Şövkət Ələkbərovanın xatirəsi yad edildi

 

   Dekabrın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirildi. İştirakçılar əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.

  

   Tədbir Ş.Ələkbərovanın vaxtilə maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin müşayiəti ilə oxuduğu “Qaragilə” xalq mahnısının nümayişi ilə başlandı.

   Muzeyin şöbə müdiri Təranə Zeynalova ölkə Prezidentinin 2012-ci il 24 sentyabr tarixli sərəncamına uyğun olaraq Şövkət Ələkbərovanın 90 illik yubileyinin geniş qeyd edildiyini, xatirə gecəsinin də bu silsilə tədbirlərdən biri olduğunu vurğuladı.

   Şövkət Ələkbərovaya həsr olunmuşOxu, gözəl” kitabının müəllifi, yazıçı-publisist Mustafa Çəmənli və digər çıxış edənlər ölməz sənətkarın özünəməxsus ifaçılıq üslubundan, Azərbaycan musiqi sənətinə bəxş etdiyi bənzərsiz töhfələrdən söz açdılar, onunla bağlı xatirələrini bölüşdülər.

   Bildirildi ki, 1922-ci ildə Bakıda doğulan Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb, Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığında yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. Müğənninin ifa etdiyi mahnılar ilk gündən dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunurdu. “Dərələr”, “Axşam”, “Ayrılıq”, “Bir könül sındırmışam”, “Sən mənim, mən sənin”, “Gəl, səhərim” və s. mahnılar bu gün də sevilərək dinlənilir. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub.

   Tədbirdə bənzərsiz ifaları ilə könülləri fəth edən mərhum sənətkarın lent yazıları təqdim olundu, sənətkarın yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirildi, həmçinin Şövkət Ələkbərovanın repertuarından olan mahnılar tələbələri - əməkdar artistlər Aybəniz Haşımova və Nuriyyə Hüseynovanın, gənc musiqiçilərin ifasında səsləndi.

  

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 7 dekabr.- S. 4.