Səmimi insan, unudulmaz sənətkar

 

   “Sənətkar sehrbaz kimi insanı real aləmdən ayırmalıdır” Corc Santayana

  

   Azərbaycan teatrkino sənətində rəngarəng yaradıcılığı, tamaşaçıları möcüzələr aləminə aparan bənzərsiz ifası ilə ibrətamiz surətlər yaradan sənət fədailərimizdən biriHüseynağa Sadıqovdur. İlk görünüşdə sadə, bəstəboy, sakit və təmkinli təsir bağışlayan bu insanın irili-xırdalı rollarını xatırlayanda qəlbi, ruhu yaradıcılıqla dolu bir sənətkarı görürük. O, dərin mütaliəsi, ibrətamiz təfəkkürü, fərqli istedadı ilə səhnə mədəniyyətimizi zənginləşdirdi, imza atdığı tamaşa və filmlərə uğur qazandırdı. Onun qaynar yaradıcılıq dövrü 1960-70-ci illərə təsadüf edib. Bu illəri haqlı olaraq Azərbaycan mədəniyyətinin intibah dövrü adlandırırlar.

  

   Hüseynağa Ələsgər oğlu Sadıqov 1914-cü il martın 21-də Bakıda anadan olub. Hələ kiçik yaşlarından teatra, sənətə maraq göstərib. 1930-cu ildə müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına sınaq müddətinə işə qəbul olunub. İti yaddaşa, tez qavrama qabiliyyətinə malik olan istedadlı gənc qısa müddət ərzində kollektivin rəğbətini qazanıb. Bir il sonra, 1931-ci il iyunun 1-də teatrda aktyor kimi işə düzəlib.

   Aktyorluq çox ağır sənətdir, gərək bütün rollarını öz ürəyindən keçirəsən”,- deyən Hüseynağa Sadıqova Gənc Tamaşaçılar Teatrının səhnəsində elə ilk vaxtlardan baş rollar həvalə olunurdu. Onun “Bəxtsiz cavan” tamaşasında oynadığı Mirzə Qoşunəli, “Şirinbala bal yığır”da Rəcəb, “Anacanda Səlim, “Hacı Qəmbər”də Cəbi, “Ağa Kərim xan Ərdəbili”də Əhməd, “Şamdan bəy”də Şamdan bəy və onlarla başqa obrazı tamaşaçılar tərəfindən maraqla qarşılanar, səmimi və emosional ifası hər zaman seyrçi alqışı doğurardı. O, hər çıxışında sənətin qüdrətini və qüvvətini tamaşaçılara hiss etdirərdi.

   Aktyorlar insanlara mədəniyyət aşılamalıdır” kəlməsi Hüseynağa Sadıqovun sənət devizi idi. O, daim mütaliə etməyi sevər, daim inkişaf etdirdiyi intellekt və savadı ilə də çağdaşklassik əsərlərin qəhrəmanlarının həyat mövqeyini dəqiq yaradar, öz vətəndaş mövqeyini, hadisələrə olan fərdi münasibətini də rolları vasitəsilə bildirərdi. Bu mənada o, epizodik rolların da xarakterlərini dəqiq canlandırar, realist yaradıcılığı ilə sənətin və məsləyinin aliliyini qoruyardı.

   Tanınmış aktyor tez-tez rayon və kəndlərə qastrol səfərlərinə gedər, orda insanların böyük sevgisi ilə qarşılaşardı. Küçədə, yolda onu doğması kimi qarşılayan pərəstişkarını görəndə isə özünü sənətdə tapdığına çox sevinər, əminliklə “mən fəxr edirəm ki, aktyor olmuşamona görə də gecələr rahat yatıram”,- deyərdi. Tamaşaçı sevgisi ona böyük bir stimul verər, növbəti rollarını fərqli ampluada yaratmasına ruhlandırardı. Sənətdə uğurlar əldə edən aktyor 1967-ci ildə “Komsomol poeması” tamaşasında oynadığı Mirpaşa roluna görə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb.

