Naxçıvanda
Bəhruz Kəngərlinin əsərlərindən ibarət
sərgi açılıb
Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2012-ci il tarixli sərəncamına
əsasən milli təsviri sənətimizin
görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin
120 illik yubileyi geniş qeyd olunur.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12-22 iyun 2012-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Bəhruz Kəngərlinin yubileyinə həsr olunmuş sərgi keçirilmişdi. Dekabrın 7-də isə Naxçıvan şəhərində, Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Rəsm Qalereyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında görkəmli sənətkarın əsərlərindən ibarət sərgi təşkil olunub.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.
Tədbirdə çıxış edən Ali Məclisin sədri ölkə Prezidentinin müvafiq sərəncamına əsasən görkəmli rəssamın yubileyinin muxtar respublikada silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. Yubileylə əlaqədar poçt markası buraxılıb, elmi konfranslar keçirilib, Bəhruz Kəngərlinin əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunub, “Sənətin Bəhruz zirvəsi” adlı sənədli film hazırlanıb. Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulur.
Sərgidə ilk dəfə olaraq Bəhruz Kəngərlinin əsərlərinin tam külliyyatının nümayiş olunduğunu bildirən Ali Məclisin sədri deyib: “Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini öz əsərlərində dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. O, incəsənətimizin inkişafı naminə yorulmadan xidmət göstərib, gənclərə rəsm sənətinin sirlərini öyrətmək üçün dərnəklər yaradıb, əsərlərinin satışından əldə etdiyi gəlirlə imkansız uşaqların təhsilinə köməklik edib”.
Qeyd olunub ki, görkəmli rəssamın xalqımız qarşısındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilib. 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi açılıb. Muzeyin açılışında iştirak edən ulu öndər Heydər Əliyev rəssamın yaradıcılığına yüksək qiymət verərək deyib: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən dəyərli nümunələridir”.
Sərgini ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulayıb ki, istedadlı fırça ustası Bəhruz Kəngərli Azərbaycan milli təsviri sənətinin tanınmış simalarından biridir: “Azərbaycan incəsənət tarixində silinməz izlər buraxmış görkəmli rəssamın sərgisinin onun doğma vətənində, qədim Naxçıvanda təşkili təsadüfi deyil. Bəhruz Kəngərlinin 120 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən bu ilin iyununda paytaxt Bakıda, Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgidə görkəmli rəssamın 80-dək əsəri nümayiş etdirilib, nəfis tərtibatlı kataloq çap olunub. Eyni zamanda, Dövlət Rəssamlıq Akademiyasında görkəmli rəssamın həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda B.Kəngərlinin 100-ə yaxın orijinal əsəri saxlanılır. Bakıda təşkil olunmuş sərgiyə tamaşaçılar tərəfindən böyük maraq göstərildiyini nəzərə alaraq Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəsm Qalereyasında Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında sənətkarın əsərlərindən ibarət sərgi təşkil olunması qərara alınıb. Ümumiyyətlə, qeyd etmək istərdim ki, 2001-ci ildən başlayaraq Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin təşkili və fondların komplektləşdirilməsi ilə əlaqədar nazirlik tərəfindən mütəmadi olaraq köməklik göstərilib. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından müəllifin 48 ədəd orijinal əsəri, habelə 50 ədəd əsərin irihəcmli fotoreproduksiyaları hazırlanaraq muzeyə hədiyyə edilib.
2010-cu ildə isə rəssamın «Avtoportret» əsərinin fotoreproduksiyası hazırlanaraq Naxçıvan Dövlət Rəsm Qalereyasında nümayiş etdirmək məqsədilə verilib”.
B.Kəngərlinin Azərbaycan professional rəssamlıq məktəbinin banisi olduğunu deyən nazir qeyd edib ki, realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması sənətkarın adı ilə bağlıdır: “1910-1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində oxuyan Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olub.
