Ölkəmiz Litva və Latviyada beynəlxalq
Milad yarmarkalarında təmsil olunub
Litvanın paytaxtı Vilnüsdə 10-cu yubiley Beynəlxalq Milad xeyriyyə yarmarkası keçirilib. Ölkəmizin Litvadakı səfirliyindən verilən məlumata görə, tədbirdə diplomatik nümayəndəliklərin, xarici dövlətlərin səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Litvanın sabiq Prezidenti Valdas Adamkusun himayəsi altında Vilnüs Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən təşkil edilən tədbirə 5 mindən çox iştirakçı qatılıb.
Azərbaycan üçün ayrılan stenddə xalça, kəlağayı, musiqi nümunələri, milli suvenirlər, eləcə də lavaş, şirniyyatlarımızdan paxlava, şəkərbura, qoğal, kökə, badambura, həmçinin Azərbaycanda istehsal olunan içkilər, meyvə şirələri nümayiş olunub.
Litvalılar Azərbaycan stendində nümayiş olunan milli məhsullarımızı almaq üçün, uzun növbəyə dayanmalı olublar. Litvanın sabiq Prezidenti stendimizə baş çəkib, paxlava və nar şirəsindən dadıb. Səfir Həsən Məmmədzadə ilə söhbət edən Valdas Adamkus bu cür xeyriyyə tədbirində Azərbaycanın yüksək səviyyədə iştirakından məmnunluğunu ifadə edib.
Gün ərzində əldə olunan xeyli məbləğdə vəsait səfirliyimiz tərəfindən təşkilatçılara ödənilib. Xeyriyyə tədbirindən əldə olunan vəsait Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına veriləcək.
* * *
Beynəlxalq
Qadınlar Klubu Latviyanın paytaxtında,
Riqa Dumasının binasında xarici ölkələrin Latviyada
akkreditə edilmiş səfirləri ilə
birlikdə ənənəvi milad xeyriyyə
yarmarkası təşkil edib. Bu il 16-cı dəfə təşkil
olunan yarmarkada ölkəmizin
Latviyadakı səfirliyi və Azərbaycan diasporu
tərəfindən təşkil edilmiş
stend maraqla
qarşılanıb. Stendin ziyarətçilərinə
milli suvenirlər, ölkəmiz
haqqında kitablar, habelə milli şirniyyat nümunələri
təklif edilib. Yarmarkanın ümumi mədaxilinə Azərbaycan da xeyli məbləğ əlavə
edib. Xeyriyyə tədbirində əldə
olunan vəsait valideyn
qayğısından məhrum olmuş uşaqlar üçün
SOS sığınacağına və uşaq
evlərinə veriləcək.
Mədəniyyət.- 2012.- 5
dekabr.- S. 9.