Mstislav Rostropoviç Festivalı başa çatdı

 

   Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 3-dən 9-dək Bakıda keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı başa çatdı.

  

   Dekabrın 9-da Heydər Əliyev Sarayında festivalın təntənəli bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq musiqi bayramının ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğuladı: “Ümummilli liderimizin adını daşıyan sarayda onun dostu, böyük musiqiçiyə həsr edilmiş festivalın yekun gününün keçirilməsi sevindirici haldır”.

   Əbülfəs Qarayev festivalın keçirilməsinə göstərilən böyük dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

   Festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç də Bakıda belə möhtəşəm tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə, habelə festival iştirakçılarına minnətdarlığını ifadə etdi.

   Sonra dünya şöhrətli dirijor Zubin Metanın rəhbərliyi ilə İtaliyanın “Maggio Musicale Fiorentinosimfonik orkestrinin konsert proqramı təqdim olundu. Konsertdə C.Verdi, N.Rimski-Korsakov və A.Dvorjakın əsərləri səsləndirildi.

 

Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 5.