Ulu öndərə sənət və sənətkar ehtiramı

 

   Heydər Əliyevə həsr edilən musiqi əsərləri zamanın bədii sifarişi, tariximizin bədii həqiqətləridir

  

   Ümummilli lider Heydər Əliyev siyasi və dövlətçilik fəaliyyətinin bütün dövrlərində mədəniyyət xadimlərimizə, o cümlədən musiqiçilərə xüsusi diqqət və qayğı ilə yanaşmış, musiqi sənətinin inkişafına xidmət edən mühüm qərarlara imza atmışdır.

  

   Onun sənət adamlarının yubileylərinə dair sərəncamları, onlara ünvanladığı təbrik məktubları və səmimi ürək sözləri sənətkar əməyinə, peşəkar musiqiçi xidmətinə verdiyi böyük qiymətin, bəslədiyi ehtiramın əyani sübutudur. Heydər Əliyevin cəmiyyətdə, o cümlədən musiqi ictimaiyyətində “mədəniyyətimizin hamisikimi yüksək ad qazanması ulu öndərin bu diqqət və qayğısına verilən ən doğru qiymətdir. Azərbaycan sənətçisi Heydər Əliyevin simasında musiqi incəsənətinin arxasında böyük və qüdrətli bir himayədarın, böyük dostun varlığını həmişə hiss etmişbu, sənətkarı yaradıcı kimi də, vətəndaş kimi də qürurlandırmış, ona ilham vermişdir.

   Şübhə yoxdur ki, sənətkarlar öz mövzu seçimlərində, xüsusilə tarixi şəxsiyyət obrazlarına müraciətlərində hər zaman müstəqil olurlar. Heydər Əliyevə həsr edilən çoxlu sayda musiqi əsərləri də məhz belə azad sənətkar seçiminin bədii məhsulu kimi meydana gəlmişdir. Bu musiqi əsərləri böyük rəhbərə, onun mədəniyət qarşısındakı tarixi xidmətlərinə, müstəqil dövlət quruculuğundakı siyasi fəaliyyətinə, vətən üçün yaratdıqlarına musiqi-bədii ifadə vasitələri ilə sərgilənən səmimi sənətkar hörməti, sevgisi və etirafıdır. Bu gerçəklikdən çıxış edərək, Heydər Əliyevə həsr olunan musiqi əsərlərinə zamanın bədii sifarişi, tariximizin bədii həqiqətləri kimi yanaşırıq.

   Dahi liderə musiqinin, demək olar ki, əksər janrlarında əsərlər həsr olunmuşdur: simfonik əsərlər, kamera-instrumental əsərlər, xor əsərləri, mahnı və romanslar, instrumental əsərlər.

   Bu əsərləri mövzu baxımından bir neçə istiqamətə bölmək olar: ulu öndərə həsr olunmuş irihəcmli bioqrafik əsərlər; Heydər Əliyevin şəxsiyyətinə və böyük humanistliyinə həsr olunan fəlsəfi əsərlər; Vətəni, müstəqilliyi, qələbələri, nailiyyətləri vəsf edən və böyük rəhbərə ithaf olunan əsərlər; Heydər Əliyev haqqında xatirə (memorial) əsərləri.

   Ümummilli liderə həsr olunmuş irihəcmli simfonik əsərlərdən bəzilərini təqdim edək: Cövdət Hacıyevin “Onu zaman seçib” simfoniyası və “Ulu öndər” simfonik poeması, Musa Mirzəyevin “Azadlığın baharı” kantatası, Vasif Adıgözəlovun “Odlar yurdu” kantatası, Arif Məlikovun “Əbədiyyət” simfoniyası, Tofiq Bakıxanovun “Sən həmişə bizimləsən” simfonik poeması, Oqtay Rəcəbovun simfonik orkestr ilə xor üçün “Heydər Ata” oratoriyası, Vasif AllahverdiyevinÖmür yolusimfonik poeması, İdris Mirzəyevin “Üç dənizin əfsanəsi” simfoniyası...

