Azərbaycan və Küveyt beynəlxalq müstəvidə sıx əməkdaşlıq edir

 

   Tural Rzayev: “Ölkələrimiz arasında həm iqtisadi, həm də humanitar və mədəni sahədə əlaqələr üçün böyük potensial var

  

   Azərbaycanın çoxşaxəli xarici əlaqələrində, o cümlədən mədəniyyət və turizm sahəsində münasibətlərdə ərəb ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu xüsusda ölkəmizlə Küveyt dövləti arasında münasibətlər son dövrlər inkişaf etməkdədir. Ötən ilin mayında Küveytdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri ikitərəfli əlaqələrdə əlamətdar hadisə oldu. Bu günlərdə isə ölkəmizdə Küveyt Mədəniyyəti Günləri gerçəkləşdi. Kiçik ərazisinə rəğmən zəngin təbii ehtiyatları və böyük neft gəlirləri hesabına son 20-30 ildə sürətli inkişaf yolu keçərək dünyanın firavan ölkələrindən birinə çevrilən Küveytlə əməkdaşlıq Azərbaycanın ərəb dünyasında nüfuzu baxımdan da önəm kəsb edir. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Tural Rzayev qəzetimizə müsahibəsində iki ölkə arasında münasibətləri dəyərləndirdi.

  

   - Tural müəllim, iki ildən çoxdur ki, Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərirsiniz. Hazırda iki ölkə arasında mövcud əlaqələri necə xarakterizə edərdiniz?

   - Azərbaycanla Küveyt arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. Ötən müddətdə ölkələrimiz BMT və İslam Konfransı Təşkilatı çərçivəsində əlaqələr yaradıb. 2002-ci ildə Azərbaycanın Küveytdə səfirliyinin təsis olunmasından sonra bu əlaqələr inkişaf etməyə başlayıb. Müxtəlif sahələr üzrə qarşılıqlı səfərlər gerçəkləşib. 2009-cu ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Küveytə rəsmi səfəri iki ölkənin münasibətlərində yeni səhifə açdı. Səfər zamanı bir neçə ikitərəfli sənəd, o cümlədən turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalandı. İki ölkəni bir-birinə bağlayan ortaq dini dəyərlərlə yanaşı, Azərbaycanla Küveytin bir mühüm oxşar cəhəti də var. Bu da hər iki dövlətin regionda aparıcı mövqelərə sahib olmasıdır. Ölkələrimizin siyasi münasibətləri yüksək səviyyədə inkişaf edir. Küveyt Dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstək buna sübutdur. Küveyt Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir, münaqişənin ədalətli şəkildə, BMT-nin 4 qətnaməsinə uyğun formada həllinin tərəfdarıdır və bunu hər zaman bildirir. Bundan başqa, biz bir-birimizi İslam Konfransı Təşkilatında da dəstəkləyirik.

   - Xalqları bir-birinə tanıdan, yaxınlaşdıran amillərdən biri də mədəniyyətdir. Ötən il Küveytdə Azərbaycan Mədəniyyəti Günləri keçirildi, bu günlərdə də ölkəmiz Küveytin mədəniyyət xadimlərini qəbul etdi. Bu sahədəki əməkdaşlıqla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

   - Sevindirici haldır ki, Azərbaycanla Küveyt arasında mədəni əlaqələr genişlənməkdədir. Artıq iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş hazırdır və yaxın zamanda imzalanması gözlənilir. Bildiyimiz kimi, hər bir saziş qarşılıqlı əlaqələrin hüquqi bazasıdır. Amma bu sənəd olmasa belə, iki dövlət arasında əlaqələr çox möhkəmdir, o cümlədən mədəni əlaqələr inkişaf edir. Təbii ki, bu əlaqələrdə qarşılıqlı mədəniyyət günlərinin də mühüm yeri var. Qeyd etdiyiniz kimi, 2011-ci ilin mayında Küveytdə Azərbaycan Mədəniyyəti Günləri maraqlı proqramı ilə yadda qaldı. Küveyt əhalisi zəngin mədəniyyətimizin nümunələri ilə tanışlıq imkanı qazandı. Konsert proqramı, sərgi, milli geyimlərimizin sərgisi rəğbətlə qarşılandı. Ondan öncə, 2009-cu ilin dekabrında Bakıda ilk dəfə Küveytin Mədəniyyət Günləri keçirilmişdi. Bu günlərdə isə Azərbaycanda artıq ikinci dəfə Küveyt Mədəniyyəti Günləri gerçəkləşdi. Bu tədbirdə biz əvvəlkilərdən fərqli olaraq formatı bir qədər dəyişdik. Məsələn, mədəniyyətin müxtəlif sahələrindən olan mütəxəssislərin bu heyətdə olmasına çalışdıq. Necə deyərlər, rəssamın rəssamla, şairin şairlə, fotoqrafın fotoqrafla görüşünə şərait yaradıldı. Mədəniyyət günləri çərçivəsində Küveytin bu gününü nümayiş etdirən fotosərgi maraqla qarşılandı. Eyni zamanda, bizim səfirliyin təşəbbüsü ilə işıq üzü görən maraqlı bir nəşr - Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim xanım Suad Əl-Sabahın “Məni günəşə apar” şeirlər kitabının təqdimatı oldu. Qeyd edim ki, dünyanın 15 dilinə tərcümə edilən kitab sərbəst vəzndə yazılmış lirik şeirlərdən ibarətdir. Müəllif gənc vaxtlarında həyat yoldaşını itirdiyindən şeirlərinin də çoxunda tənha qadının hissləri ifadə olunub. Tərcümə zamanı biz də çalışdıq ki, vəzni saxlayaq ki, şeirləri orijinala yaxın qalsın. İnanırıq ki, bu, Azərbaycan oxucusunun marağına səbəb olacaq.

