətən!
Deməli, sentimental hissləndiyi qədər də arqumental səslənən
bu obyekt-subyekt vəhdətini belə fəhm etmək olar: “Vətən
- Məmməd Araz - Vətən - Xudu Məmmədov - Vətən”...
O çağ Vətəni...
İndilər ürəklərimizə
batman-batman yüngüllüklər, fəxarətlər gətirən
müstəqil ölkəmizin o çağlarkı
ağırlığı, ağrıları, elələrinin
çiyinlərində dövr, ürəklərində
qövr edirdi. O halətlər elələrinin
şaxını-şuxunu əzirdi. Və dillərdə
“Sıx gözünü - hansı daşda su yansa, o daş
altda Məmməd Araz yaşayır” kimi poetik-idiomatik “nekroloq”lar gəzirdi. O tay-bu tay - Güney-Quzey
arasında inşa edilən “Arazstroy”a alatoran nəzərlərlə
baxıb, yarı qəlpən, yarı qəlbən sevinənlərin,
dəvələngəri axan Araz çayı sahillərində
sayrışan işıqlara birləşməyimizin ilk
qaranquşu kimi baxanların inter-menyularına:
“İşıqlar da ayrılığa öyrəşəcək,
Yükünü çək, dəvə qardaş,
yükünü çək” kimi təəssüb-təəssüflər
sızılırdı. Bu ölməz şairin doyulmaz alim tərəf-müqabilinin
sözləri də el dilindən, elita düşüncələrindən
düşmürdü: “Adətən ev-eşikdə nə
çatışmazsa, nədən çox
danışılarsa, uşaq ondan istəyər. Bir gün
üç yaşlı oğlum mənə qayıtdı ki,
ata, mənə Vətən al...” 1983-cü ilin bu günü
Məmməd Arazın 50 illiyilə bağlı
hazırlayıb efirə verdiyim televerilişdə Xudu müəllimin
söylədiyi bu qorxulu sözlərin dadı indiki kimi
yadımda, rəngləri indiki kimi qanımdadır...
Hərdən adama elə gəlir
ki, 1933-cü il 14 oktyabr - 2004-cü il 1 dekabr ömürlü
Məmməd Araz bizim eradan əvvəl, yaxud ən azı,
orta əsrlərdə doğulub və hələ
yaşayır. Nədən ki, “Ey Xan Eyvaz, Dəli
Domrul, Fətəli xan, İbrahim xan, sizinləyəm!” deyir.
“Danış görək, a daş qardaş” kimi “daş
dövrü” dialoqları edir, “Ey daşlaşan, torpaqlaşan
ulu babam, Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!” kimi xitablar edir.
Şərikim
olsaydı, deyərdim mənə belə də gəlir ki, o,
tək elə Şahbuz rayonunun Nursu kəndində yox, Azərbaycanın
bütün el-obalarında dünyaya gəlib. Nədən ki, onun şeirlərinin dilində,
hal-xasiyyətində, təhər-tövründə bir
cıqqan da olsun ləhcə-şivəlik, bölgəvilik,
etnos-etniklik yoxdur. Onun “ulu babam!” deyə
müraciət etdiyi kişilər hamımızın
cılxa-çuxa babamız deyilmi? “O gündənmi bitdi
bizim dilimizin “sənin”-“mənim” damarı da, O zamanmı bitdi
bizim dilimizin “haralısan?” qabarı da?!” sual-qınağında
hamımızın payı yoxmu?..
Bəs bunlar sənə
necə gəlir, şərikim olmayan sayın oxucu? Sənə də təəccüblü gəlmirmi
ki, bu böyüklükdə fikirlər, düşüncələr,
hisslər sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o
yurdun məktəbində müəllim işlərkən o kənddən
min dəfə balaca sinif otaqlarına necə sığıb?
