“Festivalda
iştirakdan necə məmnun olduğumu ifadə etmək çətindir”
Qeyd edək ki, dirijor Zubin
Metanın rəhbərlik etdiyi “Maggio Musicale Fiorentino” simfonik orkestri dekabrın 8-də də Heydər
Əliyev Sarayında konsert proqramı ilə
çıxış etdi. Klassik
musiqi həvəskarlarına F.Şubert, P.Xindemit, L.Bethovenin əsərləri təqdim edildi.
Konsertdən öncə festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç, dirijor Zubin Meta, “Maggio Musicale Fiorentino”nun bədii rəhbəri Françeska Kolombo və Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın iştirakı ilə jurnalistlər üçün mətbuat konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan Fərəh Əliyeva dünyanın tanınmış ifaçı və kollektivlərinin iştirak etdiyi festivalın uğurla keçdiyini bildirdi. Sonra o, sözü festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviçə verdi.
Xanım Rostropoviç festivalın artıq ənənə halını aldığını vurğuladı: “Festivalın Bakıda keçirilməsi bu şəhərdə doğulmuş və onu dərin məhəbbətlə sevmiş maestronun öz xahişi ilə bağlıdır. Bakı sakinləri dahi həmyerliləri ilə fəxr edir və onun xatirəsini əziz tuturlar”.
Françeska Kolombo festivalda iştiraklarından məmnun olduğunu dilə gətirdi və “Maggio Musicale Fiorentino” orkestrinin fəaliyyətindən danışdı: “Maestro Zubin artıq 25 ildir ki, “Maggio Musicale Fiorentino” orkestri ilə birgə işləyir, kollektivimizin direktorudur. Biz opera teatrında fəaliyyət göstəririk. Hər il aprelin sonu - mayın əvvəlində İtaliyada festival keçiririk və dünyanın bir çox musiqiçiləri həmin tədbirdə iştirak edirlər. Ümidvarıq ki, buradakı konsertlər də maraqla qarşılanacaq və əməkdaşlığımız gələcəkdə də davam edəcək”.
Dirijor Zubin Meta böyük musiqiçi Mstislav Rostropoviçlə yaxın dost olduqlarını və onun adını daşıyan festivalda iştirakdan şərəf duyduğunu bildirdi: “İlk dəfə onunla 1963-cü ildə Los-Ancelesdə birgə çıxış etmişik. Bir çox konsertlərimiz olub. Mənə bu festivalda iştirakdan necə məmnun olduğumu ifadə etmək çətindir. İki il öncə də burada gözəl auditoriya qarşısında çıxış etmişdik. Budəfəki konsertlərdə də geniş proqramla çıxış edəcəyik”.
Maestro Zubin jurnalistlərin suallarına cavab olaraq Rostropoviçin dirijor kimi fəaliyyətindən də danışdı: “Slava böyük musiqi, istedadlı violençel ifaçısı olmaqla yanaşı, çox təcrübəli dirijor idi. Rəhbərlik etdiyi kollektivlə nə qədər ölkələrdə qastrolda olmuşdu. O mənim həyatda tanıdığım ən böyük, nadir musiqiçi idi. Bir dəfə Vyana Filarmoniyasında orkestrə dirijorluq edirdi. Şostakoviçin 8-ci simfoniyasını ifa etməli idilər. Orkestr bu əsəri ilk dəfə ifa edəcəkdi. Rostropoviç orkestri elə idarə etdi ki, sanki kollektiv uzun illər bu əsəri ifa etmişdi”.
Zubin Meta ailəsi, təhsili və Bombey Simfonik Orkestrinin yaradıcısı olan atası ilə bağlı jurnalistlərin suallarını da cavablandırdı. Klassik musiqiyə münasibətin dəyişməsi barədə fikirlərlə razılaşmayan dirijor belə söylədi: “Klassik musiqiyə münasibətin dəyişməsi və ya marağın azalmasının nəsillərlə bağlı olduğunu deyə bilmərəm. Hər şey proqramdan asılıdır. Biz gənc nəsli müxtəlif, rəngarəng proqramlarla maraqlandırmalıyıq”.
Mətbuat konfransında yerli media mənsubları ilə yanaşı, xarici jurnalistlər, o cümlədən “Euronews” telekanalının əməkdaşları iştirak edirdi.
Aliyə
Mədəniyyət.-
2012.- 12 dekabr.- S. 5.