   - Azərbaycanın həqiqətlərini Küveytdə təqdim etmək, onları bu ölkənin vətəndaşlarına çatdırmaq üçün əlverişli şərait varmı? Ümumiyyətlə, səfirlik olaraq bu sahədə hansı işləri görürsünüz?

   - Bu məsələyə mənim ümumi yanaşmam belədir: buya digər ölkələrdə yaşayan azərbaycanlılardan ibarət toplantılar keçirib məlum tarixi hadisələri bir-birimizə danışmağın mənası yoxdur. Bunu yerli ictimaiyyətə çatdırmaq lazımdır. 20 Yanvar haqqında və Xocalı soyqırımının 20 illiyi ilə bağlı ərəb dilində fotoalbom və CD-ləri Küveytin müxtəlif təşkilatlarına, dövlət qurumlarına, nüfuzlu ictimai xadimlərinə, kitabxana, təhsil ocaqlarına göndərdik. Bundan əlavə, Xocalı soyqırımını çatdırmaq üçün ərəb dilində «Xocalı» kitabını çap etdirdik və həmçinin CD hazırladıq, müvafiq qurumlara təqdim etdik.

   Amma biz heç də həmişə göz yaşları içərisində yaşamalı deyilik. Milli bayramlarımızı, şərəfli tarixi günlərimizi, mədəni irsimizi dünyaya tanıtmalıyıq. Məsələn, Novruz bayramını, Respublika gününü qeyd etməklə yanaşı, müxtəlif sərgilər də keçiririk. Bu sərgilərdə Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi tərəfindən bizə göndərilən əyani vəsaitlər, suvenirlər, xalçalar, musiqi alətləri və s. nümunələrdən istifadə edirik. Ötən il Mədəniyyət və Turizm Nazirliyi Küveytdə keçirilən Beynəlxalq Turizm Sərgisində böyük pavilyonla iştirak edərək ölkəmizin turizm potensialını təqdim etdi.

   Eyni zamanda, səfirliyimiz də bu işlərə xüsusi önəm verir və Azərbaycanımızı Küveytdə daha geniş tanıtmaq üçün il ərzində bir neçə belə sərgi keçiririk. Bironu nəzərə almaq lazımdır ki, Küveytdə 6 minə yaxın erməni yaşayır, onların kilsə və məktəbləri var. Mətbuat və ticarət sahəsində imkanları çoxdur. Ötən il Küveyt Dövləti öz müstəqilliyinin 50 illiyini, ermənilər də məktəblərinin 50-ci yaşını qeyd etdilər. Deməli, Küveyt öz müstəqilliyini əldə edən kimi ermənilər orada məktəb açıblar. Küveytdə yerli əhalinin 1 milyon nəfər olduğunu nəzərə alsaq, 6 min kiçik rəqəm deyil. Amma azərbaycanlıların sayı qat-qat azdır. Düşünürəm ki, məhz bu səbəbdən Küveytdə ölkəmizin təbliğatı daha da geniş olmalıdır.

   - Küveytdən Azərbaycan necə görünür?

