Romada Azərbaycan mədəniyyəti
və turizminə həsr edilmiş filmin təqdimatı
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti Romualdo del Bianko Fondunun
dəvətinə əsasən İtaliyanın Florensiya əyalətinə səfər edib.
Dekabrın 3-də nümayəndə heyəti Fondun qərargahının yerləşdiyi “Palazzo Coppini” ilə tanış olub, qurumun prezidenti Paolo del Bianko, baş katibi Simone Ciometi və Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın İtaliya Milli Komitəsinin prezidenti Maurizio di Stefano ilə görüşüb.
Görüşdə Romualdo del Bianko Fondunun təsis etdiyi "Life Beyond Tourism" portalında ölkəmizin mədəniyyətinin və irsinin təbliğ edilməsi, 2013-cü ildə Florensiyada "Azərbaycan irsi festivalı" adlı tədbirin təşkili, ölkəmizdə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Milli Komitəsinin (İCOMOS Azərbaycan) yaradılması, 18 aprel - Dünya İrs Günü ilə bağlı qarşılıqlı layihələrin icrası məsələləri müzakirə edilib.
Dekabrın 3-də paytaxt Romada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və turizminin dünyada və xüsusilə İtaliyada təşviq olunması məqsədini daşıyan “Odlar Yurdu” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, İtaliya Regional Məsələlər, Turizm və İdman Nazirliyinin katibliyinin rəisi Antonella Albamonte, filmin yaradıcı heyətinin üzvü Laura Korsiko çıxış ediblər.
Mədəniyyət və turizm nazirinin birinci müavini tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov başda olmaqla diplomatik korpusumuza minnətdarlığını bildirib.
Vaqif Əliyev qeyd edib ki, Azərbaycan dünyanın bir sıra ölkələri ilə prioritet hesab olunan sahələrdə əməkdaşlıq aparır və İtaliya ilə əlaqələrin daha da möhkəmlənməsi məqsədilə qarşılıqlı olaraq mühüm işlər görülüb. İtaliya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahələrində müqavilələr hər iki xalqın bu sahələrdə mənsub olduqları böyük nailiyyətlərin təbliğinə, habelə qarşılıqlı səmərəli fəaliyyətə mühüm zəmin yaradır.
Ölkəmizin tarixinin, mədəniyyətinin Roma Biennalesində təqdim edilməsi ilə əlaqədar Roma Sivilizasiyası Muzeyində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 2012-ci il fevralın 13-dən aprelin 10-dək keçirilən “Azərbaycan - Odlar Yurdu İpək Yolunda” adlı sərgi keçirilib. 2012-ci il 15-22 aprel tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri gerçəkləşib. Bu tədbirlər əlaqələrin yüksək səviyyədə inkişaf etdiyindən xəbər verir.
Azərbaycan turizminin infrastrukturunun inkişafına da İtaliya şirkətləri böyük töhfə verib. Qusar rayonu ərazisində inşa edilən “Şahdağ” Qış-Yay Turizm Kompleksində müasir texnologiyanın quraşdırılmasında, avadanlıqların istifadə olunmasında dünyanın aparıcı ekspertlərindən hesab olunan İtaliya mütəxəssislərinin zəngin təcrübəsindən istifadə olunur.
Qeyd
edək ki, Azərbaycan mədəniyyəti
və turizminə həsr edilmiş filmin müəllifi italiyalı rejissor Daniele Carminatidir. Film “İtalian
Multimedia Group S.r.l” tərəfindən
5 dildə istehsal olunub.
Təqdimat mərasimindən sonra filmin İtaliyanın
dövlət televiziyası
olan RAİ 1 kanalında
nümayiş olunması
nəzərdə tutulur.
Mədəniyyət.- 2012.- 5
dekabr.- S. 2.