Milli Kitabxanada Məhsəti Gəncəvinin 900 illiyi ilə bağlı tədbir

 

   Dekabrın 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında klassik poeziyamızın parlaq nümayəndəsi, məşhur şairə Məhsəti Gəncəvinin anadan olmasının 900 illiyinə həsr edilmiş tədbir keçirildi.

 

    Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov Məhsəti Gəncəvinin Azərbaycan poetik fikrindəki bənzərsiz yerindən, zəngin yaradıcılığından danışdı. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev görkəmli şəxsiyyətlərin zəngin irsinin təbliğinə dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğuladı: “Bu baxımdan 2012-ci ili “Ədəbiyyat ilikimi də qiymətləndirmək olar. Çünki bir çox ədiblərimizin - N.Gəncəvi, M.F.Axundzadə, X.Natəvan, M.Ə.Sabir, M.S.Ordubadi, H.Cavid, Ə.Cavad, M.Dilbazi, X.R.Ulutürk və başqalarının yubileyləri məhz bu ildə qeyd olundu”.

   Vaqif Əliyev bildirdi ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində dünyaya göz açmış Məhsəti, müasiri dahi Nizami kimi, mükəmməl təhsil almış, poeziya, fəlsəfə, musiqi, şahmatbaşqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geridə qalmamışdır. Onun müxtəlif qaynaqlardan toplanmış rübailəri orta əsrlər Azərbaycan renessansının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutur: “Onun əsərləri indi də sevilə-sevilə oxunur, həyata, insana məhəbbət oyadır. O, dövrünün tanınmış istedadlı xanım şairəsi olmaqla yanaşı, mütərəqqi ideyaları ilə seçilib. M.Gəncəvi yaradıcılığına təkcə Azərbaycan xalqı yox, bütün bəşəriyyət önəm verir. O həm də azad qadın simvoludur, çünki azad şəkildə xurafata, mühafizəkarlığa qarşı öz sözünü deyib. Zəngin sənət inciləri yaradıb. Biz fəxr edirik ki, belə şairələrimiz var”.

   Qeyd olundu ki, Məhsəti Gəncəvinin 900 illik yubileyinin UNESCO-nun xətti ilə beynəlxalq səviyyədə qeyd edilməsi qərara alınıb. Gələn il həmçinin Azərbaycanın müxtəlif mədəniyyət, ədəbiyyat müəssisələrində şairənin yubiley tədbirləri keçiriləcək.

   Xalq şairi Fikrət Qoca, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Sənan İbrahimov və başqaları Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verdilər. Sonra unudulmaz şairənin poeziyasından nümunələr söylənildi və sözlərinə bəstələnmiş mahnılar ifa olundu.

   Tədbirin yekununda iştirakçılar kitabxananın foyesində Məhsəti Gəncəvi yaradıcılığından bəhs edən elmi və bədii əsərlərdən ibarət sərgi ilə tanış oldular.

  

   Ceyhun

 

   Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 4.