“Biz
səni heç vaxt
unutmayacağıq”
Ağabacı Rzayeva - 100
Azərbaycanın ilk
qadın bəstəkarı Ağabacı Rzayevanın 100
yaşı tamam olur. Uzun illərdir
ki, dili söz tutan hər bir azərbaycanlı qızcığazın oxuduğu “Kukla”,
çoxlarının xalq mahnısı kimi qəbul etdiyi “Evimizə
gəlin gəlir” və xoş
melodiyalı, qəlblərə yatan bir çox digər
mahnıların, irihəcmli əsərlərin müəllifi
olan sənətkar musiqi
tariximizin yeni bir səhifəsini yazıb. Ağabacı
Rzayevanın qəlbindən, ruhundan
süzülən musiqilər sənət xəzinəmizi bəzəyir.
Unudulmaz bəstəkarın ömür və sənət yoluna
nəzər salaq.
Ağabacı İsmayıl qızı Rzayeva 1912-ci il dekabrın 15-də Bakıda anadan olub. Atası ixtisasca iqtisadçı olsa da, muğamların kamil bilicisi idi. Babası Mirzə Fərəc isə dövrün məşhur tarzəni kimi ad çıxarmışdı. Mirzə Fərəcin ilk və ən istəkli nəvəsi uşaqlıqdan muğamın sehrinə düşmüşdü. İllər keçəcəkdi, dahi Üzeyir bəydən sənətin sirlərini öyrənən bu qızcığaz milli bəstəkarlıq sənətimizin ilk qadın nümayəndəsi kimi şöhrət tapacaqdı.
Ağabacı Rzayevanın bacısı Ruqiyyə xanımın qələmə aldığı “Xatiratlarım”ın əlyazması Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Arxivin direktoru, tanınmış ədəbiyyatşünas və publisist Maarif Teymur həmin qiymətli xatirələrin bir hissəsini qəzetimizə təqdim edib.
Ruqiyyə xanım xatirələrində yazır: “...Bir gün (1934-cü ildə) atam şəhərdən bağa gəldi, bizə dedi ki, hazırlaşın sizi sabah şəhərə, Üzeyir bəyin yanına aparacağam. Sabahısı şəhərə gəldik, yadımdadır, konservatoriyanın zalında Üzeyir bəy, Xosrov Məlikov, Mənsur Mənsurov, Səid Rüstəmov, daha bir neçə adam var idi. Mən Mənsurovu tanıdım, çünki o babamın tələbəsi olmuşdu, bizə çox gələrdi. Sonra Üzeyir bəy soruşdu ki, qızlar bir şeydə ifa edə bilirlərmi? Atam dedi ki, hər ikisi tarda çalır. Əvvəl Ağabacı səhnəyə çıxıb Mirzə Mansurun tarında “Kürd Şahnaz”ı ifa etdi, sonra mən də ifa etdim. Üzeyir bəy mənə dedi ki, bəlkə bir şey oxuyasan qulaq asaq. Atam tarda çaldı, mən əvvəl «Şahnaz», sonra da o vaxt dəbdə olan «Aman ovçu» mahnısını oxudum. Üzeyir bəy ifamı çox bəyəndi”.
Ağabacı 1929-cu ildə Pedaqoji Texnikumu bitirdikdən sonra bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin musiqidən heç cür ayrıla bilmirdi, yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağında gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri ifa olunur.
Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin kompozisiya sinfində təhsil alır və onun ən sevimli tələbələrindən biri olur. Not çalğısı üzrə tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.
Ruqiyyə xanımın xatirələrindən: “Biz əlimizdə tar və kamança küçədə gedəndə qonşular pərdələri aralayıb bizə istehza ilə baxırdılar, bu münasibət bizi çox sıxırdı. Məhəllədə hamı deyirdi ki, «İsmayılın yaxşı, ağıllı qızları var idi, heyf ki, onları korladı». Ona görə də Ağabacı ikinci bir tar aldı, radiostudiyada qoydu ki, işə gedəndə əlində tar aparmasın. Üzeyir bəyin dərsi qurtaran kimi radiostudiyaya gedərdik. Üzeyir bəy bizi buraxmazdı, özü də bizimlə gedərdi. Çox vaxt gecikərdik, konsertin vaxtına az qalırdı, biz təlaş edərdik. Üzeyir bəy isə sakit və arxayıncasına deyərdi: “Eybi yoxdur, bizi gözləyərlər”.
Azərbaycan incəsənətinin təntənəsi
Ağabacı Rzayeva Üzeyir Hacıbəylinin yaratdığı xalq çalğı alətləri orkestrinə qəbul olunur və 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında bacısı ilə birlikdə iştirak edir.
