Muğama bənzər ömür
Əhməd Bakıxanov - 120
Unudulmaz tarzən, müəllim, bəstəkar və tədqiqatçı Əhməd Bakıxanovun yubiley gecəsi xoş anlarla yadda qaldı
Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində məşhur tarzən,
pedaqoq, musiqi xadimi, Əməkdar müəllim və Xalq artisti Əhməd
Bakıxanovun 120 illik yubileyi
qeyd olundu. Tədbir
iştirakçıları əvvəlcə sənətkarın
həyat və yaradıcılığını əks etdirən
fotosərgi ilə tanış oldular.
Gecənin
aparıcısı Dövlət Opera və
Balet Teatrının baş
rejissoru, Əməkdar incəsənət
xadimi Hafiz Quliyev Azərbaycan musiqi mədəniyyətində
müstəsna xidmətləri olan Əhməd
Bakıxanovun həyat və sənət yolu
barədə iştirakçılara ətraflı məlumat verdi. Qeyd olundu ki, Əhməd Bakıxanov 1892-ci il sentyabrın 5-də
anadan olub. Uzun illər Azərbaycanın
Dövlət Konservatoriyasında
dərs deyib. Azərbaycan radiosu və televiziyasının xalq çalğı alətləri
ansamblının təşkilatçısı
və rəhbəri
(1941-1973) olub. Ansamblın
tərkibinə bas tar, saz,
ud, kanon, qoşa-nağara, həmçinin
qaboy və fortepiano daxil edib. "Azərbaycan xalq rəngləri", "Azərbaycan
ritmik muğamları",
"Muğam, mahnı,
rəng" əsərlərinin
müəllifidir. Əhməd
Bakıxanov "Bayatı-Şiraz",
"Şur", "Rast",
"Çahargah", "Humayun" və s. muğamlarımızın bənzərsiz
ifaçısı idi.
“Əhməd Bakıxanov musiqiçi, bəstəkar deyil, müəllim kimi fəaliyyət göstərsəydi,
yenə tarixdə qalardı” - deyən Hafiz Quliyev sənətkarı mahir muğam bilicisi kimi də
yad etdi.
Xalq artisti Əlibaba Məmmədov çıxış
edərək Əhməd
Bakıxanovla bağlı
xatirələrini dilə
gətirdi: “Əhməd
Bakıxanov Azərbaycan
xalqının musiqisi,
muğamı üçün
çox böyük işlər görüb.
O dövrün xanəndələrinin
boynunda onun çox böyük haqqı var. Onlardan biri də mənəm.
Əhməd Bakıxanov həm
də gözəl bəstəkar idi. O olmasaydı, bu gün musiqimizdə bir çox rənglər, dəramədlər
olmayacaqdı”.
Akademik Vasim Məmmədəliyev
çıxış edərək
böyük istedad, böyük zəka sahibi Əhməd Bakıxanovun yaradıcılığını
yüksək qiymətləndirdi:
“Xan nəslindən, zadəgan nəslindən olan Əhməd Bakıxanov Şərq muğamının mükəmməl
bilicisi idi. Çünki o, mükəmməl təhsil almışdı,
Şərq ədəbiyyatını
bilirdi. Onun ən böyük
xidmətlərindən biri
xalq çalğı
alətləri ansamblının
yaradılması idi”.
Xalq artistləri Teymur
Mustafayev, Mələkxanım
Əyyubova, əməkdar
artistlər Gülüstan
Əliyeva, Səbuhi İbayev, gənc xanəndə Səbinə
Ərəblinin çıxışları
gecəyə xüsusi
rəng qatdı.
Xalq artisti Arif Babayevin
çıxışı isə
möhtəşəmliyi ilə
yadda qaldı.
Əhməd Bakıxanovun oğlu, Xalq artisti, professor
Tofiq Bakıxanovun atasına ithaf etdiyi kompozisiyanı Əməkdar artist, virtuoz
qarmon ifaçısı
Zakir Mirzəyev səsləndirdi.
A.Zeynallı adına Bakı
Musiqi Kollecinin direktoru Nazim Kazımov çıxış
edərək bildirdi ki, ənənəvi olaraq Əhməd Bakıxanovun yubileylərində
gənc tarzənlərin
müsabiqəsi keçirilir.
Sənətkarın 120 illik yubileyi
münasibətilə keçirilən
builki müsabiqədə
IV kurs tələbəsi
Səxavət Məmmədov
birinci yerə layiq görülüb.
Gecədə qalibə diplom
təqdim olundu.
20 il əvvəl
Əhməd Bakıxanovun
100 illiyində tar müsabiqəsinin
qalibi olmuş Ələkbər Ələkbərovun
solo ifası ilə gecə davam etdi.
Yubiley mərasimində Xalq artisti, tarzən Möhlət Müslümovun rəhbərlik etdiyi Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı mükəmməl ifaları ilə böyük insanın ruhunu şad etdi.
Jurnalist-publisist İttifaq Mirzəbəyli çıxış edərək sənətkarın 120 illiyi münasibətilə yenicə çapdan çıxan “Əhməd Bakıxanov xatirələrdə” kitabı barədə iştirakçılara məlumat verdi. Kitabda tanınmış sənət adamlarının Əhməd Bakıxanov haqqında dəyərli xatirələri, tədqiqatları, o cümlədən məqalələri yer alıb.
Sonda Əhməd Bakıxanovun oğlu Tofiq Bakıxanov çıxış edərək gecənin təşkilatçılarına, iştirakçılarına öz təşəkkürünü bildirdi: “Atalar deyib ki, əsl sənətkar odur ki, özündən sonra iz qoyub getsin. Belə sənətkarlardan biri də Əhməd Bakıxanovdur. Bu gün də onun gözəl davamçıları var”.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 12 dekabr.- S. 5.