Mədəniyyət və Turizm Nazirliyinin Aparat işçiləri üçün kurs

 

   Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin Aparat işçiləri üçün kurs təşkil olundu.

  

   Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açaraq Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrdən danışdı. Tədbirin Milli Fəaliyyət Planının müvafiq bəndinin icrası ilə bağlı təşkil edildiyini bildirdi.

   Qeyd olundu ki, korrupsiyaya qarşı mübarizə bu gün bütün dünyada aktual məsələdir. Azərbaycanda da müvafiq proqramların qəbul və icra olunması dövlətin bu sahəyə diqqətinin göstəricisidir. Milli Fəaliyyət Planının 10-cu maddəsində dövlət qulluqçularının etik davranış qaydalarının təkmilləşdirilməsi məsələləri də yer alıb. Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət olunması vacib amildir. Çünki dövlət qulluqçuları tərəfindən etik davranış normalarının pozulması dövlətin adına xələl gətirir: “Sənəddə dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkili nəzərdə tutulub. Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi bu vacib amilləri nəzərə alaraq müvafiq kurslar, seminar-treninqlər keçirməyə başlayıb. Bugünkü tədbir nazirliyin Aparat işçiləri ilə görüşünün ilk mərhələsidir”.

   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov “Azərbaycanda dövlət qulluğu islahatı. Məmur etikası”, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktor müavini Nəzakət Rəhmanova “Nitq mədəniyyəti milli-mənəvi mədəniyyətin tərkib hissəsi kimi. Dövlət qulluqçularının etik davranış məsələlərinin həllində nitq mədəniyyətinin, ünsiyyət bacarığının rolu”, Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların ixtisasartırma fakültəsinin dekanı, professor Gülnarə Məmmədova “Azərbaycanın dövlət idarəçiliyində etik davranış normaları”, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin İnformasiya kommunikasiyaelmi təminat şöbəsinin müdiri Ruhiyyə Namazovaİnformasiya cəmiyyəti, cəmiyyətin informasiyalaşdırılması və informasiya mədəniyyəti. Dövlət tərəfindən qəbul edilmiş qanunların tənzimlənməsində, həyata keçirilməsində və tətbiq edilməsində informasiyanın rolu” mövzularında məruzə etdilər.

   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva, Elm və təhsil şöbəsinin Təhsil sektorunun məsləhətçisi Vüqar Baxışov məruzələr ətrafında çıxış etdilər. Çıxışlarda "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrə dair fikir mübadiləsi aparıldı, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulandı.

   Qeyd edək ki, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi noyabr ayında bu istiqamətdə Lənkəran və İsmayıllıda treninqlər keçirib.

  

   Ceyhun

 

   Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 4.