Böyük sənətkarlara ən böyük qiyməti zaman verir

 

  Ağabacı Rzayeva - 100

  

     

   Dekabrın 10-da R.Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar Ağabacı Rzayevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi.

 

   Yubiley gecəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Azərbaycanda, eləcə də Şərqdə ilk peşəkar musiqi təhsili alanilk bəstəkar qadın kimi adını musiqi tariximizə yazan Ağabacı Rzayevanın Azərbaycan mədəniyyətindəki xidmətlərindən danışdı.

   Bütün mənalı həyatını Azərbaycan musiqisinə, bütövlükdə mədəniyyətimizin tərəqqisinə həsr edən Ağabacı Rzayeva XX əsrin əvvəllərində böyük musiqi xadimlərindən, o cümlədən Üzeyir bəydən dərs almışdır. Azərbaycanın klassik poeziyasına, eləcə də yaşadığı dövrün ədəbiyyatına dərindən bələd olan bəstəkar özü də şeirlər yazaraq onlara böyük məhəbbətlə musiqi bəstələmişdir. Ağabacı Rzayeva o xoşbəxt sənətkarlardandır ki, mahnıları bu gün də ifaçılar tərəfindən sevilə-sevilə ifa olunur, radioda, televiziyada vaxtaşırı səsləndirilir. Çünki o, ömrü boyu xalq musiqisinə daha çox üstünlük vermiş, zəngin irsdən bəhrələnərək klassik bəstəkarlıq ənənələrinə xidmət etmiş, musiqinin bütün janrlarında öz bacarığını, istedadını sınayaraq musiqi xəzinəsinə bir-birindən maraqlı, yaddaqalan əsərlər bəxş etmişdir.

   Zaman böyük sənətkarlara qiyməti elə öz böyük sınağı ilə verir” - deyən nazir müavini Ağabacı Rzayevanın sənət irsinin yaşayacağını, bu gözəl musiqilərin nəsillərdən-nəsillərə ötürüləcəyini bildirdi.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilk qadın bəstəkar kimi tarixə düşən Ağabacı Rzayevanın yaradıcılığından danışdı. Dahi Üzeyir bəyin xeyir-duası ilə sənətə qədəm qoyan, bu çətin vəzifəni şərəflə daşıyan, ömrü boyu sadəliyini, təvazökarlığını qoruyub saxlayan, səmimi, təravətli, kövrək mahnıları ilə şöhrət tapan bəstəkarın musiqi tariximizdə öz yeri olduğunu vurğuladı: “Biz bu mahnılarla böyümüşük. O vaxtlarKukla”, “Qaranquş”, “Vətənimiz”, “Çoban Qara” mahnıları dillər əzbəri idi. Ağabacı Rzayeva mahnılar, romanslarla yanaşı, çox gözəl instrumental əsərlər də yazıb”.

   Yubiley gecəsində digər çıxış edənlər Ağabacı Rzayevanın sənəti, şəxsiyyəti barədə xatirələr danışdılar, bəstəkarı səmimi və kövrək hislərlə yad etdilər. Bəstəkarın mahnıları, romansları səsləndirildi, həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olundu.

  

   Təranə

 

  Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 7.