Kitabxana xalqın
milli sərvətidir
Lətifə Məmmədova: “Kitabxanaçıların ümumrespublika müşavirəsində əldə olunan nailiyyətlər, problemlər, kitabxanaların cəmiyyətdə rolu geniş müzakirə olunacaq”
Dekabrın 14-də Azərbaycan
kitabxanaçılarının II Ümumrespublika
müşavirəsi keçiriləcək. Mədəniyyət
və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova
qəzetimizə müsahibəsində müşavirəyə
hazırlıq, kitabxana işi sahəsindəki yeniliklər,
mövcud problemlər barədə danışdı.
- Lətifə xanım, öncə ümumrespublika müşavirəsi haqqında bir az geniş məlumat verməyinizi istərdik.
- Kitabxanaçıların birinci ümumrespublika müşavirəsi 2005-ci ildə keçirilmişdi. Həmin tədbirdə ancaq kitabxana işçiləri iştirak etmişdilər. Bu dəfə isə müşavirənin formatını genişləndirmişik. Müşavirədə rayon-şəhər icra başçılarının müavinləri, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, bütün rayon və şəhərlərin kitabxana rəhbərləri iştirak edəcək. Tədbirə millət vəkilləri, mədəniyyət xadimləri, alimlər dəvət olunublar.
Dekabrın 14-də “Park İnn” hotelində keçiriləcək tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir. Həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun, tanınmış elm xadimlərinin çıxışları nəzərdə tutulur. Müşavirədə kitabxanalarımızın fəaliyyəti, əldə etdikləri nailiyyətlər, problemlər, kitabxanaların cəmiyyətdə rolu geniş müzakirə olunacaq. Həmçinin indiyə qədər öz həllini tapmayan məsələləri də gündəmə gətirəcəyik. Bir sıra qabaqcıl kitabxanaçılarımızın məruzələri dinləniləcək. Onlar beynəlxalq konfranslarda iştirak ediblər, xarici ölkələrin təcrübəsi ilə tanışdırlar və bilirlər ki, kitabxana özünü cəmiyyətə hansı formada təqdim etməlidir, hansı yeni iş üsulları ilə işləməlidir.
Müşavirə plenar iclasdan sonra işini seksiyalarda davam etdirəcək. Seksiyalar Milli Kitabxanada, Diplomatiya Akademiyasında, Prezident Kitabxanasında və Turizm İnstitutunda keçiriləcək. Məqsədimiz budur ki, iştirakçılar həmin müəssisələrdə kitabxana işi sahəsində yeniliklər, müasir texnologiyaların tətbiqi, elektron kataloq və kitabxana sistemləri ilə tanış olsunlar. Bu gün oxucular bizim kitabxanaların saytlarına daxil olaraq müxtəlif məlumatlar əldə edə bilirlər. Seksiyalardakı dinləmələri də mobil formada, konkret və konseptual şəkildə keçirməyi düşünürük. Bu dinləmələr yorucu olmamalı və konseptual məsələləri gündəmə gətirməlidir. Kitabxana cəmiyyətdə özünü necə təqdim etməlidir, hansı metodlarla işləməlidir, hansı yeni üsulları tətbiq etməlidir - bu barədə fikir mübadiləsi aparılacaq.
- Müşavirədə hansısa qərar və ya sənəd qəbul olunacaqmı?