   Tarixi şəxsiyyət, zəmanəmizin qüdrətli siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olunan bu monumental əsərlər öz məzmununa, ideyasına, yüksək professional bədii səviyyəsinə görə müasir simfonikxor musiqisinin dəyərli nümunələridirlər. Bu əsərlərdə Heydər Əliyevin mənalı həyat yolu, onun milli inkişaf, müstəqil dövlətçilik, sabitlik uğrunda mübarizəsi, vətənə və xalqa sönməz sevgisi, millətə məhəbbətlə döyünən qəlbi, möhtəşəm tarixi şəxsiyyət kimi obrazı, Heydər Əliyevin siyasi portreti, ulu öndərə sənətkar sevgisi müxtəlif janrlarda musiqi-bədii ifadə vasitələri ilə canlandırılmış, musiqinin zəngin bədii forması, diliüslubu ilə ictimaiyyətə bəyan olunmuşdur. Onların məzmununda sənətkar mövqeyinin, münasibətinin səmimiyyəti, sənətkar ehtiramı aydın duyulur.

   Nəriman Məmmədovun “Müstəqil vətənim”, “Sənsən xilaskarımız”, “Yeni Azərbaycan”, “Ellər oğlu”, Ramiz Mirişlinin “Məşəl kimi yanan ürək”, Eldar Mansurovun “Heydərnamə”, Faiq Sücəddinovun “Azərbaycan”, Azər DadaşovunMir millət, iki dövlət”, “Yeni Azərbaycan marşı”, İlham AbdullayevinHeydər Ata”, “Həqiqət yolu”, “Cənab Prezident”, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında Oda”, “Ordumuz”, “91-lər marşı”, Həsənağa Qurbanovun “Dahilər dühası”, gənc bəstəkarlardan Nailə Mirməmmədlinin “Azərbaycan - möhtəşəm diyar”, “Azərbaycan səs salacaq”, “Azərbaycan bayrağı”, Hikmət Mirməmmədlinin “Ey, ana Vətən”, “Ana yurdum Azərbaycan”, “Gənc heydərçilər marşı”, Lalə Cəfərovanın “Bakı-Ceyhan”, “Zəfər marşı”, İsa Məlikovun “Doğma Azərbaycan” və digər bəstəkarlarımızın onlarla gözəl, səmimi mahnısı elə ilk ifadan dinləyicilər tərəfindən rəğbətlə qarşılanmış, Azərbaycan mahnısını yeni vətənpərvərlik mövzusu ilə - Heydər Əliyev obrazı, Azərbaycan-Heydər Əliyev ayrılmazlığı, Heydər Əliyevə ümumxalq sevgisi ilə zənginləşdirmişlər.

   Maraqlıdır ki, həvəskar bəstəkarların da yazdıqları mahnılar milyonların qəlbində özünə sevgi və rəğbət qazana bilmişdir. Bunun səbəbi isə gerçək olduğu qədər də sadədir: aydın duyulan səmimilik və dahi rəhbərə müəllif məhəbbətinin ümumxalq sevgisi ilə qaynayıb-qarışması. Nümunə olaraq Kamalın “Xalq Heydər söyləyəcək”, “Mənim babam” (sözləri Leyla Əliyevanındır), Yaşar Həşimovun “Yaşa, Prezidentim, yaşa!”, Xanım İsmayılqızının “Dahi”, Niyaməddin MusayevinQurtuluş”, Hüseyn Hüseynovun “Azərbaycan”, Tünzalə Ağayevanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, Abbas Vəliyevin “Zəfər mahnısı”, Namiq Nəbiyevin “Azadlıq bayrağı” mahnılarını misal göstərə bilərik.

   Heydər Əliyevin vəfatı Azərbaycan bəstəkarlarının yaxın dostunun, Azərbaycan musiqisinin himayədarının itkisi kimi professional musiqiçiləri də dərindən kədərləndirdi. Bu ağır itkinin sənətkar yaşantıları ümummilli liderin xatirəsinə musiqi əsərlərinin yazılmasına səbəb oldu. İlk növbədə, Fərhad Bədəlbəylinin “Elegiya”, Firəngiz Əlizadənin “İthaf”, Faiq Sücəddinovun “Elegiya” pyeslərini, FidanXuraman Qasımovaların “Liderə ithaf”, Arif MərzəyevinDahi Prezidentə xatirə duaları”, Vasif Allahverdiyevin “Sənsizlik” və başqa nümunələri qeyd etmək olar. Bu əsərlər yaxın dostunun, mədəniyyət himayədarının itkisindən təsirlənən professional sənətkarların Heydər Əliyev haqqında xatirələrini, fəlsəfi düşüncələrini, elegiyalı yaşantılarını, işıqlı və müqəddəs kədəri ifadə edirlər.

  

   Ariz Abduləliyev,

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti,

   böyük elmi işçi

 

  Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 7.