   Doğmalarının və sənət dostlarının dediyinə görə Hüseynağa Sadıqov sənətdə nə qədər təvazökar idisə, həyatda da bir o qədər səmimi, ətrafındakılara qarşı diqqətcil, hər bir hərəkətini ölçüb-biçən adam idi. Həyatı boyu kimsənin xətrinə dəyməyən, səhnədə və televiziya tamaşalarında duzlu-məzəli komik rollar yaradan yumor ustasından həmkarları niyə heç bir vaxt zarafat etmədiyini soruşduqda o, yalnız çox yaxın bildiyi, səmimiyyətinə inandığı insanlarla zarafat etdiyini deyərdi. O, zarafatla söylədiklərini də məqamında bildirərdi. Məsləyi Hüseynağa müəllim üçün böyük bir məktəb idi. O, bu mədəniyyət məbədində zarafatın nə qədər ciddi bir gerçək olduğunun fərqinə varırdı. Gülüşün yalnız ciddiyyətdən və gerçək situasiyalardan yarandığını da yaxşı bilirdi. Buna görə də televiziya tamaşalarında və yumoristik hekayələrdə yaratdığı xarakterik rolların ironik frazaları məntiq və məzmununa görə məişət problemlərimizin istehzası kimi dilimizin əzbərinə çevrilirdi. Hüseynağa Sadıqovun yüzlərlə insanın nəzərindən yayınmayan, sənətdə təsadüfi olmadığını vurğulayan məslək sirri də qəlbində coşan sənət yanğısı, dəqiq həyat müşahidəsi idi.

   Onun gərgin rejimi var idi. GTT-nin repertuarında əsas rolları yaratmaqla bərabər, “Azərbaycanfilmkinostudiyasında irili-xırdalı rollara dəvət alır, dublyajda xarici filmləri maraqlı bənzərsiz səs tembirinə uyğun səsləndirir, eyni zamanda radio televiziya tamaşalarında yaddaqalan obrazlar yaradırdı. 1960-70-ci illərdə radioda Xoruz baba, televiziyada isə Piri baba kimi böyüklərin uşaqların sevimlisinə çevrilən Hüseynağa müəllim Azərbaycan kinosunda yaratdığı bir-birindən maraqlı rəngarəng ekran surətləri ilə tamaşaçı məhəbbətini bir daha qazanmış oldu. Onun illərin sınağından çıxan sənət təcrübəsi ekran obrazlarının xarakterlərini psixologiyasını dəqiq cilaladı, ədəbi əsərlərin ideya məzmunu açdı, filmlərə uğur qazandırdı.

   Sevimli sənətkar kinoya 1955-ci ildə gəlib. O, görkəmli kinorejissor Lətif Səfərovun çəkdiyiBəxtiyarfilmindəki Yusif obrazının uşaqlığını səsləndirib. Hüseynağa müəllim bənzərsiz səs tembrinə malik olduğuna, səs artikulyasiyasının nizam-intizamına (səsin obrazın xarakterini ifadə etməsinə) ciddi riayət etdiyinə, prototiplərin xarakterlərini səsi ilə dəqiq çatdırdığına görəMosfilm M.Qorki adına studiyanın filmlərini, eyni zamandaAzərbaycanfilmkinostudiyasının istehsal etdiyi filmlərin səsləndirilməsinə tez-tez dəvət alırdı. O, dramatik komik səpkili rolları elə məharətlə səsləndirərdi ki, çox vaxt səsin ona yox, məhz filmdəki obraza məxsus olduğunu zənn edərdik. Nadir istedadı ilə dublyaj sənətinin vacibliyini vurğulayan aktyorQara daşlarfilmində Teymur, “Kazbek qutusu”nda tələbə Əliyev, “Böyük dayaq”da Nəcəf, “Əmək qızılgül”də inzibatçı, “Əhməd haradadır?”da Ramiz, “Tülkü həccə gedir”də (animasiya filmi) Xoruz başqa personajları qüsursuz obrazlı səsləndirib. İstedadlı aktyor tammetrajlı bədii filmləri səsləndirməklə yanaşı, “Mozalanstudiyasında istehsal olunan filmlərin səsləndirilməsində yaxından iştirak edib.