- Müşavirənin yekununa dair bəyannamə qəbul ediləcək. Bəyannamədə 2012-2020-ci illərdə kitabxanaların qarşısında duran məsələlər öz əksini tapacaq. Yəni bu gün 8 il sonranı fikirləşməliyik ki, kitabxanalar gələcəkdə hansı yöndə fəaliyyətlərini davam etdirməlidirlər. Qeyd edim ki, ötən illərdə MDB məkanında bir çox kitabxanalar bağlanıb, qalanlar da bələdiyyələrin balansına verilib. Bələdiyyələrə verilən kitabxanaların da çoxu sonradan fəaliyyətini dayandırır. Amma Azərbaycanda bu 20 il ərzində səbəbsiz olaraq heç bir kitabxana bağlanmayıb. Lakin kitabxanaların birləşməsi nəticəsində Mərkəzi Kitabxana Sistemləri yaranıb. Əgər bir kənddə, qəsəbədə iki-üç kitabxana varsa, bunların içində ən yaxşı kitabxana digərlərini özündə cəmləşdirib. Biz çalışırıq ki, kitabxanaların yeni qaydalara uyğun yeni şəraitdə işləməsini təmin edək.
- Yeni qaydalar dedikdə nə nəzərdə
tutulur?
- Məsələn, fandreyzinq
üsulunun tətbiqi. Bu nə deməkdir? Yəni kitabxana oxucularla işləyərək nə
cür pul qazana bilər, maliyyə gətirə bilər.
Bu həm kitabxana üçün müsbət
nəticədir, həm də oxucular üçün.
- Bu bir növ kitabxana işinin
marketinq tərəfidir...
- Bəli, kitabxana fandreyzinqi
haqqında çoxlu ədəbiyyat da mövcuddur. Nədənsə bizim kitabxanalarda bu sahədə
passivlik var. Oxucuları cəlb edə bilmirlər. Bunun üçün işləmək
lazımdır, təşəbbüskarlıq göstərilməlidir.
Sadəcə, oturub nazirlikdən göstəriş
gözləyənə isə nəsə etmək lazım
deyil. Amma işləyəndə işin bəhrəsini
də görmək olur. Kitabxana elə bir
yerdir ki, oraya məktəbli də, alim də, yaşlı da,
gənc də - bir sözlə, hər kəs müraciət
edir. Məktəbliyə dərs zamanı ədəbiyyat
lazım olur, o kitabxanaya müraciət edən zaman evdən
anası da ona deyir ki, mənə də filan kitabı gətir.
Bu artıq ailə abonementi adlanır. Şəxsən özüm oxucu kimi kitabxanaya getməyə
vaxt tapmıram. Amma bu o demək deyil ki, mən
kitab oxumuram. Uşaqlar kitabxanaya getdikləri
zaman onlara mənə lazım olan kitabları gətirmələrini
tapşırıram. Bu zaman mən
artıq passiv oxucu sayılıram. Bir də
var aktiv oxucu, o özü gedib kitabxanadan istədiyi ədəbiyyatı
seçir.
- Bəs kitabxanalar bu gün
hansı yöndə fəaliyyət göstərməlidirlər
ki, müasir tələblərə cavab versinlər?
- Müasir zamanda kitabxanalar müxtəlif
yollar axtarmalıdırlar. Bu baxımdan gecə
abonementini də misal gətirə bilərəm. Əgər kitab bir nüsxədirsə, oxu
zalında saxlanılır və ələ verilmir. Gecə abonementi pullu xidmətdir. Oxucu cüzi miqdarda pul ödəyərək həmin
bir nüsxəli kitabı bir gecəlik götürə bilər
ki, ona lazım olan məlumatı rahat şəkildə əldə
edə bilsin. Hazırda bizdə bu sistem
pulsuz olsa da, kitabxanalarımız bu üsuldan istifadə etmirlər.
Bizim kitabxanalar bəzən ancaq hansısa
kitabın təqdimatı ilə kifayətlənirlər.
Halbuki kitabxanalarda müxtəlif tədbirlər
təşkil edərək oxucularda kitabxanalara olan
marağı artırmaq olar. Bir daha qeyd
edirəm ki, bir çox kitabxanaçılarımız
işlərində passivdirlər. Onlar
gözləmə mövqeyindədirlər ki, nə vaxt
nazirliyin sektorundan onlara zəng vurulub deyiləcək ki, sən
filan tədbiri həyata keçir. Bu,
düzgün deyil. Nazirliyin işi konseptual
məsələləri həll etməkdən ibarətdir.
