“Şeir mənim balam, mənim bəlamdır”
Adaşlardan
qılınclının bığları eşmə-eşmə
idi, qələmlinin sözləri seçmə-seçmə...
Bədahətən
(həqiqətən birdən-birə) belə gələn bu
başlıq mənə belə bir “ayaq”lıq diktə edir:
Qılınc-Nəbi dağlarımızda at oynatdı, Qələm-Nəbi
dərələri də dağlar kimi ucaltdı. Birinə
“Papağı güllədən deşmə-deşmədir”,
- dedilər, biri “Sənət basılmayan məğrur
qalamdır”, - dedi. O, igidliyilə el-elatına həyan oldu, bu,
istedadıyla məmləkətimizin qəlbini bu dünyaya bəyan
etdi. Baba-Nəbi bu dünyanı Boz at belində tərk etdi, nəvə-Nəbi
yaz-yoz at yəhər-təhərində...
Qəhrəmanlar,
elm, ədəbiyyat-sənət adamları günlərin,
aylar-illərin, bir sözlə, tarixin hərəkət-bərəkətsiz,
başına-boşuna keçməməsinin
xilaskarlarıdır. Onların
yaratdığı qürur, əməl, söz arxivləri
qüdrətdən yaradılmışların bəşər
əlavəsidir. Eralarda, minillik-yüzilliklərdə,
illər-günlərdə, saniyələrdə nə qədərlərlə
olaylar yatır!
Bu möhtəşəm
tünlükstanda doğum tarixçəni yadda
saxlatdırmağın özü də bir qələm-qoçaq
Nəbiliyi deyilmi? Yarada-yarada,
istedadından, könül sərvətindən bac-xərac
verə-verə diqqətlərdən öc alıb, xalqın
mədəniyyət tarixinə düşməyi deyirəm.
Belələrindən biri də hər “10 dekabr” deyəndə
ən əzəl yada düşən gözəl şairimiz
Nəbi Xəzri!
Evin sevimlisi olan, gələcəyin
seçilmişi olası bu soydaşımız
paytaxtımızın lap yaxınlığında -
Xırdalan kəndində doğuldu, Nəbi adı aldı.
İyirmi yaşına çatar-çatmaz, nə
kəndinə sığışdı, nə soyadına.
O vaxtadək Xəzərin gilavarıyla mehlənib, xəzrisiylə
sərinlənən milyonlara qoşular-qoşulmaz,
zövqalanlar qismindən seçilib, günü-gündən
məşhurlaşan zövqverənə - Nəbi Xəzri
isminə çevrildi. Gah həlim, gah fırtınalı
təxəllüs “adaş”ının “qovğalı
dalğalar”ını poetik-poetik,
qırçın-qırçın,
pıçıl-pıçıl
pıçıldaşdırdı. Buruqlarını
“başını bara əyib, vara
qaldıran” təvazökar varlıqlara oxşatdı. Bakı fəhlələrini “aləmi bəzəyib,
ailəsinə çıraq tutan vətəntikənlər”ə
bənzətdi. Abşeronun meynə kölgəliklərini
təbii “meyxana”lara, əncirlərini bal
arısı pətəklərinə, adamlarını folklor cəmiyyətinə,
təblilərini söz, cavanlarını göz
ovçularına timsal etdi. Yaşı on yeddiyə
yetməmiş istehsalata, on səkkizə çatmamış
müharibəyə getdi. 1943-cü ildə
yaralanıb tərxis olunsa da, doğma vətənə
sapsağlam bir yaradıcılıq ruhu ilə qayıtdı.
Elə həmin ildən müharibənin sonunadək
“Kommunist” qəzeti redaksiyasında korrektor, sonralar sədr
müavini seçiləcəyi Azərbaycan Radiosunda diktor
işlədi.
Beləliklə, Babayev Nəbi
Ələkbər oğlu - Nəbi Xəzri - öz xidmətləri,
təkrarsız yaradıcılığı, SSRİ və Azərbaycan
Dövlət mükafatları, “Xalq şairi” adı ilə “10
dekabr 1924-cü il” tarixçəsini xalqın yaddaş salnaməsinə
köçürdü.
Anadan istedad və
seçkin qabiliyyətlərlə doğulmuş gənc Nəbi
Xəzriliyə doğru çox iri və təəccüb
doğuracaq qədər diri addımlarla irəliləyirdi.
Lakin bu yol ali təhsil körpüsündən
keçməliydi. Belə də oldu və özü də
necə! 1945-dən 1952-yə qədər onun
adı iki universitet, bir institut jurnallarına yazıldı.
O öz şair ürəyi başında üç tələbə
bileti daşıdı: 1945-47-də Azərbaycan Dövlət
Universiteti (BDU), 1947-49-da Leninqrad (Sankt-Peterburq) Dövlət
Universiteti, 1949-50-ci illərdə Maksim Qorki adına
Dünya Ədəbiyyatı İnstitutu. Bu
universal (şair, nasir, dramaturq, publisist, tərcüməçi)
ədibimizin yaradıcılığı, ictimai xidmətləri,
vəzifə görəvləri çox geniş, təqdimatı
daha vacib olduğundan, xeyli dərəcədə maraq
doğuran universitet-institut macəraları üstündən
sükutla keçməli oluram.