   Peşəkar aktyor rolun böyük yaxud da kiçik olmasının fərqinə varmadan ciddi cəhdlə ona verilən mətni əzbərləyər, kamera qarşısına keçəndə isə duzlu-məzəli improvizələrini əlavə etməklə yaddaqalan ekran obrazları yaradardı. Aktyoru filmlərinə dəvət edən rejissorlar rolun onuncu planlı epizod olmasına rəğmən filmlərinə uğur gətirəcəyini yaxşı bilirdilər. “Ad günüfilmində Əlinin atası, “Yenilməz batalyon”da Feldfebel, “Qaraca qız”da bəy obrazları epizod olsa da, personajlarınmən”ini təsdiqlədiyinə görə yaddaqalandır.

   Hüseynağa Sadıqovun teatr personajları, xüsusilə də televiziya tamaşaları və verilişləri məktəb yaşlı uşaqların əxlaq prinsiplərinin formalaşmasında xüsusi rol oynayırdı. O, uşaq dünyasının, psixologiyasının mahir bilicisi olduğunu nağıl filmlərində yaratdığı rolları ilə də təsdiqlədi. Görkəmli kinorejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə çəkdiyi “Sehrli xalat” və Rusiya kinorejissoru Boris Rıtsarevin 1966-cı ildə lentə aldığı “Ələddinin sehrli çırağı” filmləri bu günböyükkiçik tamaşaçıların maraqla baxdığı ekran əsərlərindəndir. “Sehrli xalat” filmində vəzir, “Ələddinin sehrli çırağı” ekran əsərində isə baş vəzir obrazlarının insanlara qarşı olan biganə, xudbin münasibətləri, yalnız öz mənafeyini güdən cahilqeyri-normal mövqeyi aktyorun ifasında dəqiq göstərilib. Hər iki nağıl filmindəki aktyor peşəkarlığı rejissor ideyasını təsdiqləyib, maraqlı, məntiqli kadrlar orta əsrlərdə yaşayan insanların sosial durumunu (uşaqların qavrayacağı formada) şəffaf işıqlandırıb.

   İllərini çox böyük həvəslə məsləyinə sərf edən, sənətdə saçını ağardan Hüseynağa müəllimin “Babamızın babasının babası” filmində yaratdığı Əziz baba, “Alma almaya bənzər” filmində isə Nadir baba obrazları ilə həyat mövqeyi arasında sanki bir uyğunluq var. O, bu filmlərdə biliyə, elmə can atan, insanları sevgisinə sahib çıxmağa, düzlüyə, bir-birinə hörmət etməyə çağıran, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu tövsiyə edən obrazlar yaradıb. Bəlkə də ibrətamiz daxili bənzərliyi olduğuna görədir ki, sadə süjeti olan bu filmlər bu güngeniş tamaşaçı auditoriyasının diqqətini çəkir, maraqla baxılır.

   Xalqın sevimli sənətkarı olan Hüseynağa Sadıqov sənətdə göstərdiyi xidmətlərə görə 1956-cı il iyulun 1-də respublikanın “Əməkdar artisti”, 1979-cu il fevralın 9-da isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

   Hüseynağa Sadıqovun səhnədə və ekranda dərin məhəbbətlə yaratdığı obrazları insanları ətrafda baş verən hadisələrdən düzgün nəticə çıxarmağa, nümunəvi vətəndaş olmağa çağırır, kiçik rollarla belə böyük məqsədlər, ideyalar təbliğ edir. Ömrünün sonunadək peşəsinə sadiq qalan unudulmaz aktyor 1983-cü il fevralın 23-də dünyasını dəyişib. Ekranda və səhnədə sevə-sevə yaratdığı bənzərsiz rolları ilə isə yüzlərlə insanın ürəyində əbədi yer alıb.

  

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

   Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 12.