Beynəlxalq Avrasiya Mətbuat Fondunun 20 illik yubileyi qeyd olundu

 

   Dekabrın 4-də “Park İnn” hotelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 20 illiyinə həsr olunmuş "QHT olaraq 20 illik fəaliyyət" adlı tədbir keçirildi. Tədbirdə millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, media mənsubları iştirak edirdilər.

  

   Tədbiri giriş sözü ilə açan BAMF-ın sədri Umud Rəhimoğlu 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılan təşkilatın keçdiyi yola qısa nəzər saldı. Bildirdi ki, ötən dövrdə Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə, o cümlədən BMT-nin yüksək tribunasından diqqətə çatdırılması qurumun prioritet məqsədlərindən biri olub. Təşkilat BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, dövlət qurumları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

   Sonra təşkilatın yubileyinə həsr edilmiş "Bəşəriyyət üçün xidmətlərə görə təsvir və səs vasitəsilə hekayə" filmi nümayiş olundu.

   Milli Məclisin vitse-spikeri Bahar Muradova təbrik nitqi ilə çıxış edərək bildirdi ki, Azərbaycanın müstəqilliyinin ilk illərində yaranan və fəaliyyətini ölkənin üzləşdiyi problemlərin həllinə yönəldən BAMF sonrakı dövrdə təkcə ölkəmizdə deyil, regiondadünyada tanınan təşkilata çevrilib: "BAMF Azərbaycan müstəqilliyi ilə, demək olar ki, həmyaşıddır, Azərbaycanla bərabər addımlayır, ölkənin inkişafının hər mərhələsində qarşıya çıxan məsələlərin həllinə aktiv surətdə qoşulur. BAMF-ın sədri Umud Rəhimoğlunun səyləri nəticəsində qurum bəşəriyyətə xidmət edən təşkilat statusu alıb, həmçinin öz imkanlarını mətbuatla bağlı problemlərin həllinə səfərbər edib”.

   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında bildirdi ki, BAMF həm QHT sektorunda, həm də media sahəsində uzun illər eyni fəallıqla çalışan təşkilatdır: “20 il ərzində BAMF böyük yol keçib və elə bir sahə yoxdur ki, orada imza atmasın. Təşkilatın əldə etdiyi status bizimbu gün nümunəvi beynəlxalq təşkilatımızın olmasına şərait yaradır”.

   Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirdi ki, fond 20 il ərzində şərəfli yol keçib: “Mətbuat fondu kimi fəaliyyətə başlayan BAMF özü üçün daha geniş fəaliyyət istiqamətləri seçib. Hesab edirəm ki, QHT-lərin missiyası ictimaiyyəti daha çox maraqlandıran, dövlətin buya digər səbəblərdən öz diqqətini kifayət qədər yönəldə bilmədiyi sahələrə yönəlməlidir. Bu gün 20 illik yubileyini qeyd edən BAMF eyni zamanda beynəlxalq aləmə çıxmağa nail olub. Fond bu gün Beynəlxalq Mətbuat İnstitutunun üzvüdür, beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən QHT-lər də bundan nümunə götürərək Azərbaycanın səsinin beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynamalıdırlar”.

   BMT-nin İqtisadi-Sosial Şurasının - ECOSOC-un QHT bölməsinin rəhbəri Andrey Abramov çıxış edərək BMT adından yubiley təbrikini çatdırdı, təşkilatın gələcək fəaliyyətlərinə uğurlar arzuladı.

  

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 5.