Musiqi mədəniyyətimizin təntənəsi

 

   Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib

  

   Xəbər verdiyimiz kimi, dekabrın 3-də Fransanın paytaxtı Parisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası işə başlayıb. Sessiyada mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Tədbirdə üzv ölkələrin quruma təqdim etdiyi qeyri-maddi mədəni irs nümunələri nominasiyaları da müzakirə olunub.

  

   Dekabrın 5-də Parisdən xoş xəbər aldıq. UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim olunan nominasiyaların müzakirəsi zamanı Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib.

   Bu hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərin daha bir parlaq nəticəsidir. Azərbaycan tar ifaçılığının bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilməsi ümumilikdə mədəniyyətimizin, musiqi sənətimizin növbəti təntənəsidir.

   Xatırladaq ki, ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı, eyni zamanda Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

   Komitənin sessiyasında digər üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyalar da müzakirə olunub. Hökumətlərarası Komitənin toplantısına qeyri-maddi mədəni irs üzrə müxtəlif ölkələrdən ümumilikdə 36 nominasiya təqdim olunub. Bu sessiyayadək Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına 86 ölkə tərəfindən 232 nümunə daxil edilmişdi. Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya nümunə təqdim etmək üçün ölkələr öncə UNESCO-nun 2003-cü ildə qəbul etdiyiQeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya”nı ratifikasiya etməlidirlər. Hazırda bu sənədi dünyanın 146 ölkəsi ratifikasiya edib.

   Dekabrın 7-dək davam edəcək Hökumətlərarası Komitənin gələcək fəaliyyət mexanizmləri, büdcə məsələləri, növbəti sessiyanın keçirilmə yeritarixi, “Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya”nın 10 illik yubiley tədbirləri və s. məsələlər müzakirə mövzusudur.

  

   Oxu tar, oxu tar!”

  

   Məşhur tarzən, Xalq artisti, professor Ramiz Quliyev Azərbaycan tar ifaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınması xəbərini sevinc içində qarşıladığını deyir: “Eşitdiyimiz xəbər qəlbimizi sevindirdi. Azərbaycanın ulu tarı, qədim tarı öz haqqını aldı, bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salındı. Bu, Azərbaycan sənət dünyasının, Azərbaycan mədəniyyətinin qələbəsidir. Bu münasibətlə mən qədirbilən, sənətsevər xalqımızı, Azərbaycan dövlətini təbrik edirəm. Bu uğurda Azərbaycan dövlətinin bugünkü nüfuzu, xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi səyləri mühüm rol oynadı.

   UNESCO obyektiv, nüfuzlu bir təşkilat kimi uzun illər mədəniyyətimizin kökünü, tarixini, keçdiyi yolu araşdırandan sonra əmin oldu ki, Azərbaycan xalqı musiqi mədəniyyətinin, musiqi alətlərinin sahibidir. Başqaları kimi özgə xalqların mədəniyyətinə, musiqisinə yiyələnmək məqsədi güdmür. Vaxtilə Azərbaycan xalqından öyrənənlər Azərbaycan tarına sahib çıxmaq istəyirdilər. UNESCO obyektiv bir mövqe tutaraq sübut etdi ki, öyrənənlər heç vaxt birinci olmur, öyrədənlər birinci olur. Azərbaycan tarının dünya səhnələrində tutduğu mövqe hər kəsə bəyan etdi ki, xalqımız tarın yaradıcısıdır.

   Ötən yüzillikdə tarımıza qarşı dəfələrlə hücumlar, təzyiqlər oldu. 30-cu illərdə “Oxuma tar, oxuma tar” deyənlərin nə qədər yanlış yolda olduqları bəlli oldu. O ağır illərdə Mikayıl Müşfiq öz şeiri ilə Azərbaycan tarının səsini xilas etdi, o vaxt dahi Üzeyir bəyin musiqiləri tarı yaşatdı. Müşfiqlərin, Üzeyir bəylərin ruhu şad oldu. Bu gün Mirzə Sadıq Əsəd oğlunun, ondan əvvəl yaşamış, ondan sonra gələn, dünyasını dəyişmiş bütün tarzənlərimizin ruhları şad oldu. Bu gün yaşayıb-yaradan tarzənlərimiz isə çox böyük sevinc içərisindədirlər.

   Mən bir tarzən olaraq bu günləri beynəlxalq səhnələrdə Azərbaycan tarının dünya musiqi alətləri ailəsinə qovuşması, orda möhtəşəm səslənməsi ilə fəxr edirəm.

   İnanıram ki, dünən və bu gün olduğu kimi, sabah da Azərbaycan tarı daha böyük uğurlar əldə edəcək. Ona görə ki, bizim tarımızın məktəbi var. Bu gün dünya klassiklərinin, Azərbaycan bəstəkarlarının ən çətin ifa olunan əsərlərinin ulu tarda ifa olunması özü tarın qələbəsidir. Xalqımızı, incəsənət xadimlərimizi, tarzənlərimizin böyük bir ordusunu səmimi qəlbdən təbrik edirəm”.

  

   Təranə Vahid

 

   Mədəniyyət.- 2012.- 7 dekabr.- S. 3.