Təəssüflü gəlmirmi ki, “26-lar”
qaçqını Stepan Şaumyanın Moskva ərköyünlü
oğlu “Gəncləri nərimanovlaşdırmaq”
damğalı hədə-qorxuları, təsir-təzyiqlərilə
bu cavan şairi illər xəstəsi etdi! Dəyərləndirməkdəsənmi
ki, onun müayinə və müalicəsinə Heydər
Əliyev nə qədər diqqət, necə qayğılar
göstərdi. Fərqindəsənmi, ömrü uzunu
öz təbirincə “əsgər misralar”ı (qədirbilənlərcə
isə general misraları!) ilə azadlıq inqilabımız
üçün ərəfə ordusu yaratmış bu
şairin gözləri onunla müstəqillik illəri
görüşləri zamanı (xəstəlik zirvəsinə
çatsa belə) necə parlayırdı! Bu
görəcək görüşlər məqamında dahi
siyasətçinin necə poetikləşdiyini, dahi lirikin - qəlbçi-mədəniyyətçininsə
necə sənətkar-sərkərdələşdiyini
sezirdinmi?
Hər mənada aydın
“Anamdan-bacımdan
gizlətdiyimi Qələmdən-kağızdan gizlətməmişəm”
açıq-aydınlığı, Günəş şəffaflığı
ilə yaşamış bu şairin nəinki hər bir
şeiri, hər kitabının adı da bitkin əsər təsiri
bağışlamırmı? Əksəriyyətini əzbər
bilsəniz də, “təkrar biliyin anasıdır” deyibən,
“Anamdan yadigar nəğmələr”, “Atamın kitabı”,
“Üç oğul atası”, “Oxucuya məktub”, “Dünya sənin,
dünya mənim”, “Dünya düzəlmir”, “Daş
harayı”, “Qanadlı qayalar”, “Araz axır”, “Qayalara yazılan
səs”, “Ağlayan qayalar”, “Əsgər andı”, “Vətən
deyin”, “Sənətdə son mənzil olmur” kimi nəşrləri
bir daha xatırlayaq.
Onun “Xalq şairi” adı, “Hacı
Zeynalabdin Tağıyev adına milli mükafat” laureatı,
“İstiqlal” ordeni təltifatları, yaradıcılıq
nümunələrinin aşıqlar dilindən, aşiqlər
söyləmindən, xanəndələr, hətta ən
qınbəyənməz şou-mouçular repertuarlarından
düşməməsi də əsl millilik nüvəsi
daşımırmı? Onun adına təsis
edilmiş “Məmməd Araz mükafatı” isə əsrlər
uzunu yeni-yeni yaradıcı isimləri şərəfləndirəcək.
Qələmi əlimə
aldığım andan yaddaşımda cərgələnən,
xəyalımda sərgilənən yüzlərlə
şeirindən hansı biri ilə bitirim bu yazını?
Bəlkə, “Haqqın var yaşamağa” ilə?
Əlbəttə! Bəyəm,
üsyankarlıq ustadlığı ilə bahəm, həm də
təvazökarlıq meyarı olan bu əbədiyaşar nəğməkarın
gah “haqqın yox”, gah “haqqın var, Məmməd Araz, haqqın
var - yaşamağa” hökmlərinin inkar variantına qol
qoyası oxucu da tapılar bu dünyada?
Amma yaxşı olardı bu
yazının əvvəllərindəki keçmiş zaman
şəkilçisini indiki zamana keçirməyimi təmin
edəsi misralardan ibarət bəndlərdən ikisini də
araya çəkim:
Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına,
O, qəzəbi ya sındıra, ya sına -
Təbriz ağlayırdı dağlar başında...
Belə deyə-deyə gələn şair birdən o tayın böyük sabahı haqda düşünüb, sözünə müəyyən və məlum düzəliş verir:
“Təbriz ağlayırdı” dedim -
nə dedim?!
Ağlayan bir sazın telinə
dedim,
Ağlayan bir elin dilinə dedim -
Təbriz oxuyurdu - dağlar
başında!..
Beləliklə, Məmməd
Arazdan söz düşəndə nəqlilik
nağıllarına, “bir şair vardı” deyimlərinə bənd
olmayın. Bu an və hər zaman sizlər
demiş; bu şair indi də var və dünya durduqca, həmkar
sələfi demişkən, “kainat olduqca” olacaq...
Tahir
Abbaslı
Mədəniyyət.-
2012.- 5 dekabr.- S. 13.