Azərbaycan tar sənəti bəşəriyyətin mədəni irs xəzinəsində

 

   Xəbər verdiyimiz kimi, 3-7 dekabr tarixlərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.

  

   Dekabrın 11-də Beynəlxalq Muğam Mərkəzində bu əlamətdar hadisə ilə bağlı mərasim keçirildi. Tədbirdə əvvəlcə tar alətinin tarixindən, tar ifaçılıq sənətindən bəhs edən sənədli film nümayiş olundu.

   Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək musiqi alətlərimizin tacı olan tarın bəşəriyyət tərəfindən məhz Azərbaycanın milli musiqi aləti kimi tanınması münasibətilə xalqımızı, bu uğurda əməyi, zəhməti olan insanları təbrik etdi. Tar yalnız tarixin bir əmanəti deyil, o qədim dövrlərdən bu günə kimi daima yeniləşib, təkmilləşib, bizim xalqımızla birlikdə inkişaf edib” - deyən nazir bu gün simfonik orkestrlərdə qədim musiqi alətimiz olan tarın xüsusi yeri olduğunu vurğuladı.

   Nazir hər bir nailiyyətin arxasında böyük zəhmətin dayandığını qeyd edərək ilk növbədə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirdi və mədəniyyətimiz üçün bu əlamətdar hadisə münasibətilə Prezidentin təbriklərini mərasim iştirakçılarına çatdırdı. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildirən nazir Azərbaycan muğamı, aşıq və xalça sənətimizdən sonra tar ifaçılıq sənətinin də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində onun müstəsna xidmətləri olduğunu qeyd etdi.

   Nazir sənətşünaslıq namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırovaya, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru, qədim musiqi alətləri ansamblının rəhbəri Məcnun Kərimova, eləcə də tar ifaçılıq sənətində fədakarlıq göstərən, bu sənəti layiqincə təbliğ edən sənətkarlara öz təşəkkürünü bildirərək bu böyük qələbədə hər bir tar ifaçısının payı olduğunu dedi: “Tar bizim sərvətimizdir və daim xalqımızla birgə yaşayacaq”.

   Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək tarixi hadisə münasibətilə hər kəsi təbrik etdi. Ümidvar olduğunu bilirdi ki, belə bir bayram tezliklə digər musiqi alətlərimizə şamil olunacaq. S.Kərimi son illər Azərbaycan mədəniyyətinə, mətbəxinə, rəqslərinə başqa millətlər tərəfindən iddialar olduğunu qeyd edərək belə bir şəraitdə əldə edilən nəticənin önəmini vurğuladı: “Bu nəticənin əldə olunmasında, əlbəttə ki, ilk növbədə Heydər Əliyev Fonduna, onun prezidenti, hörmətli Mehriban xanıma və bu işdə zəhməti olan bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan tarı həmişə Azərbaycan mədəniyyətinin şah aləti olub, bundan sonra da dünyanın bütün səhnələrində gözəl səsi ilə hər kəsi valeh edəcək”.

   Mərasimdə məşhur tarzən, Xalq artisti, professor Ramiz Quliyev tarzənlər ordusu adından çıxış edərək sevincini iştirakçılarla bölüşdü: “Azərbaycanın ulu tarı, qədim tarı öz haqqını aldı, bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salındı. Bu, Azərbaycan sənət dünyasının, Azərbaycan mədəniyyətinin qələbəsidir. Bu münasibətlə mən qədirbilən, sənətsevər xalqımızı, Azərbaycan dövlətini təbrik edirəm. Ötən yüzillikdə tarımıza qarşı dəfələrlə hücumlar edilib. 30-cu illərdə “Oxuma tar, oxuma tar” deyənlərin nə qədər yanlış yolda olduqları bəlli oldu. O ağır illərdə Mikayıl Müşfiq öz şeiri ilə Azərbaycan tarının səsini xilas etdi, o vaxt dahi Üzeyir bəyin musiqiləri tarı yaşatdı. Bu gün Müşfiqlərin, Üzeyir bəylərin ruhu şad oldu. Mirzə Sadıq Əsəd oğlunun, ondan əvvəl yaşamış, ondan sonra gələn, dünyasını dəyişmiş bütün tarzənlərimizin ruhları şad oldu. Bu gün yaşayıb-yaradan tarzənlərimiz çox böyük sevinc içərisindədirlər. Mən bir tarzən olaraq Azərbaycan tarının dünya musiqi alətləri ailəsinə qovuşması, orda möhtəşəm səslənməsi ilə fəxr edirəm”.

   Mərasimdə tar ifaçılarının iştirakı ilə konsert proqramı təqdim edildi.

  

   Təranə Vahid

 

  Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 4.