Biz kitabxana sahəsində dövlətin siyasətini
həyata keçiririk. Odur ki, “Mədəniyyət”
qəzeti vasitəsilə passiv kitabxana rəhbərlərinin
diqqətinə çatdırmaq istəyirəm ki,
müşavirədən sonra işlərində zəif olan
kitabxanalar barədə də müvafiq tədbirlər
görüləcək.
- Kitabxanalarımızda hansı
yeniliklər tətbiq olunur. Bir az da bu haqda
məlumat verərdiniz.
- İndi
kitabxanalarımızda hüquqi informasiya mərkəzləri
açılıb. Çox maraqlı layihədir.
Biz bunu Moskvanın iş praktikasına əsasən həyata
keçirməyə başladıq və tətbiq etdik. Bu xidmət vasitəsilə oxucular müxtəlif
hüquqi məsələlər, qanunlar barədə məlumat
ala bilərlər. Hazırda C.Cabbarlı adına
kitabxanada bu xidmət fəaliyyətdədir. Biz
istəyirik ki, həmin mərkəzlər rayonlarda da fəaliyyət
göstərsin. Bu məqsədlə 3-4 il
əvvəl bütün bölgələrin kitabxana rəhbərlərini
Bakıya dəvət etdik və bu metodun istifadəsinə
göstəriş verdik. Amma nəticələr
qənaətbəxş deyil Oxucunu sevmək lazımdır.
Onu kitabxanadan boş qaytarmaq olmaz. Hər kəs öz peşəsinə uyğun ədəbiyyatdan
istifadə edir. Kitabxanaçılarımız
tariximizi, mədəniyyətimizi yaxşı bilməlidirlər.
İnanıram ki, müşavirədə
bütün qeyd etdiyim bu məsələlər
qaldırılacaq, maraqlı müzakirələr olacaq.
- Kitabxanaçılarımız
mütəmadi olaraq beynəlxalq tədbirlərə
qatılırlar. Bu barədə nə deyə
bilərsiniz?
- Hər il
kitabxanaçılarımız kitabla bağlı müxtəlif
səpkili konfrans, müşavirə və sərgilərdə
iştirak edirlər. Onları bu tədbirlərə göndərməkdə
məqsədimiz dünya praktikasının öyrənilməsi,
görüb tanış olduqları
yeniliklərin respublikamızda tətbiq edilməsidir. Çünki bu gün kitabxanaları informasiya
texnologiyaları olmadan təsəvvür etmək
mümkün deyil. Elektron Kitabxanaların
Beynəlxalq Assosiasiyası var və bizim
kitabxanalarımızın çoxu həmin qurumun
üzvüdür. Elektron kitabxanalar da daim
nəzarətimizdədir. 10 il əvvəl
Krımda beynəlxalq konfransda iştirak etdim və
qayıtdıqdan sonra orada gördüklərimi kitab şəklində
yazdım. Əhəmiyyətli konfranslarda əldə etdiyimiz
bilikləri mütləq bölüşməliyik və
iş sistemimizdə tətbiq etməliyik. Bu həm
maraqlı, həm də çox lazımlıdır.
- Neftçalada yeni bir layihə həyata
keçirirsiniz. Bəlkə
oxucularımızı da bu barədə məlumatlandıraq?
- Hazırda pilot layihə kimi
Neftçala kitabxanasında memuar iş üsulunu həyata
keçiririk. Burada kəndin tarixi, kənddə
baş verən maraqlı və qeyri-adi hadisələr qələmə
alınaraq tarixə yazılır. Belə
düşünürük ki, layihə əsasında kəndin
əhalisinin kitabxanaya marağı artacaq. Bilinqvistik
layihələr də vacib məsələlərdən
biridir. Həmin kitablar iki-üç, hətta
deyərdim ki, dörd dildə dərc olunaraq dünya kitab sərgilərində
nümayiş etdirilməlidir. Bizim qədim
tariximiz var və bu tarixi konfranslar zamanı müxtəlif dillərdə
çap olunmuş kitablar vasitəsilə dünyaya
tanıtmalıyıq.
