“Start” film festivalı
yekunlaşdı
Noyabrın 30-da Nizami Kino Mərkəzində
Mədəniyyət və Turizm, Gənclər
və İdman nazirlikləri, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin
təşkilatçılığı ilə keçirilən
gənclərin “Start” VIII Beynəlxalq film festivalının bağlanış mərasimi
oldu.
Üç gün davam edən festival iki - “Yerli” və “Beynəlxalq” proqramdan ibarət idi. Yerli müsabiqədə filmlər rejissorlar Elxan Cəfərov və İlqar Safat, “New Baku Post” qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndirilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi beynəlxalq münsiflər heyətinə isə iranlı rejissor, ssenarist Təhminə Milani, jurnalist-publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolberger daxil idi.
“Beynəlxalq” müsabiqə proqramında münsiflərin yekdil qərarına əsasən heç bir film “Ən yaxşı film - Qran pri” mükafatına layiq görülməyib. “Ən yaxşı bədii film” nominasiyasında “Hekayə həyatdan götürülüb” (Türkiyə, rejissor Kerem Keskin) qalib olub. Digər nominasiyalarda qaliblər: “Ən yaxşı sənədli film” - “Müharibədən əvvəl” (Almaniya, rejissor Jaried Katsiane), “Ən yaxşı cizgi filmi” - “Oyun” (İran, Cəmal Rəhməti), “Ən yaxşı eksperimental film” - “Ölüm rəqsi” (Rusiya, Yuliya Novikeva).
“Yerli” müsabiqə proqramında “Ən yaxşı bədii film” nominasiyasında Ərtoğrul Kamalovun “Ömürlük əsir”, “Ən yaxşı eksperimental film” nominasiyasında Emin Pənahın “Motivasiya” filmi mükafata layiq görüldü. Qeyd edək ki, qaliblərdən başqa “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi iki ekran əsərinə - “Yüksələn ay” (Ukrayna, Yelena Maksimenko), “Astar” (Zamin Süleymanbəyli, Emin Əzizbəyli) filmlərinə xüsusi mükafat təqdim etdi.
“START” Gənclərin Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki müsabiqənin əhatə dairəsinin genişləndiyini, festivala ümumilikdə 20 ölkədən 250-dən çox filmin göndərildiyini bildirdi. Seçim komissiyası proqrama 87 film daxil edib: “Festivalın əhatə dairəsi genişləndikcə işimiz daha məsuliyyətli olur. Əsas məqsəd kino sahəsində gəncləri həvəsləndirmək və müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir. Düşünürəm ki, festival məqsədinə çata bildi”.
Festivalın beynəlxalq münsiflər heyətinə rəhbərlik edən Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova tədbirin olduqca maraqlı keçdiyini bildirdi: “Münsiflər heyətinin rəhbəri kimi ekran əsərlərinə maraqla baxdım. Filmlərdə çox maraqlı mövzular və onların bədii həlli hiss olunurdu. Festivalda çox şux, yaradıcı atmosfer vardı. Gənclərin həqiqətən potensialları çoxdur. Bütün iştirakçılara minnətdaram”.
Kinorejissor Elxan Cəfərov bizimlə söhbətində “Yerli” müsabiqə proqramında beş nominasiyadan yalnız ikisində filmlərə mükafat verilməsini təqdim olunan ekran əsərlərinin səviyyəsinin o qədər də yüksək olmaması ilə izah etdi. Bununla belə, festival iştirakçılarının sayının ildən-ilə artmasını yüksək qiymətləndirən rejissor gənclərin yaradıcı işlə məşğul olmasının, peşələrini yeni formada sınamalarının sevindirici hal olduğunu bildirdi.
Beynəlxalq münsiflər heyətinin üzvü, iranlı rejissor Təhminə Milani festivaldan razı qaldığını ifadə etdi: “Gənclərin filmlərinə baxmaq mənim üçün olduqca maraqlı oldu. Yaradıcılığımda yalnız bir dəfə qısametrajlı film çəksəm də, bilirəm ki, bu formatda film çəkmək, tamaşaçıya fikir ötürmək çox çətindir”.
Festivalda qonaq qismində iştirak edən rusiyalı gənc rejissor Alisiya Kuznetsova festivalın təşkilatçılığını yüksək qiymətləndirdi: “Düzünü desəm, festivaldan və Bakıdan ayrılmaq istəmirəm. Əlbəttə, qaliblər sırasında olmağı çox istəyərdim. Mükafat alan dostlarımızı təbrik edirəm”.
Aliyə
Mədəniyyət.- 2012.- 5
dekabr.- S. 11.