Azərbaycan kinosunun “ədviyyat”ı
“Yusif Yulduz hansı filmə çəkilirdisə, mütləq tamaşaçıya özünü sevdirirdi”
Kino sənəti
tariximizdə silinməz izlər qoyan, yeni nəslin yetişməsində xidmətləri
olan kino xadimlərimiz,
peşəkar sənətkarlarımızla hər zaman fəxr etmişik. Onların yaratdıqları obrazları - bəzən
kiçik, epizodik
rolları belə tamaşaçı özünə o qədər yaxın hesab
edib ki, illərlə
həmin obrazı, simanı unuda bilməyib.
İllər ötsə də, filmlərdən bizə yadigar qalan obrazların səmimiliyi
və müsbət aurası indi də ekrandan tamaşaçıya sirayət edir. Bu gün
onları dərin hörmətlə yad edirik.
Filmlərdə daha çox epizodik rollar oynayan, lakin canlandırdığı personajlar baş qəhrəmandan az sevilməyən, tamaşaçı yaddaşına əbədi həkk olan görkəmli aktyorlarımızdan Məmmədsadıq Nuriyev, Fazil Salayev, Kamil Məhərrəmov və başqalarını hər zaman ehtiramla yad edirik.
Kino
səmamızın belə sönməz ulduzlarından biri də Yusif Yulduz olmuşdur. O, 1905-ci
ildə anadan olub. Rusiyada ali təhsil alan ilk sənətkarlarımızdan
biri kimi adı mədəniyyət
tariximizə düşüb. Leninqrad Səhnə Sənəti İnstitutunun rejissor və
dram aktyoru fakültəsində
təhsilini (1923-1928) başa vurduqdan sonra vətənə
qayıdan Y.Yulduzun
hazırladığı ilk tamaşa M.Qorkinin "Həyatın
dibində" əsəri olub. Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət
qazanandan sonra
1936-1937-ci il teatr
mövsümündə Naxçıvana dəvət alıb.
Teatrda Mirzə İbrahimovun
"Həyat", Cəfər Cabbarlının "Od gəlini", Vilyam Şekspirin "Otello"
pyeslərinə monumental üslubda
səhnə quruluşları verib. Məmməd
Səid Ordubadi və Səid Rüstəmovun
"Beş manatlıq gəlin"
operettasını tamaşaya
hazırlayıb. Sonralar - 1955-ci ildən
"Azərbaycanfilm" kinostudiyasında
rejissor assistenti, rejissor, dublyaj rejissoru işləyib. Bir sıra
filmlərdə çəkilib.
Bir zamanlar sənətkarla çiyin-çiyinə çalışmış
aktyor və rejissorlarımız bu gün Yusif Yulduzu nəcib insan və işinin
peşəkarı kimi
yad edirlər.
Kinorejissor Elxan Qasımov sənətkarla bağlı
xatirələrini bizimlə
bölüşdü: “Azərbaycan
kino sənətində
elə insanlar var ki, yaratdıqları
obrazlara əbədi möhür vurublar. Tamaşaçı həmin obrazları
başqa bir aktyorun ifasında sadəcə təsəvvür
edə bilmir. Bu aktyorlar rejissorların
da sevimlisi olublar. Çünki məhz həmin
istedadlı aktyorların
yaratdıqları tipajlar
və epizodik obrazların nəticəsində
rejissorların filmləri
yaddaqalan, baxımlı
olur, tamaşaçı
rəğbəti qazanır.
Belə simalardan biri də görkəmli sənətkar Yusif Yulduz olmuşdur. Onun haqqında gözəl fikirləri mən ilk dəfə müəllimim,
dahi rejissorumuz Adil İsgəndərovdan
eşitmişəm. O, Yusif Yulduzu gözəl
aktyor və böyük intellekt sahibi kimi xarakterizə
edərdi. Onun özünəməxsus və qəribə bir ifa tərzi
var idi. Hər zaman Yusif müəllim
haqqında söhbət
açılanda mütləq
“Əhməd haradadır?”
filmindəki obrazı
(Yusif - red.) da yada düşür, xatırlanır. Filmdə kiçik
epizodda görünsə
də, ən yaddaqalan obrazlardan birini yaradıb, tamaşaçının yaddaşına
yazılıb. Kinoda bir
sıra komik obrazlar yaratsa da, həyatda çox ciddi insan idi. Bir insan, şəxsiyyət kimi hamı onu çox sevirdi. Xüsusən də biz cavanlar.
