Gənclərin teatr festivalı başa
çatdı
Noyabrın 30-da Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət
və Turizm, Gənclər və İdman nazirliklərinin, Azərbaycan-Amerika
Alyansının dəstək verdikləri gənclərin ekologiya mövzusunda II Ümumrespublika teatr
festivalına yekun vurulub.
Festivalın ideya müəllifi və rəhbəri, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, festivalın məqsədi ətraf mühitin mühafizəsi və ekologiya mövzusu üzərində daha çox yaradıcı gənci düşündürməkdən ibarətdir.
Qeyd olunub ki, 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü (IDEA) irəli sürülüb: “Biz də istədik ki, teatra gələn gənclərimiz Vətəni sevməyin yolunun onun hər daşını, küçəsini, guşəsini, ağacını, çiçəyini sevməkdən başladığını səhnədə gözləri ilə görsünlər. Bu səbəbdən “Biz inkişaf zamanındayıq” İctimai Birliyi tərəfindən festivala məhz IDEA kampaniyasının fəaliyyətə başladığı və ildönümünün qeyd olunduğu gündə - iyulun 12-də start verildi”.
“Bakıdan 8 kollektivin, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdikləri festivala, ümumilikdə, 100-dən artıq gənc qatılıb, onlar tərəfindən 13 maraqlı, aktual mövzulu tamaşa hazırlanıb. Noyabrın 28-dən 30-dək festivalın yekun mərhələsi gerçəkləşib və nüfuzlu münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub.
“Ən yaxşı tamaşa”ya görə I yerin qalibinə 3000 manat (Ucar Mədəniyyət evinin UMEO truppası, "Biz zibilə düşmüşük" tamaşası), II yerin qalibinə 2000 manat (“Monomim” truppası, "Yaşıl qan"), III yerin qalibinə isə 1000 manat (“Simsar” truppası, "Müdaxilə") mükafat təqdim olunub. Bundan başqa, ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı baş rol ifaçısı, ən yaxşı qadın və kişi rollarının müəlliflərinə pul mükafatları, fəxri fərman və hədiyyələr təqdim edilib.
Festivalın rəhbəri,
Milli Məclisin deputatı Jalə Əliyeva layihəyə dəstək
göstərən bütün təşkilatlara
təşəkkürünü bildirib. Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Elmira Axundova və
başqaları festivalın əhəmiyyətindən
danışıb və qalibləri təbrik ediblər.
Mədəniyyət.- 2012.- 5
dekabr.- S. 6.