Öncə “rəsmiyyət”
yaradıcılığı
Moskva Ədəbiyyat
İnstitutunu bitirdiyi gündən 1957-ci ilədək Azərbaycan
Yazıçılar İttifaqında məsləhətçi
işləməyə başlayır. Nəbi
Xəzrinin (müasirlərinin söyləmələrinə
görə) məsləhətlərilə istedad
“külçə”ləri yonula-yonula parlayıb ədəbiyyat
evimizə işıq saçanlar da olub, pedantlıq kələf-kələkləri
açıla-açıla, yamaq götürməyən bu əbədiyyət
evindən qələm atıb, baş götürüb
qaçanlar da.
1957-58-ci illərdə
“Ədəbiyyat və incəsənət” qəzetində ədəbi
işçi kimi çalışır. Sonra
gəlir 1959-65-ci illər ki, o çağlar yazıb-yaratmaq
eşqilə çağlayan şair Yazıçılar
İttifaqının katibi vəzifəsində işləyib.
Daha sonra (1965-71-ci illər) isə
özəl-gözəl sənətkarımızın “rəsmiyyət
yaradıcılığı”nın “zirvələrə-süftələr”
dövrü başlayır. Öncə, Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin
müavini kimi, efir-ekranımıza intellektual mizan-düzən,
kolorital dil-üslub, səs-nəfəs gətirir. Sonra
respublika mədəniyyət nazirinin müavini olaraq, o vaxtlar adına “təşəbbüs” deyilən layihələrə
qol qoyur, milli düşüncələri, vətəndaş
çaba-çalışmaları ilə yorulmadan
çalışır, kültürümüzün
arxeoloji-genolojiliklərini daha qədimi gerilərə,
şan-şöhrət gələnəklərini daha irəlilərə
aparır.
Ömrünün əllinci
ilindən Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqə Cəmiyyəti Rəyasət
Heyətinin sədri vəzifəsinə təyin edilən Nəbi
Xəzri 1992-ci ildə “Azərbaycan Dünyası” Beynəlxalq
Əlaqələr Mərkəzi adı ilə fəaliyyət
göstərən həmin təşkilatın prezidenti
seçilir.
Nəbi Xəzri
çox vəzifələrə təyin edildi, seçildi,
amma həm də əhatəsindəkilərdən xeyli, bəzən
də çox seçildi, fərqləndi,
baxışların, nəzərlərin bütün
rakurslarından göründü. Bax bu an rəhmətliyin
ruh qutluğu naminə çox xatiratlar söyləmək istəyim
olsa da, səhifə həcmi baxımından birciyini
boylayım: İsmayıllı rayonundakı kəndlərdən
birində “bağ belə-bostan belə” motivli sovet dastanı
söyləyən kolxoz sədri “büdcəmizdəki məbləğə
görə də rayon üzrə başda gedirik!” deyib,
hörmətli qonaqdan məmnun baxış, sürəkli
alqış gözləyirkən, Nəbi Xəzrinin
tonallıqca asta, zəhmcə ağır və usta sözlərini
eşidir: “Başda gedən o məbləğlə
nöşün bu kolxozçuların cırıq
ayaqqabılarını da yamatdırmırsız?!”
Yarları yarıdan könül...
Altmış il
yaradan könül... Bu könülün
hansı ilməsindən başlayıb, hansı notunda qurtarasan?
Çəmənzarındakı hankı
gülünü gülləyib, ritmik qafiyəstanındakı
hankı ladı tutasan? Saysız mahnı mətnlərini
sadalayıb, bütün bunları məndən də
yaxşı bilən, məndən də çox sevən
oxucumuza “başağrısı” edəsən?..
“Hər
çiçəkdən bir ləçək” daha məqbuldu,
məncə. Və öncə
mahnılarından birini çəkək meydana. Özü də yazı başında ad-yad etdiyimi.
Öz yazarı - qələm-qazarı ilə
dağlar kimi ucaltdığı “Dərələr”i. Həm də
bu şairin yaradıcılığı haqda
yazılmış kifayət qədər yazılardan, tədqiqatlardan
bir xeyli fərqli yozumda.
Klassik şairlərimiz,
aşıqlarımız çox deyiblər, çox
yazıblar dağlar haqqında. Hərəsinin
ayrıca bir dağ obrazı, “dağ qardaşı”, dağ
sirdaşı var onların. Dərələr -
aşağılıq ehtiva edən dərinliklər barədə
isə bu “şəhər balası”ndan yaxşı deyən
bir “kəndçi balası” tanımam!