O, dublyajda işləyəndə
hər səhər işə gələrkən
mütləq qoltuğunda
qəzet olardı. Nə vaxt kefini soruşsan
“əlayam” deyərdi.
73 yaşında vəfat etdi. O, rejissorların sevimli aktyoru idi. Hansı filmə
çəkilirdisə, mütləq
tamaşaçıya özünü
sevdirirdi. Əgər aşpaz
öz bişirdiyi yeməyə müxtəlif
ədviyyatlar qatıb
ona dad əlavə edirsə, Yusif Yulduz da rejissorların
filmlərinin duzu-istiotu,
ədviyyatı idi.
“Alma almaya bənzər”
və s. filmlərdə
bunun şahidi oluruq. Biz onu
həmişə bir müəllim-rejissor kimi tanımışıq, çoxlu
tələbələri olub.
Amma o, tamaşaçı yaddaşında
daha çox mahir aktyor kimi
qalaraq mədəniyyət
tariximizə düşdü.
Əfsus
ki, rejissor kimi özünü tam təsdiqləyə bilmədi.
Bəlkə də dövrün,
həyatın nəbzini
tuta bilmədi. Bu da təvazökarlığından
irəli gəlirdi.
Çox
qayğıkeş və
səmimi bir insan idi. 1978-ci ildə dünyasını
dəyişdi. Allah rəhmət eləsin.
O hər zaman xoş xatirələrlə
anılmağa layiq sənətkardır. Çox sevindim
ki, siz bu
gün onu yad edirsiniz”.
Yusif Yulduzla bir sıra
filmlərdə tərəf-müqabili
olan Əməkdar
artist Ramiz Məmmədov
da sənətkarı
xoş xatirələrlə
yada saldı: “Onunla “Alma almaya bənzər“ filmində
(1975) tərəf-müqabili olmuşduq. O vaxt mən II kurs tələbəsi idim. Bir çox tanınmış
aktyorlar da bu filmdə çəkilirdilər. Rayonda çəkilişlərimiz
zamanı Yusif müəllimlə mən
bir otaqda qalırdıq. Çox unikal
insan idi. Dövrünə görə dünyagörüşü
və təfəkkürü
güclü olmaqla yanaşı, eyni zamanda həlim xasiyyətli və uzaqgörən idi. Yusif müəllimlə tanış olduğum illərdən xatirimdə iki mahnı yadigar qalıb. Bilirsiniz ki, o vaxtlar türk musiqisi yasaq idi. Yusif müəllim isə türkçülüyü, Türkiyəyə
böyük sevgisi ilə seçilirdi.
Onun hər zaman zümzümə etdiyi iki mahnıdan biri “Durnam” sonradan
tanınmış xanəndəmiz
Hacıbaba Hüseynovun
repertuarında yer aldı. İkinci mahnı da yaddaşıma əbədi
həkk olub və gözəl sözləri var. Mahnı
“Başın üçün”
adlanır - yəni,
and mənasında. Bu gün də həmin mahnını hərdən özüm üçün zümzümə
edirəm. Məncə, aktyor türkçülüyə
meylli olduğundan özünə məhz Yulduz təxəllüsünü
seçmişdi. Həmişə gənc aktyorlara yol göstərər, tövsiyələrini əsirgəməzdi.
Yadımdadır deyərdi:
“Səhnə həyatın
bir parçasıdır.
Aktyor təbii olmalıdır,
real oynamalıdır. Həyatın özünü səhnəyə
gətirmək böyük
sənətkarlıqdır. Aktyor komik səhnələri yüngül oynamamalıdır.
Bir var obrazı oynamaq, bir də
yaşamaq”.
Rəhmətlik həmişə bizə deyərdi ki, obrazı oynamağa yox, yaşamağa çalışın.
Çox
vaxt bizə azman aktyorlarımız Ülvi Rəcəb, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə ilə
bağlı xatirələrini
danışardı. Daxili dünyası
zəngin insan idi. Onun kimi sənətkarlar
kino sənəti tariximizdə həmişə
yaşayacaqlar. “Axırıncı
aşırım”, “Bizim
küçə”, “Koroğlu”,
“Qərib cinlər diyarında” və s. filmlərdə ümumilikdə
20-dək maraqlı obraz
yaradaraq tamaşaçı
sevgisi qazanan Yusif Yulduzun xatirəsi kino ictimaiyyəti tərəfindən
həmişə dərin
ehtiramla yad edilir”.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 12 dekabr.- S. 12.