- 2012-ci il
başa çatır. Bu il görülən
işlər barədə ümumi məlumatı da
oxucularımızla bölüşməyinizi xahiş edirəm.
- Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidentinin 6 oktyabr 2008-ci il
tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı” artlıq
beş ildir ki, icra olunur. 2008-2012-ci illər ərzində
gördüyümüz işlər barədə geniş
hesabat hazırlamışıq. İşlərin
əhatə dairəsi hədsiz dərəcədə
genişdir. Nazirliyin sistemində M.F.Axundzadə adına
Azərbaycan Milli, C.Cabbarlı adına Respublika Gənclər,
F.Köçərli adına Uşaq kitabxanaları, Respublika
Gözdən Əlillər Kitabxanası, regionlarda 8 şəhər
və 64 rayon MKS-si, Bakı şəhərində 74 kütləvi
kitabxana və 2 MKS, Naxçıvan MR-də 2 respublika əhəmiyyətli
kitabxana və 7 MKS fəaliyyət göstərir. Ümumilikdə kütləvi kitabxanalar şəbəkəsinə
164 müstəqil kitabxana və 4220-dən artıq kitabxana
filialı daxildir. Dövlət Proqramına uyğun
olaraq müasir dövrdə elm, informasiya, mədəniyyət,
təhsil və tərbiyə müəssisəsi kimi çap
əsərlərini və digər informasiya
daşıyıcılarını toplayıb mühafizə
edən, onların sistemli ictimai istifadəsini təşkil edən
kitabxana xidmətlərinin təkmilləşdirilməsi və
s. məsələlər təsdiqlənmişdir. Bu səbəbdən
də bu il görülən işlərimiz
sırasında kitabxana-informasiya sahəsinin inkişafı və
modernləşdirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən
biri olub. Nazirlər Kabinetinin 2011-ci il 11
oktyabr tarixli “Azərbaycan Respublikasının şəhər
(rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin,
müstəqil kitabxanaların, şəhər, qəsəbə
və kənd kitabxana filiallarının, habelə şəhər,
qəsəbə kütləvi, uşaq və gənclər
kitabxanalarının nümunəvi strukturu və ştat
vahidləri” qərarının icrası məqsədilə
respublikanın bütün şəhər və rayon MKS-lərinin
strukturunun təkmilləşdirilməsi və kitabxana
filiallarının birləşdirilməsi işi həyata
keçirilib. Layihənin icrasında şəhər
və rayon MKS-lərinə tərəfimizdən hərtərəfli
metodiki və təşkilati dəstək göstərilib.
2012-ci ildə gördüyümüz işlərdən
biri də yeni pilot layihədir. Dövlət Proqramına
uyğun olaraq ilk dəfə Qəbələ rayonunda
kitabxana-informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin
hazırlanması və kitabxana filiallarının birləşdirilməsinə
dair pilot layihə həyata keçirilməyə
başlanıb. Hazırda bu iş respublika üzrə
yekunlaşdırılır və respublikanın
kitabxana-informasiya şəbəkəsinin dislokasiya xəritəsinə
daxil olacaq. Qısaca onu da deyim ki, bir sıra
şəhər və rayonlarda kitabxana işinin
inkişafına xüsusi önəm verirlər. Misal olaraq Xaçmaz, Göyçay, Ağdaş,
Masallı, Füzuli, Xızı və Sumqayıtı göstərə
bilərəm. Bu məqsədlə
Xaçmazda 2, Şabranda və Masallıda 1 nümunəvi
kitabxana yaradılıb. Son olaraq
bütün kitabxanaçılarımıza səmərəli
fəaliyyət, uğurlar arzulayıram.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 7 dekabr.- S. 5.