“Yaşıl-yaşıl
dərələr”. Yaxşıdır, amma
ağılagəlmə, deyilmə mümkünlüyündən
xali də deyil. Bəs,
“mışıl-mışıl dərələr”?! Bəs, “Sizdən qalxan dumanlar dağlara
salammıdır”?! Yox, əfəndilər,
məni məzur tutun, bu, deyəsən, ədəbi Kolumbluqdur.
Bu, “Qumral gözlərinlə al...” kimi ecazkar ifadələrilə
duyğularımızın canını alan
Müşfiqlikdir, “...çəkməyə dara xoş gəldin!”
“cinayətli” Ələsgərlikdir. Bu mahnının təbii havası, təbibi
davası ilə qəlblərini müayinə-müalicə
edənlərin sayı da çox, sanbalı da.
Canlarını “Can-cana” kimi “zahı” diringilərə
sadağa edənlərçünsə, o şeirdən bir
neçə bəndə bənd olmaq gərək:
Çinarlar qatar-qatar,
Qalxıb zirvəyə çatar,
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Yaşıl-yaşıl dərələr...
Sevdiyiniz ağaclar -
Küknarmıdır,
şammıdır?!
Sizdən qalxan dumanlar
Dağlara
salammıdır?
Quş kimi üstünüzdən
Qanad çalım, dərələr!
Şamlıqda bir axşamlıq
Qonaq qalım, dərələr!
Pir olmuş şair
hansısa bir poetik səhərdə, axşamda, ya sentimental
bir gecədə bunu yazıb, məsələni başa vurub
durmuşdu. Ancaq hansısa bir melodik günün
axşamındamı, səhərindəmi nur olmuş ustad
müğənnimiz Şövkət xanım Ələkbərova
bu sözləri avaza çəkib bizi havalandırdı və
bu “Məlikməmməd”i mahnının “yandım, çəkin!”
dəmində şairin növbəti bir yanğılı
şeirilə alovlanmağa başladı:
Əgər ki yıxılsam,
çinar göstərin -
Mən ona söykənib
arana baxım.
Gözlərim görməsə,
Göygölü verin,
Mən onun
gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən
gümanım -
Canım-gözüm mənim - Azərbaycanım!
Bir “gözqırpımı”lıq
“taym-aut” edin ki, - məni emosionallıqda qınayasılara
ciddi təşəkkür, həmkarlıq edəsilərəsə
belə bir xitab etmək istər könül: arana rahat baxmaq
üçün buradakı poetik çinardan daha təbii və
etibarlı dayaq, cahanı seyr üçün buradakından
daha ekzotik, aydın, alagöz göz, neo-optik eynək, bədii-parlaq
bəbək varmı?
Bu əda-ədatsız
sualımı ədalətlə
cavablandırmağınız üçün davam edək:
Sən günəş, mən isə
bir zərrə kimi -
Diriykən
oğlunam, ölsəm - torpağın.
Sən ki döyündürdün
mənim qəlbimi -
Sən uca
çinarsan, mənsə yarpağın.
Mənəm sənin özün,
ey eşqim-canım,
Sənsən özüm mənim -
Azərbaycanım!
“Məsələ”dən
çıxış yolu tapa bilməyənlərçün
həzmi-həbvari “qırxıncı qapı”:
Sizlərdən yollar keçər,
Siz - yaxşı ki varsınız,
Dərələr!
Zirvələrə açılan
Geniş qapılarsınız -
Dərələr!..
Könlünüzü poeziya
üstdə kökləmişkən, şairin “Şeir nədir
mənimçün” şeirindən üç bənd:
Dağlar tək ucadır, ümman
tək dərin,
O mənə qanaddır, mənə
inamdır.
Sehrli səsidir o, göyün,
yerin,
Bir adı ölməzlik, biri
ilhamdır!
Şöləsi olsa da neçə
min sirrin,
Şeirsiz günlərim zülmət axşamdır.
Alnımda şırımı mirvari tərin
Ömrüm də şeirlə əriyən şamdır.
Hicranı acıdır, əzabı şirin,
Şeir mənim balam, mənim bəlamdır.
Balamdır, qalamdır, bir də inamdır!..
Bu mənalardan, bu vətəndaşlıq, əbədi çağdaşlıqdan, daş-qaşa bənzər coş-qoşluqdan sonra (lap belə səhifədə yer qalmasa da), bu duyğupərvər şairin digər şeirlərindən nümunələr gətirməyə yer qalırmı?
Oxucularla bahəm, sizə də xitab edirəm - “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və sair və ilaxır kitablar!
Səninləyəm də - “10 dəqiqə poeziya”, “Çiçəklənən Abşeron”, “Zirvə buludu”, “Şeir mənim üçün bir kainatdır”, “Nəbi Xəzri”, “Şeirin xəzrisi” kimi kino-telelentlərdən ibarət filmoqrafiya xonçası!
Sağlığında “Torpaq, sənə and içirəm!” deyib getmiş qəlb oğluna əbədi ana qucağı açmışa da: Nurla dolasan!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 12 dekabr.- S. 13.