Ruhumuzun kamanı
Qədim musiqi alətlərimiz
Azərbaycanın ən qədim musiqi alətlərindən biri
də kamançadır. Muğamlarımızın ifası
zamanı trioya (tar, kamança, qaval) daxil olan kamança
xalq çalğı alətlərinin
kamanlı-simlilər qrupunun ən parlaq nümayəndəsidir. İncə, məlahətli,
melodik səsə malik
olan bu alət əsrlərdir
ki, insanları valeh edir.
Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında kamançanı belə təsvir edir:
Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub
dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı,
Bu keyfi-işrəti
çox alqışladı.
Bu qədim
alət barədə orta əsr klassiklərinin
əsərlərində də
geniş məlumat verilir. XVI əsr
Təbriz rəssamlıq
məktəbinin nümayəndəsi
Mir Seyid Əlinin
\"Musiqi məclisi\"
əsərində bərbət,
dəf və kamança alətləri
təsvir edilir, Əbdülqadir Marağayi
əsərlərində başqa
musiqi alətləri ilə yanaşı, kamança haqqında da məlumat verir. XVII əsrdə
Azərbaycana səyahət
etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli
və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edirdi.
Kamançanın çanağının üzü - membranı balıq dərisindən, ya da qaramal
ciyərinin pərdəsindən
çəkilir, qolu pərdəsizdir. Simləri kaman
vasitəsilə səsləndirilir.
Kaman - uclarına bir çəngə at tükü
bağlanmış yayşəkilli
ağac çubuqdur. Alətin ümumi uzunluğu 650-900 sm olur. Son dərəcə təsirli tembri olan kamançada lirik musiqinin ifası xüsusilə gözəl təsir bağışlayır. Həm solo, həm
də ansambl tərkibində musiqi aləti kimi istifadə olunur.
Hələ keçən əsrdə
üçsimli, dördsimli
və hətta beşsimli kamançanın
mövcudluğu məlum
idi. Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraq doğurur. Burada görkəmli bəstəkar
Zülfüqar Hacıbəyova
məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət
olan kamançanın
çanaq və qol hissələri yüksək zövqlə
təbii sədəflə
bəzədilmişdir.
Kamançanın müxtəlif növləri
başqa adlarla Şərq və Orta Asiya xalqları
arasında yayılmışdır.
Kamança ifaçılığının
Azərbaycanda yüksək
inkişafı XIX əsrin
ikinci yarısından
başlayaraq xanəndəlik
sənətinin inkişafı
ilə bağlıdır.
Kamançada səslənən musiqi güclü müalicəvi təsirə
malikdir. O, əsəbləri
sakitləşdirir, hal-əhvalı
yaxşılaşdırır, qəm-qüssəni aradan
götürür. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət hisslər yaradır. Kamançanın ecazkar səsində
Şərq mədəniyyətinin
incə özünəməxsusluğu
əks olunur. Orta əsrlərdə kamança
timsalında olan musiqi alətindən bəhs edən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527) əsərində
qeyd edir ki, əsəbləri sakitləşdirmək və
yuxusuzluğu aradan qaldırmaq üçün
simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır.
Böyük şair Bəxtiyar Vahabzadə isə kamanın simlər üstdə gəzişməsini
təbiət və cəmiyyətin ən kövrək yaşantıları
ilə əlaqələndirirdi:
O enən, o qalxan səslər, avazlar
Yazbaşı dağların selidir
bəlkə?
Kamanın bağrında ağaran tozlar
Yanan arzuların külüdür
bəlkə?..
Müasir dövrümüzdə Xalq artisti Habil
Əliyev nəinki Azərbaycanda, bütün
Şərq dünyasında
ən məşhur kaman ustası kimi milli musiqi
alətimizin şöhrətini
bütün dünyaya
yaymaqdadır.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 12 dekabr.- S. 12.