“Rəssamlar rəssamlar
haqqında”
Dekabrın 11-də “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində “Qız qalası” Rəsm Qalereyasında “Artfaktor” şirkətinin “Rəssamlar rəssamlar haqqında” adlı layihəsinin təqdimatı oldu. Sərgidə azərbaycanlı fotoqrafların əsərləri nümayiş olunurdu.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan paytaxtında mütəmadi olaraq möhtəşəm mədəniyyət tədbirlərinin, sərgilərin keçirildiyini bildirdi: “Beynəlxalq Müasir İncəsənət Biennalesi də belə maraqlı sərgilərin davamıdır. İnanıram ki, həm bugünkü sərgi, həm də biennale çərçivəsində baş tutacaq digər sərgilər sizdə böyük marağa səbəb olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram".
“Qız qalası” qalereyasının direktoru, Əməkdar incəsənət xadimi Emin Məmmədov, layihənin kuratoru Asiyat Fətullayeva, Azərbaycan Fotoqrafçılar İttifaqının sədri Rafiq Qəmbərov layihənin önəmindən danışdılar, təşkilatçılara minnətdarlıqlarını bildirdilər.
Qeyd olundu ki, sərginin ekspozisiyasına son yarım əsrdə Azərbaycanın ən məşhur təsviri sənət xadimlərinin ölkəmizin tanınmış və gənc fotoqrafları tərəfindən çəkilmiş 30-dan artıq fotoportreti daxil edilib. Layihənin məqsədi XX-XXI əsr Azərbaycan incəsənətində zamanların, nəsillərin əlaqəsini göstərməkdir. Sərgiyə Azərbaycan incəsənətinin inkişafında böyük əməyi olan rəssamların portretləri qalereyası da demək olar. Vurğulandı ki, layihənin əhəmiyyətini artıran faktlardan biri də onun Azərbaycan təsviri incəsənət tarixində bu qəbildən olan ilk retrospektiv sərgi olmasıdır.
Sonra iştirakçılar sərgi ilə tanış oldular.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 12 dekabr.- S. 3.