Yaradıcılığının ilk dövründə müəllimi - mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D.Qudiaşvilinin portretlərini çəkib, karikatura və satirik rəsmlər, mənzərə və məişət səhnələrini əks etdirən rəsm, akvarel və boyakarlıq əsərləri yaradıb. 1914-cü ildə rəssamın Naxçıvanda ilk böyük sərgisi keçirilib. O, Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib. Teatr rəssamlığı, qrafika və digər janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan böyük sənətkardır. 30 il ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış B.Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. O, Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb, rəssamın çoxcəhətli yaradıcılığı barədə məlumat verib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev nümayiş etdirilən əsərlər barədə məlumat verərək bildirib ki, rəssamın yaradıcılıq nümunələrinin əksəriyyətini mənzərələr təşkil edir. Onun “İlanlı dağ”, “Ağrı dağ”, “Əshabi-kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Mənzərə”, “Qara dəniz” əsərləri yüksək bədii sənətkarlıq nümunələridir.
Bəhruz Kəngərlinin əsərləri içərisində Əcəmi Naxçıvaninin XII əsrdə inşa etdiyi Möminə xatun və Yusif Küseyir oğlunun türbələri, “Nuhun qəbri” və “İmamzadə” əsərləri xüsusi yer tutur. “Nuhun qəbri” və “Atabəy məqbərəsi”ni rəssam müxtəlif ölçü və texnikada, günün müxtəlif vaxtlarında, gah etüd, gah da tamamlanmamış şəkildə işləyib. “Naxçıvanda məqbərə”, “Əliabad kəndində alaqapı”, “Yamxana kəndinə gedən yol” kimi əsərlər Azərbaycan incəsənətində realist mənzərə janrının nadir nümunələridir.
Bəhruz Kəngərli bütün yaradıcılığı boyu təbiətə, naturaya sadiq qalan, ona realist rəssam gözü ilə baxan bir sənətkar idi. Onun şairanə ilhamla çəkilmiş əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur.
Bəhruz Kəngərlinin yaşadığı dövrdə hökm sürən daxili ziddiyyətlər, erməni işğalı və talanları nəticəsində öz dədə-baba torpaqları olan İrəvan, Dərələyəz və Zəngəzurdan didərgin düşmüş insanların acı taleyi, ədalətsizlik, yoxsulluq, zülm və əsarət onun yaradıcılığında öz əksini tapıb. “Tərk edilmiş ev”, “Qaçqınlar” silsiləsindən, “Yurdsuz ailə” əsərlərində humanist rəssamın daxili iztirabları təsvir olunub.
Bəhruz Kəngərlinin mənzərə əsərləri içərisində “Naxçıvan yadigarı” albomu xüsusi yer tutur. İyirmi şəkildən ibarət bu albomda Naxçıvanın təbiət mənzərələri, memarlıq abidələrinin təsvirləri, həmçinin bölgənin etnoqrafik xüsusiyyətlərini əks etdirən konkret obrazlar, yaxud ümumiləşdirilmiş bədii tiplər verilib. Albomda toplanan “Araz”, “İlanlı dağ”, “Əshabi-kəhf”, “Ədilağa gölü” mənzərələri, “Atababa günbəzi”, “Nuhun qəbri” və s. əsərlər sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Rəssamın
bədii irsində mənzərədən sonrakı yeri portret janrı tutur. Azərbaycan incəsənətində Kəngərliyə
qədər şərtilik və dekorativlikdən tamamilə azad, müasir formalı, əsl
mənada, realist xarakter
daşıyan portret əsərləri
olmayıb. Mənzərə əsərlərində
olduğu kimi, portret əsərlərində də realizm ənənələrinə sadiq qalan rəssam, bu janrı istər məzmun, istərsə də
bədii forma cəhətdən yeni keyfiyyətli realist sənət
səviyyəsinə qaldırıb. Sərgidə nümayiş olunan
“Papaqlı kişinin portreti”,
“Azərbaycanlı qadın”, “Kişi portreti”, “Qız portreti”,
“Yatmış oğlan” və “Hündür göy
papaqlı uşaq” kimi
nümunələr rəngarəngliyi və özünəməxsusluğu
ilə seçilir. Sərgi 10 gün davam edəcək.
Mədəniyyət.- 2012.- 12
dekabr.- S. 8.