Ruqiyyə xanımın xatirələrindən: “1937-ci ildə musiqi aləmində xariqələr yaranan il oldu, qarşıda böyük incəsənət ongünlüyü dururdu. Moskvalılar birinci dəfə olaraq Azərbaycan musiqisi ilə tanış olacaqdılar, bizdə isə hələ mütəşəkkil xor, rəqs yox idi, iş həddən artıq idi, kollektivlər yaratmaq, musiqi qabiliyyəti olan adamları çağırıb onları öyrətmək, orkestri böyütmək və s. işlər vardı - bütün bunları təkcə Üzeyir bəy özü təşkil edirdi. Moskvaya getməmişdən əvvəl Mircəfər Bağırov bizi toplayıb böyük nitq söylədi, tapşırdı ki, Azərbaycanın üzünü ağartmalıyıq. Nəhayət, 1938-ci ilin mart ayında 800 nəfər dekada iştirakçısı xüsusi qatarla Moskvaya yola düşdük. Bir ay unudulmaz günlər davam etdi. «Arşın mal alan» operettası bir neçə dəfə göstərildi. Axırıncı gün bizi Kremldə qonaq etdilər. Georgevski zalında stollar açılmışdı. Bizdən bir neçə stol aralı hökumət üzvləri oturmuşdu (Stalin, Molotov, Budyonnı...) Üzeyir bəy də onların yanında idi.
Nəhayət, yola düşdük. Mayın 1-də Bakıya çatanda vağzalı tanımadıq. Güllərlə, xalçalarla, işıqlarla bəzədilmiş tribuna qurulmuşdu. Bütün Bakının minik maşınları səfərbərliyə alınmışdı. Təsəvvür edilməyəcək qədər təntənəli bir qarşılanma təşkil olmuşdu. Hökumət üzvləri bizi təbrik etdilər”.
Mən mahnı bəstələyirəm
Ağabacı Rzayevanın bəstələdiyi ilk əsər “Gənc vətənpərvərlər marşı” olur. Mahnı və romans onun yaradıcılığının aparıcı sahəsinə çevrilir. Bəstəkar klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şeir ustalarının yaradıcılığına müraciət edir. Bəzən özü də şairliyə meyl edir. “Durna qatarlı qızlar” mahnısının sözləri də ona məxsusdur.
O, tədricən yaradıcılığının janr diapazonunu genişləndirirdi. Bu mənada iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün “Şənlik” süitasını qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.
Böyük Vətən müharibəsi illərində də sənətkar fəaliyyətini dayandırmamış, “Vətən”, “Partizan oğlu”, “Sevgilim əsgər gedir”, “Gözləyəcəyəm, sevgilim” kimi qəhrəmanlıq və vətənpərvərlik hisslərini tərənnüm edən mahnılar yazmışdır.
Bəstəkarın “Neftçi Qurban”, “Evimizə gəlin gəlir”, “Çoban Qara”, “Kukla”, “Qaranquş”, “Ağ göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”, “Qərənfiləm mən” və s. əsərləri musiqi mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan “Kukla” mahnısı ona xalqın rəğbətini qazandırmışdır.
Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin “Höcət eləmə” (1965, İ.Quliyevlə birgə) musiqili komediyasının, “Ögey ana” dramı, xalq çalğı alətləri orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir.
Bəstəkar Üzeyir Hacıbəylinin ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə “Sənin xatirən” adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işi ilə anaraq, ona bəslədiyi səmimi hisslərini ifadə edir.
Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Lütfiyar İmanov, Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə və başqaları zaman-zaman bəstəkarın mahnılarına müraciət edib.
A.Rzayeva gəncliyindən başlayaraq ömrünün sonuna kimi ictimai işlərdə də fəal iştirak edib, dəfələrlə Bakı Sovetinə və Ali Sovetə deputat seçilib. “Əməkdar incəsənət xadimi” adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunub.
O, 1975-ci il iyulun 5-də vəfat edib. Ağabacı Rzayeva torpağa tapşırılarkən
böyük bəstəkarımız
Fikrət Əmirov vida nitqində deyib: “Rahat yat,
əziz bacımız,
pak insan. Biz səni heç
vaxt unutmayacağıq”.
Ölümündən
37 il keçsə
də, hər gün yad edilən,
xatırlanan sənətkar
mahnıları ilə
qəlbimizdə, ruhumuzda
yaşamaqdadır.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 7 dekabr.- S. 12.