   - Mən işimlə əlaqədar olaraq Türkiyə, Rumıniya və digər ölkələrdə uzunmüddətli ezamiyyətlərdə olmuşam. Azərbaycan regionun parlayan ulduzuna bənzəyir. Ümumiyyətlə, böyük bir mötərizə açın və onun içərisində bütöv regionu götürün. Bu qədər mədəni tədbirin keçirildiyi, yüksək səviyyədə beynəlxalq forumlara, konfranslara ev sahibliyi edən ölkə yoxdur. Regionda bu qədər brend mehmanxanalar, turizm mərkəzləri tikilən ikinci ölkəyə rast gələ bilməzsiniz. Bu onu göstərir ki, ölkəmiz surətlə inkişaf edir. Bütün sadaladığım xüsusiyyətləri nəzərə alsaq, Azərbaycanın regionda xüsusi yeri, fərqi var və kənardan da bu belə görünür.

   - Mehmanxanaturizm mərkəzlərindən söz düşmüşkən, Azərbaycanla Küveyt arasında bu sahədəki əlaqələrin mövcud durumunu və gələcək perspektivlərini necə dəyərləndirmək olar?

   - Bu əlaqələr də inkişaf edir. Ərəblərin Azərbaycana marağı get-gedə artır ki, bunu rəqəmlər də təsdiqləyir. 2011-ci ilin yanvarında Küveytlə Azərbaycan arasında diplomatik və xidməti pasportlara vizanın aradan qaldırılması ilə bağlı saziş imzalanıb. Küveyt adamları Azərbaycana səfərlər edirburadan ölkələrinə kənd təsərrüfatı məhsullarının idxalına dair danışıqlar aparırlar. Küveytdə neft istehsalı həcmi Azərbaycandan 2 dəfə çoxdur, amma ölkə demək olar ki, neftdən savayı hər şeyi xaricdən idxal edir. Ölkənin cəmi 1 faiz torpağı münbitdir. Bu baxımdan daha çox Latın Amerikası və digər yerlərdən mallar gələn bu ölkəyə Azərbaycandan da mallar aparıla bilər. Yəni kənd təsərrüfatı məhsullarını uzaq qitələrdən gətirməkdənsə, arada saat yarımlıq uçuş məsafəsi olan Azərbaycandan gətirmək daha rahat olar. Bunun üçün biz gələn il Bakıda iki ölkə arasında biznes-forum keçirməyi düşünürük. Azərbaycandan səfirliyimizə daxil olan təklifləri də dəyərləndiririk, bu barədə Küveytin Ticarət Palatasına, Ticarət və İqtisadiyyat Nazirliyinə məlumat veririk.

   Küveytdə siyasi vəziyyət sabit olsa da, orda olduğum iki il ərzində 2 parlament, 6 hökumət dəyişib. İndi növbəti dəyişiklik gözlənilir. Və çətinlik də bu dəyişkənlikdən meydana gəlir. Müraciət edirsən, bir azdan hökumət dəyişir. Ölkələrimiz arasında həm iqtisadi, həm də humanitar sahədə əməkdaşlıq üçün böyük potensial var. Ölkəmizə səfər edən küveytlilərin çoxu Azərbaycana məftun olduqlarını bildirirlər, təbiətimiz, mədəniyyətimiz onların çox xoşuna gəlir. Bu baxımdan turizm əlaqələrimizi yaxın gələcəkdə daha da inkişaf etdirmək mümkündür.

   - Tural müəllim, ali məktəbi bitirdikdən sonra müxtəlif ölkələrdə diplomatik işdə çalışmısınız. Maraqlıdır, Vətən üçün darıxanda onu nə ilə yada salırsınız?

   - BDU-nun şərqşünaslıq fakültəsini bitirmişəm, ərəbşünasam. Diplomatik işdə attaşe vəzifəsindən səfir vəzifəsinə qədər yüksəlmişəm. Sovet dövründə ali məktəbi bitirdikdən sonra Liviyada çalışdım. O zaman ancaq məktublaşmaq olurdu. O da ki, ayda bir dəfə. İndi isə internet, mobil telefon ünsiyyəti tezləşdirir. Biz azərbaycanlılarda vətənə bağlılıq, vətən həsrəti çox güclüdür. Digər tərəfdən düşünürsən ki, əgər burdasansa xalqın, Vətənin üçün isə edə bilərsən. Bunlar da qürbət hissini az da olsa, azaldır. Həyat yoldaşım musiqiçidir, elmlər namizədidir. O da Küveytdə ictimai işlərlə məşğul olur. Məsələn, bu ölkədə azərbaycanlıların sayı az olduğundan türk icmasını, İran azərbaycanlılarını da tədbirlərimizə cəlb edirik. Bu baxımdan xanımım onların xanımlarını bir araya gətirir. Bir sözlə, çalışırıq ki, özümüzə hər tərəfdən dost qazanaq.

  

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 7.